Ölkəmiz böyük təbii potensiala malikdir
Ekologiya

Ölkəmiz böyük təbii potensiala malikdir

Amerika şirkətləri də artıq bərpaolunan enerji sahəsinə maraq göstərir

Azərbaycan özünün təbii ehtiyatları hesabına, həm də qonşu ölkələrdəki, o cümlədən Orta Asiyadakı qaz ehtiyatlarını öz ərazisindən nəql etməklə iqtisadi və siyasi dividendlər əldə edir. Bu məsələdə yeni yatırımlara ehtiyacın olması mütləqdir. Bunun üçün də bir sıra aparıcı ölkələrlə strateji tərəfdaşlığa dair anlaşma memorandumları imzalanıb. Yaradılmış nəhəng enerji infrastrukturu Avrasiyanın enerji xəritəsini dəyişdirib və Azərbaycanı qərb ölkələri üçün vacib tərəfdaşa çevirib.

Enerji tərəfdaşlığında neft və qazdan sonra bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur ki, bu da layihə çərçivəsində "yaşıl enerji" deməkdir. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda "Global Policy" İnstitutunun prezidenti Paolo von Schirachın: "Siz müharibədə qalib gəlmisiniz, indi isə sülhü təmin etməlisiniz. Siz bu gün Azərbaycanda çalışmaq istəyən Amerika şirkətlərinə hansı mesajı verə bilərsiniz? sualına cavabında Prezident İlham Əliyev qeyd edib ki, bu gün bizim prioritetimiz təbii ki, qeyri-neft sektorunun inkişafıdır. Biz Ümumi Daxili Məhsulda iqtisadiyyatımızın qeyri-neft sektorunun payını ildən-ilə artırırıq. O, artıq 50 faizdən yüksəkdir. Ölkə başçısı deyib: "Bu gün biz həm də qeyri-neft ixracını artırırıq. Mənim Amerika şirkətlərinə mesajım o ola bilər ki, bu gün kapital və sərmayə proqnozlaşdırıla bilən və sabit məkanlara gedir, belə bir məkan məhz Azərbaycandır. Hətta işğal dövründə də Azərbaycan sabitlik məkanı idi. Hökumətimizin çox uzaqgörən, inkişafla bağlı, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı proqramı var. Bizim fəal çalışdığımız digər bir mühüm sahə rəqəmsallaşmadır. Həmin sektora böyük həcmdə maliyyə vəsaiti ayrılıb. Böyük potensialımız var. Mən bilirəm ki, bəzi Amerika şirkətləri artıq bərpaolunan enerji sahəsinə maraq göstərir. Biz bu sahədə çox böyük potensiala malikik".

Onu da qeyd edək ki, hələ 1994-cü ildə Birinci Qarabağ müharibəsindən yeni çıxmış ölkəyə xarici investorlar tərəfindən investisiya yatırılmırdı, çünki müharibə gedən ölkədə heç bir investor biznes infrastrukturu yaratmağa maraqlı deyildi. Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyevin və onun siyasətini davam etdirən Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində Azərbaycan keçən 30 il ərzində ölkəyə kifayət qədər investor cəlb etdi və nəhayət, ölkəmizi Avrasiyasının enerji xəritəsini dəyişdirəcək səviyyəyə çıxardı. Bundan başqa, bərpaolunan enerji üçün ölkəyə investisiya axını gələcək və Azərbaycan bir neçə il sonra həm "yaşıl enerji", həm də neft və qaz üzrə Avropanın enerji təhlükəsizliyində daha vacib tərəfdaşa çevriləcək.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Artıq Beynəlxalq Maliyyə Korporasiyası hesablama aparıb. Hesablamaya görə, təkcə Xəzər dənizində 157 qiqavat həcmində potensial var. Yeni bərpaolunan enerji sahəsində şirkətlər artıq fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında saziş imzalanıb və Avropa İttifaqının Prezidenti də orada iştirak edib. Həmin layihəyə əsasən, Azərbaycandan Avropaya Qara dənizin dibi ilə yaşıl enerji xətti inşa ediləcək. Artıq ilkin hesablama aparılıb və texniki-iqtisadi əsaslandırmanın sentyabr-oktyabr aylarında təqdim olunacağı gözlənilir. Layihə üzrə Rəhbər Komitənin ilk iclası fevral ayında Bakıda keçirilib. Bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifadəyə veriləcəkdir, lakin bu, yalnız birincidir. Dövlət başçısı vurğulayıb ki, 10 qiqavat səviyyəsində memorandum və sazişlər imzalamışıq. Beləliklə, texniki-iqtisadi əsaslandırmaya başlanılıb. Həmin memorandumların yarısı belə həyata keçirilsə, bu, bizim üçün kifayət edəcək ki, Avropada geniş coğrafiyaya elektrik enerjisini ixrac edə bilək. Bu, elektrik enerjisi istehsalı üçün təbii qaza da qənaət etməyə imkan verəcək və həmin həcmlər beynəlxalq bazara çıxarılacaq.

Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Bundan başqa, bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədilə atılacaq addımlar və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpaolunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir.

Azərbaycan Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin 5-ci bəndində ("Təmiz ətraf mühit" və "Yaşıl artım ölkəsi") iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpaolunan enerjinin iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq cari və gələcək dövrdə bərpaolunan enerji mənbələrindən istifadəyə, "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpaolunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Milli Prioritetlər BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

"Mən Amerika şirkətlərini kənd təsərrüfatı sahəsində də görmək istərdim. Biz, əlbəttə ki, kənd təsərrüfatı sahəsində, suvarmada Amerika şirkətlərinin aparıcı avadanlıqlarından istifadə edirik. Ancaq mən investor görmək istəyirəm, çünki Azərbaycanın kənd təsərrüfatı sahəsinin, xüsusilə azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı olduqca böyükdür. Burada çox məhsuldar torpaqlar var və bizim su resurslarımızın 25 faizi məhz Qarabağdan qaynaqlanır". Bu fikirləri Şuşa Qlobal Media Forumunda deyən Azərbaycan Prezidenti bildirib ki, biz 30 il bundan məhrum edilmişdik. Ermənilər platinaları və dambaları bağlayırdılar və bizim 100 minlərlə hektar torpağımız sudan məhrum edilirdi. Biz məcbur idik ki, artezian quyuları qazaq. Bu gün isə artıq həmin su nəinki Qarabağın həyat mənbəyidir, həmin su ehtiyatlarını Azərbaycanın mərkəzi rayonlarına da gətirəcəyik. Belə bir boru kəməri inşa ediləcəkdir.

Bir sözlə, deyə bilərik ki, Azərbaycanın dünyada artan nüfuzu özünü bütün sahələrdə büruzə verir. Hazırda ölkəmiz dünyanın maraq dairəsindədir. Bir tərəfdən Vətən müharibəsində öz gücümüz hesabına qazandığımız tarixi Qələbə, sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işlərinin geniş vüsət alması, digər tərəfdən isə Şuşanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi ölkəmizin reytinqini daha da yüksəldir.

Mustafa KAMAL,

"Respublika".