Sağlam ailə həyatı
Region

Sağlam ailə həyatı

Onlar Cəbrayıl rayonunun Xələfli kəndindəndirlər. Doğma torpaqları işğal olunandan sonra Biləsuvar ərazisində salınan qəsəbədə məskunlaşıblar. Əli və Səyyarə Hümbətəliyevlər düz 69 ildir birgə nikahdadırlar. Ömürlərinin ən xoş çağlarını Xələfli kəndində keçiriblər. Təmiz hava, təmiz su, bərəkətli torpaqlar bu ailəyə həmişə xoşbəxtlik, ruzi-bərəkət gətirib, firavan gün-güzəran yaşayıblar. Ailədə sağlam, tərbiyəli övlad böyüdüb, ərsəyə çatdırıblar. İndi Əli kişi ilə Səyyarə ana 7 övlad, 16 nəvə, 21 nəticədən ibarət böyük bir ailəyə başçılıq edirlər. Bu günlərdə  Hümbətəliyevlər ailəsi ziyarət olundu. Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları iştirak etdilər.

Ailə başçısı Əli Hümbətəliyev qonaqlara keçdiyi ömür yolundan, ailə həyatından, əmək fəaliyyətindən, qazandığı uğurlardan danışdı. Daha sonra gələcək nəslə nümunə olan Hümbətəliyevlər ailəsi uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd etdilər. Əli kişi, Səyyarə ana torpaqlarımızın işğaldan azad olunmasına görə Müzəffər Ali Baş Komandana, böyük qəhrəmanlıqlar göstərmiş şanlı ordumuzun döyüşçülərinə minnətdarlıqlarını bildirdilər.

Tofiq HÜSEYN,

“Respublika”.