Pay   torpaqlarından   təyinatına   uyğun   istifadə   edilməlidir 
Region

Pay   torpaqlarından   təyinatına   uyğun   istifadə   edilməlidir 

Bəzi vətəndaşlar torpaq qanunvericiliyinin  tələblərini pozmaqla pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndək qazırlar. Bu isə kənd təsərrüfatı təyinatlı torpaqların münbit qatının korlanmasına səbəb olur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirir   ki, qurum torpaqların təyinatı üzrə istifadəsi və onların mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirir. Keçirilən monitorinqlər zamanı torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına rast gəlinir. Bunlardan biri də pay torpaq sahələrinin kənarına mühafizə məqsədilə kanal və xəndəklərin qazılmasıdır. Bu isə torpaqların münbit qatının korlanmasına, məhsuldarlığın azalmasına, torpaq qanunvericiliyinin pozulmasına səbəb olur. Belə hallara daha çox Oğuz, Masallı, Kürdəmir və Şəki rayonlarının ərazisində rast gəlinir.

Qeyd  edək  ki,  İnzibati Xətalar Məcəlləsinin 244-cü maddəsinin 2-ci bəndinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə fiziki şəxslər 600 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2 min manatdan 3 min manatadək, hüquqi şəxslər isə 6 min  manatdan 8 min  manatadək məbləğdə cərimə edilir.

Eləcə   də Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən, kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 

Nəriman  CAVADOV,

“Respublika”.