Paşinyan mövcud konstitusiyadan narazıdır
Siyasət

Paşinyan mövcud konstitusiyadan narazıdır

Son dövrlərdə Ermənistanın baş naziri bir sıra açıqlamaları ilə gündəmdədir. Nikol Paşinyan bu dəfə ölkənin konstitusiyasında dəyişiklik edilməsinin vacibliyi barədə fikirlər səsləndirib. O, yanvarın 19-da Ədliyyə Nazirliyində keçirilən iclasdakı çıxışı zamanı bildirib ki, Ermənistanın öz demokratik "legitimliyini" və həyat qabiliyyətini təmin etmək üçün konstitusiya islahatına deyil, büsbütün yeni konstitusiyaya ehtiyacı var.

Baş nazir yeni konstitusiyanın hazırlanması və qəbulu barədə dəqiq vaxt təklif etməsə də, bu addımın ictimaiyyət tərəfindən səsverməyə qoyulmasının vacibliyini diqqətə çatdırıb. Paşinyan parlamentli idarəetmə sisteminin Ermənistan üçün uyğun olduğunu söyləyib. Ermənistan baş nazirinin bu qərara gəlməsində və prosesə Ədliyyə Nazirliyini cəlb etməsinin arxasında bir sıra mühüm məqamlar dayanır.

İlk olaraq, xatırlatmaq yerinə düşər ki, qərb qonşumuzun Konstitusiyası ilk dəfə 1995-ci ildə qəbul edilib. 2005 və 2015-ci illərdə konstitusiyada dəyişikliklər olunub. Məhz bu düzəlişlərdən sonra ölkədəki yarı-prezident idarəçiliyi parlament idarə üsulu ilə əvəzlənib. 2018-ci ildə "narıncı inqilab" vasitəsilə ölkə rəhbərliyinə gələn baş nazir 2021-ci ildə keçmiş hakim elitanı devirməklə parlament sistemini təkmilləşdirməyə çalışan Konstitusiya İslahatları Şurasını yaradıb.

Paşinyan yeni Konstitusiya islahatlarının keçirilməsinə nail olmaqla radikal rəqiblərini zəiflətmək məqsədi güdür. Şübhəsiz, nəzərdə tutulan dəyişikliklərlə məşğul olacaq şuranın təsisi və yekun sənədin hazırlaması xeyli vaxt tələb edir. Bu müddət ərzində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq. Baş nazir, həmçinin təklif etdiyi yeni konstitusiya sayəsində kilsə ilə də münasibətlərini yenidən gözdən keçirəcək. Çünki "Mülki müqavilə" ilə Eçmiədzin arasında uzun müddətdir soyuq küləklər əsir. Buna əsas səbəb isə kilsənin Paşinyan hakimiyyətinə qarşı çıxması və müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi Ermənistan baş nazirini günahlandırmasıdır. Ehtimal olunur ki, Paşinyan yeni konstitusiya ilə kilsənin erməni cəmiyyətindəki rolunu zəiflətməyə cəhd edəcək.

Paşinyanın sözügedən çıxışı ilə bağlı erməni mediasında da maraqlı informasiyalar yayılıb. Ermənistan mediasının iddiasına görə, Paşinyan bununla hətta dördüncü respublika da elan edə bilər. Konstitusiya dəyişikliyindən sonra baş nazir, həmçinin siyasi mühiti yeniləmək istəyəcək.

Yeri gəlmişkən, Nikol Paşinyan 2021-ci il martın 1-də Ermənistanda keçirilən mitinqdə mövcud konstitusiyada böhranın idarə olunması zamanı xüsusilə özünü büruzə verən bir sıra çatışmazlıqlar barədə danışmışdı. O, konstitusiyaya dəyişikliklərin, o cümlədən yarım-prezident idarəetmə sisteminə keçidin mümkünlüyünü diqqətə çatdırmışdı. Ədliyyə Nazirliyinin rəhbəri Qriqor Minasyan isə konstitusiya islahatlarının yeni konsepsiyasının ilin sonuna qədər hazır olacağını açıqlamışdı. O, həmçinin Ermənistanın parlamentli idarəetmədən yarı-prezident idarəetmə formasına keçməyəcəyini vurğulamışdı. Ermənistanın hazırki konstitusiyasında qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bir sıra bəndlər yer alıb. Ermənistan müstəqillik qazandığı ilk illərdə ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək, ərazi iddialarını Əsas Qanuna salmışdılar. Bu baxımdan, Paşinyan dəyişikliyi labüd hesab edir. Ermənistan baş naziri anlayır ki, mövcud konstitusiyaya dəyişiklik etmədən regionun aparıcı qüvvələri olan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq qeyri-mümkündür. Eyni zamanda radikalların və Qarabağ klanının müqaviməti ilə üzləşsə belə, Paşinyan yeni konstitusiya qəbul etmək istədiyi təqdirdə erməni cəmiyyətinin əksər hissəsi ona dəstək göstərəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".