Özbəkistan mədəniyyət günləri möhtəşəm konsert proqramı ilə yekunlaşıb
Türk dünyası

Özbəkistan mədəniyyət günləri möhtəşəm konsert proqramı ilə yekunlaşıb

Bakıda keçirilən Özbəkistan mədəniyyət günlərinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakının bulvar ərazisində tanınmış özbək sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Mədəniyyət günlərinin möhtəşəm bağlanış mərasimi üçün təşkil olunmuş tədbirdə məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Nəsibə Abdullayeva, Fərrux Zakirov, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları zəngin repertuarları ilə sevənlərinin qarşısında çıxış ediblər.

Konsert boyu sənətçilər repertuarlarında yer alan ən populyar mahnılarını ifa ediblər.

Özbəkistandan ölkəmizə təşrif buyurmuş sənətçilər bənzərsiz ifaları ilə bir daha böyük tarixə malik zəngin mədəniyyətə sahib olduqlarını göstəriblər.

Tədbirdə Özbəkistandan çoxsaylı qonaqlar və Bakıda yaşayan bu ölkənin vətəndaşları iştirak ediblər.

Özbəkistan folklor ustalarının konsert proqramı maraqla qarşılanıb.