Ölkəmiz bərpaolunan enerjinin istehsalçısı və ixracatçısına çevrilir
İQTİSADİYYAT

Ölkəmiz bərpaolunan enerjinin istehsalçısı və ixracatçısına çevrilir

"...Azərbaycan Avropaya əhəmiyyətli qaz tədarükçüsünə çevrilmişdir və Avropa Komissiyasının Prezidenti Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Avropa İttifaqının enerji komissarı Azərbaycanı pan Avropa qaz tədarükçüsü adlandırır. Bizim sözsüz ki, Avropaya qaz tədarükümüzün coğrafiyası genişlənir və ümidvaram ki, ilin sonuna qədər əlavə iki Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevriləcək". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib.

2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsidir. Ölkəmizin resursları, qarşılıqlı siyasi iradə, yüksək etimad Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağa əsas verir. 2022-ci ilin oktyabrında enerji sektorunda növbəti uğurlu addım atıldı. Belə ki, Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılışı oldu. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Reallıqlar göstərir ki, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Həmin ilin dekabrında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında roluna işıq salan daha bir mühüm sənəd imzalandı. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş"in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirildi. İclasda çıxış edən Prezident İlham Əliyev məqsədlərə nail olmaq üçün səmərəli surətdə çalışmağın vacibliyini bildirdi.

2023-cü il fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə Azərbaycan növbəti dəfə dünyanın diqqətində oldu və Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu bir daha önə çıxardı. Ölkə başçısı enerji diplomatiyamızın uğurlu səhifəsi kimi xarakterizə edilən bu tədbirdə çıxış edərək toplantının məqsədini açıqladı və belə bir reallığı da diqqətə çatdırdı ki, dünya dəyişib və enerji təhlükəsizliyi məsələsinin hər bir ölkə üçün əhəmiyyəti də artıb. Bu, həmçinin yeni marşrutların qurulması və mənbələrin cəlb olunması deməkdir.

Azərbaycanın siyasəti əməkdaşlığa hesablanıb və yeni tərəfdaşların, dostların qazanılması yeni layihələrin gündəmə gətirilməsində, eyni zamanda mövcud layihələrin coğrafiyasının genişlənməsində stimulverici amildir.

Hazırda isə Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi məsələsi müzakirə mövzusudur. Cənub Qaz Dəhlizi iki ildən artıqdır ki, açılıb. Onun şaxələndirilməsi məqsədilə əsas seqmentlərdən olan TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə, TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrədək genişləndirilməsi planlaşdırılır. Təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, 2022-ci ildə isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə onun 24,5 milyard kubmetrədək artırılması gözlənilir. Bu da o deməkdir ki, Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumu uğurla icra olunur. Yəni Azərbaycan nəinki hasilatı, həmçinin ixracı artırır və onun coğrafiyasını genişləndirir.

Təbii ki, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi ilə yanaşı, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində də iş davam edir. Belə ki, 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsal edilməsi məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilə və anlaşma memorandumları imzalanıb. Artıq ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə başlanılıb. Onu da qeyd edək ki, Azərbaycanın bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Xəzər dənizinin Azərbaycan sektorundakı 157 qiqavat da bu həcmə aiddir. Yaşıl enerjinin əsas ixrac istiqaməti isə əlbəttə ki, Avropadır.

Göründüyü kimi, layihələr çoxdur və onlar gələcəyə hesablanmışdır. Mütəxəssislərin fikrincə ölkəmizin təbii qaz ehtiyatı ən azı 100 ilə bəs edər. Burada düşünülmüş, planlaşdırılmış şəkildə fəaliyyət göstərmək lazımdır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı davam etdirməyə ehtiyac var. Doğrudur, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökumətləri layihədə fəal iştirak edir. Avropa Komissiyası, həmçinin ABŞ və Böyük Britaniya hökumətləri layihəyə davamlı dəstək göstərir, eləcə də investisiya və maliyyə imkanları da daxil olmaqla geniş əməkdaşlıq üçün güclü bünövrəni təmin edirlər.

SOCAR və BP kimi iki aparıcı şirkət bir-birilə strateji əlaqələr qurmuşdur ki, bu əlaqələr də 30 illik bir dövrü əhatə edəcək. Layihəyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi maliyyə qurumlarının maraq göstərməsi də müsbət haldır.

Bütün bu əlaqələrin nəticəsidir ki, artıq Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla artıq birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. Həmçinin BP şirkəti ilə birlikdə daha bir layihənin icrasına başlanılacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaq.

Ümumiyyətlə, ölkəmizin indiyədək müxtəlif formatlarda və ayrı-ayrı ölkələrlə birgə həyata keçirdiyi layihələr - istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi - hamısı uğurlu olmuşdur.

Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə "Abşeron" qaz-kondensat yatağından çıxarılan ilkin qazın əhəmiyyətindən danışarkən deyib ki, bu, doğrudan da çox əhəmiyyətli hadisədir. Çünki bu günə qədər bizim ixracla bağlı əsas qaz resursumuz "Şahdəniz" qaz-kondensat yatağı olub... "Abşeron"nun birinci fazası artıq icra edilir və yəqin ki, SOCAR öz xarici tərəfdaşları ilə bu yatağın ikinci fazasının işlənməsi ilə bağlı tezliklə daha fəal danışıqlara başlamalıdır... bundan sonra bizim qaz ixrac planlarımız daha tez bir zamanda və daha böyük həcmdə təmin ediləcək".

İnanırıq ki, həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlar da uğurlu olacaq.

Zümrüd QURBANQIZI,

"Respublika".