Orta Dəhliz: əməkdaşlıq təşəbbüsləri və reallıqlar
İqtisadiyyat

Orta Dəhliz: əməkdaşlıq təşəbbüsləri və reallıqlar

Bu marşrut ölkəmizin tranzit potensialını artırmaqla geosiyasi mövqeyini gücləndirir

"Mənim Orta Dəhliz layihəsinin böyük gələcəyinə güclü inamım var. Burada, Azərbaycanda biz faktiki olaraq bütün lazımi infrastrukturu, o cümlədən müasir, yeni dəniz limanını inşa etmişik. Yeri gəlmişkən, hazırda biz dəniz limanının genişləndirilməsi üzərində işləyirik. Çünki bugünkü 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyəti yetərli olmayacaq. Biz artıq bunu başa düşürük. Biz bunu 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEU-ya çatdırmaq istəyirik ki, təkcə Çindən deyil, həm də Mərkəzi Asiyadan həcmi artan yükləri qəbul etmək imkanımız olsun". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda keçirilən beynəlxalq forumda bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Xəzər həm də bir çox ölkələr arasında körpüdür, çünki Trans-Xəzər Nəqliyyat Marşrutu bu gün öz potensialını tam şəkildə göstərir. Bugünkü geosiyasi mühitdə bu marşruta ehtiyac var. Buna institusional dəstəklə bağlı başqa addımlar da atırıq. Artıq Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında birgə müəssisə yaratmışıq, hazırda nəqliyyat marşrutunun rəqəmsallaşdırılması üzərində fəal işləyirik. Şimal-Cənub nəqliyyat qovşağında yerləşməyimiz həqiqətən coğrafi lütfdür ki, hər iki yol bizim ərazimizdən keçir.

Avropanın diqqəti hazırda Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan marşrutun genişləndirilməsinə yönəlib. Bu, Çini Mərkəzi Asiya və Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən multimodal dəmir yolu, yük və bərə tranzit sistemidir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu yüklərin Türkiyə dəniz limanlarına və Aralıq dənizinə daşınması üzrə çıxış qapısı kimi qiymətləndirilir. Xəzər dənizi vasitəsilə mühüm tranzit ölkə olan Azərbaycana, oradan da Aralıq dənizi ilə Avropaya yükdaşımaları yeni qlobal geosiyasi şəraitin tələbidir. Artıq Qərb şirkətlərinin də Mərkəzi Asiyada geniş istehsal sahələri açdığını nəzərə alsaq, yeni dəhlizlərlə böyük həcmdə yük axını gözlənilir. Bu kontekstdə Azərbaycan, Qazaxıstan, Türkmənistanın geniş logistika potensialı mövcuddur.

Azərbaycan Qərblə Şərqin kəsişməsindəki etibarlı mövqeyi ilə nəhəng marşrutun mərkəzindədir. Ölkəmiz dəhliz vasitəsilə regional və beynəlxalq ticarətdə strateji əhəmiyyət qazanır, iqtisadi infrastrukturunu möhkəmləndirir, həmçinin yeni bazarlara çıxış, mal və xidmətlər üçün ixrac imkanları əldə edir. Orta Dəhliz Mərkəzi Asiyanın iqtisadi yüksəlişini, qlobal iqtisadiyyata inteqrasiyasını təmin edir. Ölkələr öz mallarını, o cümlədən təbii sərvətlərini Avropaya çıxarır, xarici investisiya cəlb edirlər. Regionda nəqliyyat infrastrukturu və tranzit potensialının artması ölkələrin geosiyasi mövqeyini də gücləndirir. Ümumiyyətlə, yeni iqtisadi dinamikaya, Asiya və Avropa arasında qarşılıqlı mədəni əlaqələrin dərinləşməsinə, iştirakçı ölkələrin inkişafına əhəmiyyətli fayda verir. Ekspertlərin fikrincə, yükdaşımaların həcminin artması üçün müsbət amillər Mərkəzi Asiya ölkələri ilə onların qonşuları, xüsusən Azərbaycan və Çin, eləcə də digər qlobal aktorlar arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlıdır. Avtomobil və dəmir yollarının, limanların və yük terminallarının tikintisi və ya modernləşdirilməsi kimi infrastruktur investisiyaları, habelə region ölkələri və ya digər dövlətlərlə ticarət sazişlərinin imzalanması bu mühüm sahəni stimullaşdıra bilər.  Bölgədəki siyasi sabitlik həm də yükdaşımalarda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır.   Azərbaycanın Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyasına, xüsusən 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Trans-Xəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə ("Orta dəhliz") strateji baxışı özünü doğruldur. Orta Dəhliz Şərqlə Qərb arasında dayanıqlı logistikanın təşkili üçün ən optimal varianta çevrilir və həm Çin, həm də Avropa regionu ölkələri üçün nəqliyyat şaxələndirilməsinə ehtiyacları qarşılayan əhəmiyyətli həll yoludur. Dəhliz boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr icra edilib. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Hazırda respublikamızdan Rusiya, Gürcüstan, İran sərhədinə hamar yollar uzanır. Eyni zamanda bu yollar üzərində yüksək səviyyəli logistika xidmətləri təşkil olunub. Bütün bu kimi amillərin nəticəsidir ki, Azərbaycan üzərindən daşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Ölkə olaraq coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur imkan verir ki, çox önəmli tranzit ölkəsinə çevrilək.

Orta Dəhliz yalnız ölkəmiz üçün deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir. Bu layihə iqtisadi baxımdan səmərəli olduğu kimi, siyasi əhəmiyyəti də az deyil. Asiya ilə Avropanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun davamı olan Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda meydana çıxıb. Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra regionda digər dövlətlərin də beynəlxalq iqtisadi layihələrdə iştirakına imkan yaranıb. Eyni zamanda Azərbaycanın Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit məntəqəsi olmasını şərtləndirir. Bu dəhlizlər, həm də Mərkəzi Asiya ölkələrindən "yaşıl enerji"nin nəqli imkanlarını vəd edir.

Avropa miqyasında enerji təchizatında strateji rol oynayan Azərbaycan "yaşıl enerji" keçidinə balanslı yanaşmanın tərəfdarıdır və bu baxımdan, ənənəvi və bərpa olunan enerji mənbələrini vəhdətdə inkişaf etdirir. Bu siyasət enerji təchizatında dayanıqlılığı, enerji resurslarına olan ehtiyacları qarşılamağı və "yaşıl plan"ların icrasını təmin edir. Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək "yaşıl enerji" layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edirik. 2027-ci ilədək 1870 MVt həcmində "yaşıl güc"lərin enerji sistemimizə inteqrasiyası nəticəsində bərpa olunan enerji payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir. Bu, 2030-cu ilədək 30 faizi nəzərdə tutan hədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir. Həmçinin Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərindən də bəhs olunub: "Xəzər - Qara dəniz - Avropa" və Azərbaycan - Türkiyə - Avropa dəhlizlərini yaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox "yaşıl enerji" ixrac etmək strateji prioritetlərdəndir.

Orta Dəhlizin vacib elementinə çevrilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsaitin hesabına yolun illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılacaq və Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan yaranacaq. Bundan başqa, Zəngəzur dəhlizi Orta Dəhlizə inteqrasiya ediləcək əsas layihələrdəndir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycan ərazisindən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan verə bilər. Orta Dəhlizin siyasi əhəmiyyətinə gəlincə, nəzərə almaq lazımdır ki, Çin və digər Cənub Şərqi Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqəsi Orta Dəhlizlə reallaşacağı təqdirdə, onlar regionda daim sabitliyin hökm sürməsində maraqlı olacaqlar. Avropa İttifaqına daxil olan böyük dövlətlər də Orta Dəhlizin həm avtomobil, həm də dəmir yolunun keçdiyi tranzit ərazilərdə sülhün və əmin-amanlığın davamlı xarakter daşımasında maraqlıdır və yəqin ki, bu istiqamətdə siyasət yürüdəcəklər.

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq önəmlidir. Orta Dəhliz marşrutu və həmçinin Şimal-Cənub Dəhlizi marşrutu üzərində yerləşmək Azərbaycanda biznes üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyev ötən il yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında bildirmişdir ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı əməkdaşlıq əlaqələri qurublar. Ölkəmiz özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Eyni zamanda Azərbaycanın Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyasına, xüsusən 2018-ci ildə yaradılmış Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yaxud Trans-xəzər Şərq-Qərb-Orta Dəhliz Təşəbbüsünə strateji baxışı özünü doğruldur.

Mustafa KAMAL,

"Respublika".