Ölkəmiz yeni hədəflərə uğurla irəliləyir
Siyasət

Ölkəmiz yeni hədəflərə uğurla irəliləyir

İlk dəfə olaraq, tək iqlimin deyil, həm də planetimizin gələcək nəsillər üçün qorunması problemi 1972-ci ildə xüsusi aktuallıqla ortaya çıxıb. Bu barədə dünyanın aparıcı alimləri Yer kürəsində artan istilik barədə həyəcan təbili çaldılar.

Günəşdən alınan istiliyin geri qayıtmasına imkan verməyən istixana qazlarının yığılması nəticəsində planetin səthində temperatur artır. Bunun qarşısını necə almaq olar? Bu sual ətrafında düşünən dövlət xadimləri, alimlər 1972-ci il iyunun 5-dən 16-na kimi keçirilən ilk Stokholm Konfransında bir araya gəldilər. İştirakçılar qlobal miqyasda fəlakətin qarşısını almaq üçün nəzərdə tutulmuş 26 prinsipin, 109 tövsiyənin və konkret fəaliyyət planının ifadə olunduğu BMT-nin ekoloji proqramını qəbul etdilər.

Əfsuslar olsun ki, Stokholm Konfransına qədər ölkələrin hakimiyyət orqanları bu problemlə maraqlanmırdı. 1972-ci ilə qədər dünyada ekologiya nazirliklərinin sayının 10-dan aşağı olması və Stokholmdan 10 il sonra bu rəqəmin 110-a yüksəlməsi də bunu sübut edir.

1992-ci ildə Rio-de-Janeyroda BMT İqlim Dəyişmələri Konvensiyası çərçivəsində keçirilən Yer Sammitində planetin gələcəyini müzakirə etmək üçün 182 ölkədən nümayəndələr fikir mübadiləsi və diskussiyalar aparıblar. Onlar təkamülün davamlı inkişafı konsepsiyasını və insanın ətraf mühitə təsirinin bütün mümkün sahələri ilə bağlı 2500 tövsiyəni özündə əks etdirən 40 fəsildən ibarət plan hazırladılar. Planı BMT-nin İqlim Dəyişmələri Konvensiyası çərçivəsində illik görüşlərin cədvəlini müəyyən edən 178 ölkənin dövlət başçısı təsdiq edib. 1994-cü il mart ayının 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 50-ci üzv ölkənin ratifikasiya prosesinin tamamlanması ardından qüvvəyə minib. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanı kimi fəaliyyətə başlayıb. Katibliyi Bonnda yerləşir və 1995-ci ildə ilk dəfə Angela Merkelin sədrliyi ilə Berlində, daha sonra hər il ardıcıllıqla müxtəlif ölkələrdə keçirilməyə başlanıb. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul edir. 3-cü dəfə 1997-ci ildə Yaponiyada keçirilən konfransda istixana qazı emissiyalarının səviyyəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün Kyoto Protokolu (COP3) qəbul edildi. Bu sənəd 2005-ci ildə 55 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə isə ABŞ, Çin, Rusiya kimi inkişaf etmiş iqtisadiyyatları olan ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün öz proqramlarını Paris Sazişində (COP21) təqdim etdilər. Lakin iqlimşünaslar müqavilədə vədləri pozmağa görə məsuliyyət nəzərdə tutulmadığına və "qalıq yanacaq" anlayışı ehtiva edilmədiyinə görə, sənədi "fırıldaqçılıq" kimi qiymətləndiriblər. Buna baxmayaraq, Saziş bütün ölkələri emissiyalarını azaltmağa çağırır və bunun üçün dövlətlərə yol açır. Paris Sazişi qlobal səyləri istiqamətləndirmək üçün ölkələrin iqlimlə bağlı fəaliyyət ambisiyalarını artırmağa sövq edir. Bu günə kimi Paris sazişinə 194 ölkə qoşulub. Paris Sazişinin hər bir tərəfi emissiyaların azaldılması və iqlim dəyişmələrinə uyğunlaşmaq üçün fəaliyyət planı hazırlamalı və onu hər beş ildən bir yeniləməlidir. Bununla yanaşı, konvensiyaya üzv hər bir dövlət öz ölkəsində iqlim dəyişmələrinin vəziyyəti, müxtəlif mənbələrdən atmosferə atılan istixana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsirləri, adaptasiya tədbirləri barədə informasiyanı əks etdirən hesabatlar tərtib edərək onu Konvensiyanın Katibliyinə təqdim etməlidir.

1995-ci ildə Azərbaycan Respublikası İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulub. Ölkəmiz COP-a 2 dəfə (2005 və 2010-cu illərdə) hesabat təqdim edib. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna həvalə edildi ki, sözügedən qrupa daxil olan Azərbaycan, Ermənistan və Bolqarıstan dövlətləri bu missiyanı üzərinə götürmək üçün namizədliyini irəli sürdü. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsində verilmiş birgə bəyanatda Ermənistanın Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirildi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Nəhayət, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Beləliklə, hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.

2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu gün Azərbaycanda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasətinin prioritetidir. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir.

Bəşəriyyətin qlobal iqlim dəyişmələri ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur və inanırıq ki, ölkəmizdə keçirilən bu görüş qlobal miqyasda əhəmiyyətli töhfə verəcəkdir.

Aiza ŞABANOVA,

"Respublika".