Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanışlıq
Digər xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanışlıq

Azərbaycanda rəsmi səfərdə olan Albaniya Prezidenti Bayram Beqay və xanımı Armanda Beqay iyulun 7-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında məlumat verilib.

Bildirilib ki, Mərkəz Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dahi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə 2012-ci ildə Gəncədə keçirilən xüsusi toplantıda təsis edilib. Azərbaycan Prezidentinin dəstəyi ilə fəaliyyətini genişləndirən Mərkəz müxtəlif ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri bir araya gətirib.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2013-cü ildən etibarən paytaxtımızda keçirilən və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. Mərkəzin əsas məqsədi dünyada sülhün, dinc birgəyaşayışın, ədalətin bərqərar olunmasına töhfə verməkdir.

Mərkəzdə qonaqlara xatirə olaraq xalça, həmçinin cari ilin mart ayında Bayram Beqayın da iştirak etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev 100: Həyatı və İrsi" mövzusunda keçirilən konfransın materiallarının yer aldığı jurnal və albom hədiyyə edilib.