Özünü doğrultmayan beynəlxalq vasitəçilik
Siyasət

Özünü doğrultmayan beynəlxalq vasitəçilik

İkinci Qarabağ müharibəsini möhtəşəm qələbə ilə başa vuran Azərbaycan illər uzunu torpaqlarını işğal altında saxlayaraq şəhər və kəndlərini yer üzündən silən, maddi-mədəni irsini darmadağın edən, əhalisini soyqırımlarına, deportasiyalara məruz qoyan düşmən ölkəyə sülh təklif etdi. Köhnə səhifələri bağlamaq, mehriban qonşuluq şəraitində yaşamaq üçün humanist addımlar atdı. 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən ölkəmiz qarşı tərəfi təxribat əməllərinə son qoymağa, üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırdı. 30 il ərzində işğalçılıq siyasəti yürüdən Ermənistan isə postmüharibə dövründə də bu siyasətindən əl çəkmədi. Azərbaycanın sülh naminə atdığı addımları nəinki dəstəkləmədi, əksinə regionda vəziyyəti gərginləşdirməklə yeni müharibəyə başlamağa cəhd etdi. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində beynəlxalq aləmdə də müəyyən addımlar atıldı.

İlk vaxtlarda ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə yaradılan ATƏT-in keçmiş Minsk qrupu "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ" münaqişəsinin sülh yolu ilə həll olunmasında vasitəçilik missiyasını öhdəsinə götürmüşdü. Lakin qrupun üzərinə düşən vəzifəni yerinə yetirməməsi səbəbindən münaqişə düz 30 il uzanmış və sonda hərbi yolla öz həllini tapmışdır. Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildirən ölkə başçımız çıxışlarının birində demişdir: "Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki, bunu etmək üçün onlar 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir".

Postmüharibə dövründə də iki ölkə arasında münasibətlərin normallaşması üçün bəzi ölkələr vasitəçilik missiyasını həyata keçirmək təşəbbüsü ilə çıxış etmişlər. Belə ki, 2021-ci ilin dekabrından başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda bir neçə dəfə görüş keçirilmiş, Aİ prezidenti tərəfindən regionda sülhün bərqərar olması üçün ciddi səy göstərilmişdir. Azərbaycan və Ermənistan liderlərinin görüşlərinə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də vasitəçilik etmiş, 2021-ci il yanvarın 11-də Moskvada, noyabrın 26-da Soçidə və ötən il oktyabrın 31-də yenə də Soçidə Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşü baş tutmuşdur.

Üçtərəfli görüşlər ötən il oktyabrın 6-da Praqada, "Avropa Siyasi Birliyi" birinci Zirvə Toplantısında davam etdirilmiş, bu dəfə Fransa Prezidenti Emmanuel Makron da vasitəçilər sırasına qoşulmuşdur. ABŞ Dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə keçirilən görüşlər isə bu il fevralın 18-də Münxendə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuşdur. Görüşlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin müzakirəsi, eyni zamanda kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadilələri zamanı müəyyən irəliləyişlər əldə olunsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində regionda sülhün təmin olunması məsələsi hələ də gündəmdədir. Bütün bunlar onu göstərir ki, İkinci Qarabağ müharibəsindən ötən 3 il ərzində hansı formatda keçirilməsindən asılı olmayaraq vasitəçilərin təşəbbüsü ilə baş tutan görüşlər heç bir nəticə verməmişdir. Bu isə iki ölkə arasında əlaqələrin bərpa edilməsində, münasibətlərin normallaşmasında üçüncü dövlətin iştirakına ehtiyacın olmadığını təsdiqləyir. Bu il sentyabr ayının 19-20-də Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən sonra xalqa müraciətində Prezident İlham Əliyev bu barədə demişdir: "Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən... Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar".

Uzaqgörən siyasət həyata keçirən İlham Əliyevin bir neçə ay öncə dediyi fikirlər artıq reallığa çevrildi. Belə ki, bir neçə gün əvvəl Azərbaycan ilə Ermənistan arasında imzalanan birgə bəyanat 30 il bundan əvvəl başlamış və artıq keçmişdə qalan Qarabağ münaqişəsinin davam etdiyi müddət ərzində atılan ilk müsbət addımdır. Üçüncü tərəfin iştirakı olmadan iki ölkə tərəfindən verilən bəyanatda əsirlərin dəyişdirilməsi məsələsi yer almışdır ki, artıq dekabrın 13-də Azərbaycan Respublikası 32 erməni hərbçini, həmçinin Ermənistan Respublikası da öz növbəsində 2 azərbaycanlı hərbçini azad etmişdir. Bununla yanaşı, Ermənistan xoş niyyət nümayiş etdirərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) evsahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini dəstəkləmişdir. Bütün bunlar bir daha təsdiq edir ki, iki region ölkəsi arasında münasibətlərin normallaşmasında hər hansı bir formatda, hər hansı bir ölkənin vasitəçiliyi ilə keçirilən görüşlərə ehtiyac yoxdur. Çünki bu, özünü doğrultmadı...

Mehparə ƏLİYEVA,

"Respublika".