Pakistan səfiri azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyalar barədə məlumatlandırılıb
Siyasət

Pakistan səfiri azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyalar barədə məlumatlandırılıb

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee iyulun 11-də Qərbi Azərbaycan İcmasında olub.

AZƏRTAC xəbər verir ki, səfir Bilal Hayee İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirib, İcmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat alıb.

Əziz Ələkbərli dost və qardaş Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeeni İcmada görməkdən şad olduğunu bildirib. İcma sədri pakistanlı diplomata son 200 ildə azərbaycanlıların başlarına gətirilən müsibətlər barədə danışıb, ötən əsrdə dörd dəfə - 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə onların öz ata-baba yurdundan, indi "Ermənistan" adlanan coğrafi məkandan deportasiya edilmələri, bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.

Söhbət zamanı səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək istiqamətində tədbir görməkdən boyun qaçırır və onları öz vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum edir. İcma bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etsə də, dialoqa çağırış cəhdləri cavabsız qalır.

Qeyd olunub ki, Qərbi azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı beynəlxalq miqyasda edilən müraciətlərə mötəbər təşkilatlar tərəfindən reaksiyalar gəlməkdədir. BMT İcmanın Qayıdış Konsepsiyası da daxil olmaqla, 4 sənədini özünün rəsmi sənədi kimi yayıb, UNESCO və Avropa İttifaqında İcmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Vurğulanıb ki, beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var.

Səfir Bilal Hayee Pakistanın qardaş Azərbaycanın haqlı mübarizəsində hər zaman onun yanında olduğunu və bundan sonra da olmağa davam edəcəyini vurğulayıb.

Sonra Bilal Hayee İcmanın inzibati binasında yaradılan şəraitlə tanış olub.

Görüşdə İcmanın rəhbərliyi - İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, İcmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.