Ölkəmizdə 1 milyon nəfərdən artıq pensiyaçı var
Sosial həyat

Ölkəmizdə 1 milyon nəfərdən artıq pensiyaçı var

2023 -cü il iyulun 1-nə kimi Dövlət Sosial Müdafiə Fondunda 1096,6 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435,0 manat təşkil etmiş və orta aylıq əməkhaqqının 47,2 faizinə bərabər olmuşdur.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən olunmuşdur.

Əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2023-cü ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 137,6 min (ötən ilin iyulun 1-i vəziyyətinə 124,1 min) nəfər, əlilliyə görə - 47,1 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 215,2 min (müvafiq olaraq 52,2 min və 210,4 min) nəfər, ailə başçısını itirməyə görə - 54,7 min (53,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 25,8 min (22,5 min) nəfər olmuşdur.

Eyni zamanda, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli həqiqi hərbi xidmət qulluqçularının 5,1 min ailəsinə 7,9 min uşaq üçün, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 196 nəfər qəyyumuna aylıq müavinət verilmişdir.

Cari il iyulun 1-i vəziyyətinə 80,3 min aztəminatlı ailənin 352,4 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır. Bundan əlavə, müxtəlif kateqoriyadan olan 388,2 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

"Respublika".