Onlar Azərbaycan vətəndaşı kimi siyahıya alınır
Gündəm

Onlar Azərbaycan vətəndaşı kimi siyahıya alınır

"Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə".

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycan hər zaman humanist, sülhpərvər ölkə olub. Bütün hallarda da vətəndaşının rahatlığı və təhlükəsizliyini vacib məsələ kimi dəyərləndirilib. Ölkəmiz tolerant dövlət olduğu üçün bütün millətlər Azərbaycan qanunları ilə bu coğrafiyada rahat, sərbəst yaşaya bilər. Hələ ötən əsrdə erməni əsilli vətəndaşlar Azərbaycan ərazisində çox rahat, tamhüquqlu vətəndaş kimi yaşayıblar. Əslində bugünkü vəziyyətə məhz elə ermənilərin özləri səbəb olmuşlar. Ötən əsrin axırlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiası Qarabağ ermənilərini də çətin vəziyyətə salmışdır. Ermənilərin İrəvan xanlığının torpaqlarına - indiki Ermənistan ərazilərinə, sonradan məqsədli şəkildə yerləşdirilməsinə baxmayaraq, hallarından çox məmnun olan haylar yeni "həvəsə" düşdülər. Azərbaycan ərazilərinin zənginliyi, münbitliyi onları çaşdırdı. Zənn etdilər ki, tarixi İrəvan torpaqlarından yerli azərbaycanlıları deportasiya etdikləri kimi, Qarabağ torpaqlarında da etnik təmizləmə həyata keçirərək bölgəyə sahiblənə biləcəklər. Bu məqsədlə də, 1988-ci ildən milli zəmində qarışıqlıq yaradaraq, münaqişələr törətdilər. Nəticə etibarilə hadisələr Birinci Qarabağ müharibəsinin baş verməsinə, Qarabağ torpaqlarının işğalına və yerli azərbaycanlıların məcburi köçkün düşməsinə səbəb oldu. Ötən 30 illik işğal dövründə ermənilər ərazilərimizdə vəhşilik, vandallıq törətdilər. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bundan sonra dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri Böyük Qayıdış proqramını mərhələli şəkildə həyata keçirməkdir. İndi Qarabağın bir sıra ərazilərində, kənd və şəhərlərində yaşayış təmin olunub. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdıblar. Ölkə başçısı mərhələli şəkildə həyata keçirilən bu köçün mühüm və vacib məsələ olduğunu dəfələrlə vurğulayıb. Dövlətimiz Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını da birgəyaşayışa dəvət edib, ermənilərin yerli azərbaycanlılarla dinc yanaşı yaşaması üçün hər cür şəraiti yaratmağa hazır olduğunu bildirib.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ordusu Ermənistanın işğalçı qüvvələrini öz torpaqlarından çıxardı. İndi başlıca suallardan biri budur ki, Azərbaycan və erməni icması Qarabağa qayıdıb birgə yaşaya biləcəkmi? Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan vətəndaşı olan dinc ermənilərin Qarabağda azərbaycanlılarla birgə yaşaması üçün heç bir problem yoxdur. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşları ola bilərlər. Bu isə onların hüquqlarının və təhlükəsizliklərinin qorunmasına ən yüksək səviyyədə təminatdır. Əlbəttə ki, Azərbaycan öz erməni vətəndaşlarına birgə yanaşı yaşamaq üçün ən yüksək səviyyədə təminat verir. Ancaq Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq.

19 sentyabr tarixində Qarabağ cəmi bir günlük lokal antiterror tədbirləri nəticəsində qanunsuz silahlı dəstələrdən təmizləndi. Dövlətimiz ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, bölgədə yaşayan Azərbaycan vətəndaşları olan ermənilərə bir daha birgəyaşayış üçün şans verdi. Yaranmış yeni reallıq Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına imkanlar yaradıb. Artıq Azərbaycan mərkəzi hakimiyyət nümayəndələri bölgədə yaşayan erməni icmasının təmsilçiləri ilə görüşlər keçirib, onlara reinteqrasiya prosesi ilə bağlı planı təqdim edib, bir sıra istiqamətlər üzrə konkret addımlar atılıb. Antiterror tədbirlərinin əsas nəticələrindən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl kimi ortaya atılmış "Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi" məsələsinin gündəmdən çıxmasıdır. Orada yaşayan insanların hüquq və təhlükəsizlik məsələlərini özünün daxili işi hesab edən Azərbaycan bununla bağlı dəfələrlə Konstitusiya çərçivəsində təminatlar verdiyini bəyan edib.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasına və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılıb. Bu məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda bu istiqamətdə fəaliyyətə başlayıblar. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətləri yerində qəbul edilir, maarifləndirmə tədbirləri təşkil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları isə sakinlərin sosial-humanitar ehtiyaclarını müəyyənləşdirirlər. Hazırda reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında aparılır. Eyni zamanda, ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal (reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir. Bu dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında səmərəliliyin artırılmasına imkan yaradacaq.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi qanlı terror hadisələrindən, faciələrdən sonra inteqrasiya prosesinin tez və asan baş verəcəyini düşünmək sadəlövhlük olardı. Aydındır ki, işğal illərində araya nifaq, düşmənçilik toxumları səpilib və bunların aradan qaldırılması üçün zamana ehtiyac var. Bu barədə Prezident İlham Əliyev deyib: "Bizim daxili məsələlərə gəlincə, təbii ki, sülh müqaviləsində bu barədə söhbət gedə bilməz. Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır. Düşünürəm ki, bu, hələ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında yaşayan əsas əhali ilə tam anlayışa gətirib çıxaracaq. Çünki Azərbaycan cəmiyyətinə inteqrasiyanın, sadəcə, başqa yolu yoxdur. Əgər kim hesab edirsə ki, onlara Azərbaycan vətəndaşı kimi yaşamaq lazımdır, fikrimcə, onlar peşman olmayacaqlar. Amma əgər bu, hansı səbəblərdən kiməsə münasib deyilsə, onlar özləri üçün başqa yaşayış yeri seçə bilərlər".

Ramidə YAQUBQIZI,

"Respublika".