Parisin körüklədiyi odda yanan Hayastan
Siyasət

Parisin körüklədiyi odda yanan Hayastan

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə dost sevindi, düşmən isə hələ də özünə gələ bilmir. Çünki məqsədlərinə çatmaq üçün Ermənistanı siyasi alətə çevirən, qızışdırıb işğalçılığa sövq edən bəzi ermənipərəst dövlətlər iki ölkə arasında münaqişənin davam etməsində maraqlı idilər. Azərbaycanın yeraltı-yerüstü sərvətlərini talayıb xarici bazarlara çıxarmaqla gəlir mənbəyi əldə edən erməni havadarları, işğalçı ilə əraziləri işğal altında olan ölkəyə fərq qoymayan nüfuzlu qurumların əksəriyyəti Ermənistana hər vəchlə dəstək olmağa çalışırdılar.

Ərazi bütövlüyü pozulmuş Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə haqlı olduğunu, torpaqlarının 20 faizdən çox hissəsinin işğal edildiyini əsaslı faktlarla sübuta yetirərək qarşı tərəfin törətdiyi soyqırımlarını, insanlığa sığmayan faciələri dünyaya göstərsə də, haqq səsimizi eşidən, reallıqları görən olmadı. 30 il ədalətin bərpasına, münaqişənin sülh yolu ilə həllinə çalışan müstəqil dövlətimiz bu illər ərzində həm də iqtisadiyyatını möhkəmləndirib, diplomatik əlaqələrini şaxələndirməklə gücünü, qüdrətini artırdı. Münaqişənin danışıqlar yolu ilə həlli mümkün olmadığı təqdirdə Azərbaycan hərbi yolla ərazi bütövlüyünü təmin etmək iqtidarında idi. Bu isə erməni himayədarlarının mənafeyinə uyğun deyildi.

İkinci Qarabağ müharibəsində bir çox dövlətlər öz ərazilərində düşmənə qarşı əks-hücum əməliyyatı keçirən Azərbaycanın haqq işini deyil, açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyir, qərəzli siyasət yürüdürdülər. Bu ölkələrin ən öndə olanı isə Fransa idi. Ermənistan ilə Azərbaycan arasında münaqişənin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələrindən biri kimi 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, tarixi yurd yerlərindən didərgin salınmış, misli görünməmiş qırğınlara məruz qalmış azərbaycanlıların başlarına gətirilən müsibətlərə heç bir reaksiya verməyən, münaqişənin həllinə deyil, əksinə, uzadılmasına çalışan rəsmi Paris 44 günlük müharibənin gedişatında Ermənistanın müdafiəsində dayandı.

Bu gün də Ermənistanın yanında olduğunu nümayiş etdirərək onu "cəsarətləndirən" Fransa "müttəfiqini" silahlandırmaqla yeni müharibəyə təhrik edir, "Fransa burdadır və vasitəçi dövlətdir, heç bir zaman Ermənistanı atmayacağıq" kimi bəyanatlar səsləndirir. Baş nazir Nikol Paşinyanı Fransaya dəvət edən Emmanuel Makron fevralın 21-22-də Yelisey sarayında keçirilən birgə mətbuat konfransında ölkəsinin Paşinyanın rəhbərliyi altında Ermənistana dəstəyini ifadə edib. Mətbuata bəyanatında Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasının "zəruriliyini" bildirən Makron Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirəcəyinə söz verib.

Göründüyü kimi, Fransa regionda sülhün olmasını istəmir, vəziyyəti gərginləşdirir və Ermənistanı faktiki olaraq Ukrayna kimi qurban vermək bahasına Cənubi Qafqazda münaqişə ocağının saxlanmasına çalışır. Məqsəd Ermənistandakı Rusiya hərbi bazasını Fransa bazası ilə əvəz etməkdir. Fransada olduğu günlər bu istiqamətdə atılan addımlar - Yerevan hava limanından rusiyalı hərbçilərin çıxarılması, Paşinyanın KTMT-də fəaliyyətlərini dondurduğunu bildirməsi, Fransanın müdafiə nazirinin Ermənistan üçün ayrılmış hərbi texnika ilə Yerevana səfər edəcəyini bəyan etməsi və s. buna istiqamətlənib.

Azərbaycan ordusunun keçirdiyi birgünlük antiterror tədbirləri nəticəsində Qarabağı könüllü olaraq tərk edən erməni əhalinin geri qayıtması məsələsini də gündəmə gətirən Makron keçən il Fransa hökuməti tərəfindən onlara 29 milyon avro humanitar yardım edildiyini bildirib və qeyd edib ki, Azərbaycan köçkün erməni əhalisinin "öz vətənlərinə" tez bir zamanda təhlükəsiz qayıtmasına şərait yaratmalıdır. Öz ölkəsində baş alıb gedən problemlərin həllinə çalışmayan Fransa Prezidentinin Ermənistanın "vəkili" kimi çıxış etməsi başadüşüləndir. Çünki işğalçı və müstəmləkəçi tandem bir-birini sözün əsl mənasında tamamlayır, bu ölkələrin həyata keçirdikləri siyasətin təməl prinsipini işğalçılıq, zorakılıq, qanlı müharibələr təşkil edir. Onları bir-birinə bağlayan da məhz budur. Anlaşılmayan isə odur ki, döyüş meydanında Ermənistana layiqli dərs verən Azərbaycanın daxili işlərinə qarışmağın nəticələrini hamıdan yaxşı Makron bilir və bunu öz timsalında dəfələrlə görüb. Məsələn, 2022-ci il oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündə Fransanın da Avropa İttifaqı Şurası ilə birgə iştirak etməsinə xoş məram göstərən Azərbaycan dövləti növbəti dəfə, dekabrın 7-də Brüsseldə keçiriləcək görüşə razılıq vermədi. Azərbaycan Prezidenti bu barədə mövqeyini qətiyyətlə bildirdi: "Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq".

Fransa prezidentinin Azərbaycan dövlətinin qüdrətini, ölkə başçısının sözünün imzası qədər keçərli olduğunu, qətiyyətini, cəsarətini bilərək davamlı olaraq bu cür yanlış addımlar atması, Ermənistanı qızışdırıb Cənubi Qafqazda sülhü təhdid etməsi ilk növbədə Bakı ilə Paris arasında münasibətlərə xələl gətirib, digər tərəfdən isə Ermənistanı "odla su arasında qoyub". Belə ki, Makronun Fransanın Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin inkişafına dəstək verəcəyini bildirməsi, hərbi sahədə əməkdaşlığın genişləndirilməsi, bu barədə müqavilələrin imzalanması, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasına kömək edəcəyi barədə vədləri Ermənistanı uçuruma sürükləyir. Çünki yaxın qonşuluq, əməkdaşlıq təklifini dəyərləndirməyən, silahla, top-tüfənglə başı aldadılan Ermənistan elə "dostunun" qaladığı odda da yanıb kül olacaq.

Mehparə Əliyeva,

"Respublika".