Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış böyük sənətkarın parlaq irsi xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.
Dahi şairin yaradıcılığının gənclər arasında geniş təbliğ edilməsi, vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, istedadlı və yaradıcı gənclərin stimullaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi tərəfindən “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda onlayn esse müsabiqəsi keçirilib.
Müsabiqəyə 101 nəfər gəncin təqdim etdiyi esselər qiymətləndirilib. Qaliblər və fərqlənənlər müəyyən edilib. İlk onluğa layiq görülənlər arasından I, II və III yerlərin qalibləri və 7 nəfər fərqlənənlər seçilib.
Fərqlənənlər arasında Astara Pedaqoji Kollecin psixoloqu Şəbnəm Hüseynova da vardır. Şəbnəm Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Həm məzunu olduğu 100 yaşlı təhsil ocağının, həm də işlədiyi Astara Pedaqoji Kollecin adını yüksək tutaraq yeni bir uğura imza atıb.
Gənclər və İdman Nazirliyində keçirilən mükafatlandırma mərasimində nazir müavini İntiqam Babayev layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib, Nizami Gəncəvi yaradıcılığına müraciət edən gənclərin hər birinə fəal iştiraklarına görə təşəkkürünü bildirib. Mərasimdə astaralı gənc müəllim Şəbnəm Hüseynovaya Fəxri Fərman və mükafat təqdim olunub.
Əlisəfa HƏSƏNOV,
“Respublika”.