Nikolun mələkləri
Siyasət

Nikolun mələkləri

Nikol Paşinyan nə vaxt sülhdən danışırsa, ardınca ağılsız bir addım atır. Baş nazirin Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi fikirlər, Azərbaycana qarşı ittihamları bu ölkənin sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi. Azərbaycana qarşı iddialarından əl çəkmədiyi bir vaxtda özünü sülhsevər, demokratik, beynəlxalq hüquqa hörmət edən ölkə kimi təqdim edən Ermənistanın bu hərəkəti qəbuledilməzdir. 30 il ərzində bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan, onlara  qarşı soyqırımı və kütləvi qırğınlar törədən Ermənistanın Azərbaycanı könüllü olaraq tərk etmiş yerli ermənilərin "etnik təmizləməsi"ndə ittiham etməsi regiona səfər edən, eləcə də Ermənistanda aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil edir.

Nikol Paşinyanın təzadlı çıxışlarının müxtəlif səbəbləri var. Onlardan biri də bəzi Qərb dövlətlərinin Ermənistana havadarlıq etməsidir. Belə bir cizgi filmi var. Filmin personajı nə vaxt ağıllı bir qərar qəbul etmək istəsə hardansa "mələklər" gəlib onun çiyninə oturur, onu şeytani hisslərlə doldururlar. Elə Paşinyanın düşdüyü vəziyyət də bunu xatırladır. Son dövrlər belə "mələk" simasında gələnlər onu düzgün qərar verməyə qoymurlar. Onu da qeyd edək ki, Paşinyanı feyziyab edən belə "mələklərin" sayı çoxdur. Onlardan biri elə Nikolun həyat yoldaşı Annadır. Hələ müharibə vaxtı ərinə dəstək olmaq üçün qadınlardan ibarət batalyon yaradıb onları silahlandıran, cəbhəyə döyüşə hazırlayan Anna hətta başına çadra salıb ərinə dost axtarışına da çıxmışdı. Məğlubiyyətdən sonra Nikolu ittiham edənlərə isə "etiraf edin ki, qorxaqsınız, döyüş meydanından qaçmısınız", - deyə mesaj da göndərmişdi.

ABŞ qüdrətli və dünyanın əsas aparıcı güclü dövləti sayılır. Ancaq baş verənlər bu gücün təmsilçilərinin heç də həmişə ədalətin və haqqın yanında olmadığını təsdiqləyir. Onlardan biri də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosidir. 82 yaşlı siyasətçinin ermənilərə olan sevgisinin əsasında anti-Türkiyə mövqeyi dayanır. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycanla Ermənistan arasında gərginliyin olduğu bir vaxtda İrəvana səfərini yəqin ki, xatırlayırsınız. Separatçılığı dəstəkləyən Pelosinin İrəvanda demokratiyadan və insan hüquqlarından söz açması da sual doğurmuşdu. Nensi Pelosi sərhəd toqquşmalarında Azərbaycanı günahlandırıb, onu Ermənistan ərazisinə "qanunsuz hücum"da ittiham edib. Bununla sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərib. Ermənistanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, Ermənistanın 30 illik  işğalı dövründə niyə səsini çıxarmadı, Azərbaycana səfər etmədi, bu xanımın Ermənistanda axıtdığı timsah göz yaşları bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribat idi. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane törədir.

Hayların Avropa Birliyindən kənar "ögey bacı"sı Kanada xarici işlər naziri Melani Coli Ermənistana səfərində bilib-bilmədiyini danışaraq erməniləri müdafiə etdi, canfəşanlıq göstərdi. Nazir hətta döyüş bölgəsinə gedib, binoklla ərazilərimizə boylanmış, Azərbaycanın ünvanına məsuliyyətsiz bəyanatlar, hədələr səsləndirmiş, Qarabağdan könüllü köçən ermənilərlə görüşüb onların halına ağlamışdı.

Fransa xarici işlər naziri Ketrin Kolonna oktyabrın ilk həftəsində Ermənistana səfər etdikdən sonra estafeti alman bacısı, Almaniya xarici işlər naziri Annalena Berboka ötürdü. Berbok kimisinin Avropanın nəhəng dövlətlərindən biri olan Almaniyanın diplomatı olması əslində acınacaqlı haldır. Bakıdan öncə İrəvanda səfərdə olub Qarabağdan köçən ermənilərlə görüşdü, özünü həlak elədi, cəfəng fikirlərini söylədi. "Yanlar" qulağını o qədər doldurmuşdu ki, dediklərindən bəzən Qarabağdan gedən ermənilər də çaşqın hala düşürdülər, axı, ən azı onlar bilirlər nə "genosid" olub, nə "qovulmaq", nə "blokada". Almaniya XİN başçısı Bakıdakı açıqlamalarını da yalan üzərində qurdu.

Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer son iki ayda Qarabağı "100 mindən çox sakinin tərk etdiyini" iddia edərək yazıb: "ABŞ Dağlıq Qarabağın etnik ermənilərini dəstəkləməyə davam edəcək". S.Pauer beynəlxalq hüquq və münasibətlərdən məlumatsız deyil. Bu baxımdan, Azərbaycan ərazisinin adını təhrif etməklə beynəlxalq normaları pozub. O, Qarabağ bölgəsini könüllü olaraq tərk etmiş erməni sakinlərin vəziyyətini də dramatikləşdirib. Agentlik direktoru rəsmi Bakının həmin sakinlərə Azərbaycana inteqrasiya ilə bağlı açıqlamalarını heç yada da salmayıb. O, erməni sakinlərə Vaşinqtonun 4 milyon dollar əlavə yardım etdiyini bildirib. S.Pauerin sözlərinə görə, ABŞ 2020-ci ildən indiyədək erməni sakinlərə 28 milyon dollar humanitar yardım ayırıb. Bu ilin sentyabrında Bakıda səfərdə olan USAID rəhbəri Ermənistandan silah və güc yolu ilə qovulmuş 300 minə yaxın Qərbi azərbaycanlının heç biri ilə görüşməyib. USAID 35 ildə onlara bir sent yardım etmədiyi halda bu gün könüllü olaraq Azərbaycanı tərk etmiş erməni sakinlərin halına acıyır. S.Pauerin Ermənistanın, ermənilərin çaldığı havaya oynadığı da aydın görünür. Belə ki, humanizm prinsipini erməni təəssübkeşliyinə qurban verib. O, Bakıya səfəri zamanı Ermənistanda istehsal olunan və ermənilər tərəfindən basdırılan minaların qurbanları ilə bağlı məsələyə də diqqət yetirmək istəməyib.

Bütün bunlar belə deməyə əsas verir ki, ümumavropa siyasətinin cılızlaşması baş verir. Ədalət hissi çatışmayan, xalqların, ölkələrin fəlakətləri üzərində xoşbəxtlik taxtını qurmağa çalışan siyasətbazların Qafqaz bölgəsində də sülh və əmin-amanlıq qurmaq niyyətindən çoxdan vaz keçdiyi faktdır. Bu gün Ermənistan rəzil gündədir. Adətən "mələklərin" də belə vəziyyətlərdə gəldiyini hamımız bilirik. Deməli, Nikol Paşinyanın "mələklərinin" sayı bir az da artacaq.

Mustafa KAMAL,

"Respublika".