Onu Üzeyir Hacıbəyovun varisi adlandırıblar...
Mədəniyyət

Onu Üzeyir Hacıbəyovun varisi adlandırıblar...

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə tarix boyu ölkənin mədəni-ictimai həyatında mühüm rol oynamışdır. Dəfələrlə adının tarixin yaddaşından silinmək təhlükəsi ilə üzləşsə də, yenə də məğrur Gəncə varlığını qoruya bilmişdir. Bu şəhər həm də tarixi şəxsiyyətlər, mədəniyyət xadimləri yetişdirməklə də şöhrətlənmişdir. Ta qədim zamanlardan Gəncə mədəniyyətimizə, musiqimizə öz töhfələrini vermişdi. Bu tarixi şəhərin xalqa bəxş etdiyi dünyaşöhrətli mədəniyyət xadimlərindən biri də bəstəkarlıq məktəbinin sütunlarından olan Fikrət Əmirovdur.

Bəstəkar və tarzən Məşədi Cəmil Əmirovun və Dürdanə Əmirovanın ailəsində dünyaya gələn Fikrət Əmirovun doğum tarixi 22 noyabr 1922-ci ildir. Əslən şuşalı olan Fikrət  hələ uşaqlıqdan atasının əsərlərinə qulaq asmış və bu da onun musiqiçi kimi formalaşmasında böyük rol oynamışdır. Lakin 1928-ci ildə atası Məşədi Cəmilin dünyasını dəyişməsilə, balaca Fikrətin çiyinlərinə böyük yük düşür. Yaşadığı çətinliklərə baxmayaraq, sənət yolunu davam etdirir. Bacısı Yaxşı xanımın oxuduğu mahnıları tarda müşayiət edir. Bu isə bacı-qardaşa oxuduqları məktəblə yanaşı, ətrafda da uğur gətirir. O zaman istedadlı uşaqları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov Fikrət və Yaxşı xanımla da tanış olur. 1939-cu ildə Bakıya gələn Fikrət Əmirov Konservatoriyaya daxil olur. Beləcə, gələcək bəstəkarın taleyində maraqlı məqamlar başlayır. Oxuduğu müddət ərzində Bülbüllə tanış olur. Bülbül onu Üzeyir Hacıbəyovun yanına gətirir. Üzeyir bəyin xeyir-duası ilə sənət yoluna qədəm qoyan F.Əmirov onun yaradıcılığından bəhrələnir. Hətta Fikrət Əmirovu Üzeyir Hacıbəyovun varisi adlandırırdılar. Bəstəkar özü isə Üzeyir Hacıbəyov haqqında deyirdi: "Biz hamımız Üzeyir məktəbindən çıxmışıq". Sonralar Konservatoriyada təşkil olunan "Xalq musiqi kabineti"nə rəhbərlik edən F.Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı da məhz Üzeyir Hacıbəyov olmuşdur. Ümumiyyətlə, Üzeyir bəy Fikrət Əmirovun yaradıcılıq yolunda böyük təkanverici qüvvə olur. Böyük bəstəkar Musiqi Akademiyasında da Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində oxuyur.

O, 1941-ci ildə orduya çağırıldığı üçün təhsili yarımçıq qalır. Voronej cəbhəsinə göndərilən F.Əmirov 1942-ci ildə xəstəliyi ilə əlaqədar ordudan tərxis olunur. Ordudan qayıtdıqdan sonra Fikrət Əmirov Gəncə Dövlət Filarmoniyasında çalışır. Burada yaşadığı dövrdə bir neçə tamaşaya musiqi yazır. Lakin 1943-cü ildə ali təhsilini davam etdirmək məqsədilə Bakıya qayıdır. Fikrət Əmirov geniş və olduqca rəngarəng yaradıcılığa sahibdir. O, musiqinin bir çox janrlarında əsərlər yazmışdır. Əsərləri fundamentallığı ilə Azərbaycan mədəni irsinin dəyərli nümunələrindəndir. Azərbaycan bəstəkarlıq məktəbinin korifeylərindən olan Fikrət Əmirov çoxşaxəli yaradıcılığında mahnı janrından tutmuş operaya, baletə qədər bütün musiqi janrlarına öz möhürünü vurmuşdur. Fikrət Əmirov yaradıcılığında xalq mahnıları və muğamlardan bəhrələnmişdir. Eyni zamanda, bəstəkar Avropa musiqi ənənələrini də musiqimizə gətirmişdir. Dahi rus bəstəkarı Dmitri Şostakoviç Fikrət Əmirov haqqında yazırdı: "Fikrət Əmirov zəngin melodik dilə malikdir. Melodiya onun yaradıcılığının ürəyidir. Öz əsərlərində bəstəkar musiqi folklorundan geniş istifadə edir. Azərbaycan folklorunun Əmirov musiqisinə bilavasitə təsiri göz qabağındadır".

Fikrət Əmirov Azərbaycan professional musiqisində muğam-poema və simfonik muğam janrlarının əsasını qoymuş, zəngin musiqi xəzinəmizdə yeniliyə imza atmışdır. Böyük bəstəkarımızın "Sevil" operası, "Nəsimi" dastanı, "Xəzəri fəth edənlər", "Min bir gecə", "Nizami" baletləri, "Ürəkçalanlar", "Xoş xəbər", "Gözün aydın" operettaları, "Şur", "Kürd Ovşarı" simfonik muğamları və bir sıra süitaları Azərbaycan musiqi tarixində xüsusi yer tutur. Eyni zamanda bəstəkar metso-soprano, kamera orkestri və nağara üçün "Gülüstan", "Bayatı-Şiraz" simfonik muğamının, böyük simfonik orkestr üçün "Azərbayan qravürləri"nin, fortepiano üçün on iki miniatürün və bir sıra məşhur mahnıların da müəllifidir. Onun ən məşhur mahnılarından biri Hüseyn Cavidin "Şeyx Sənan" dramına yazdığı "Kor ərəbin mahnısı" və "Dağlar qızı Reyhan"dır. Fikrət Əmirov, eyni zamanda bir sıra kinofilmlərə - "Səhər", "Böyük Dayaq", "Yaşamaq gözəldir, qardaşım", "Mən ki, gözəl deyildim", "Sevil", "Nəğmə dərsi" və "Firəngiz" bədii filmlərinə də musiqi yazmışdı.

Bəstəkar yalnız Azərbaycanda deyil, dünya miqyasında da tanınıb, sevilib. Onun 1948-ci ildə yazdığı "Şur" və "Kürd Ovşarı" simfonik muğamları bir çox ölkələrdə, Bolqarıstan, Belçika, Fransa, ABŞ-ın konsert salonlarında böyük coşqu ilə səsləndirilib. Fransanın "Disk" musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdir. "New-York Times" qəzeti isə ABŞ-da "Şur" simfonik muğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi. 1950-ci ildə bəstəkar dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələmiş, ardınca isə Cəfər Cabbarlının "Sevil" əsəri əsasında musiqi tarixində ilk milli lirik opera olan "Sevil" operasını yazmışdır. Fikrət Əmirovun geniş yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifi idi. 1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poeması, simfonik orkestr üçün "Azərbaycan qravürləri", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamı və "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazmışdır. 1984-cü ilin yanvar ayında "Nizami" baletini tamamlayan bəstəkar fevralın 20-də dünyasını dəyişir. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov I Fəxri Xiyabanda dəfn olunub. 

Ramidə YAQUBQIZI,

"Respublika".