Rumıniyanın Baş naziri Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları barədə məlumatlandırılıb
Gündəm

Rumıniyanın Baş naziri Azərbaycanın Cənubi Qafqazda dayanıqlı sülhün təsis edilməsi planları barədə məlumatlandırılıb

Noyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın Baş naziri Marçel Çolaku ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər Azərbaycanla Rumıniya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edərək, qarşılıqlı səfərlərin, yüksək səviyyəli dialoqun, habelə mütəmadi əsasda siyasi məsləhətləşmələrin intensivləşməsinin iki ölkə arasında iqtisadi, humanitar, təhlükəsizlik, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyini vurğulayıblar.

Söhbət zamanı iki ölkə arasında çoxölçülü strateji tərəfdaşlığın inkişaf etdirilməsinin önəminə toxunulub və parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları və bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.