Postmüharibə dövründə informasiya siyasəti
MÜSAHİBƏLƏR

Postmüharibə dövründə informasiya siyasəti

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 iyul 2022-ci il

Bu sözlər Prezident, Müzəffər Ali Baş Komandan və postmüharibə reallıqlarının müəllifi İlham Əliyevin milli mətbuatın yaranmasının ildönümü münasibətilə media nümayəndələrinə göndərdiyi təbrik məktubundan götürülüb. Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli təbrik məktubu jurnalistlərə məhz Şuşada, milli mədəniyyətimizin və ictimai-siyasi fikir tariximizin tərcümanı müqəddəs məkanda oxundu. Məhz həmin gün Vətən mübarizəsindən sonra - postmüharibə dövründə qarşıya yeni siyasi, iqtisadi, sosial və hərbi hədəflər qoyan, Azərbaycanın müasir dövrdə tamamilə fərqli və ən əsası qlobal tələbələrə uyğun fəaliyyət strategiyasını reallaşdıran, beynəlxalq arenada müasir Azərbaycanın yeni imicini yaradan Lider media sahəsinin da davamlı və hərtərəfli inkişafını, milli mediamızın postmünaqişə mərhələsinin tələb və çağırışları ilə ayaqlaşmasını həlli vacib vəzifə kimi qarşıya qoydu. O zaman bu strategiyanın ana xətti nədir? Yaxud, Prezident İlham Əliyev müasir Azərbaycan mediasını necə görmək istəyir?

Postmünaqişə dövrünün informasiya siyasəti necə olmalıdır?

Prezident İlham Əliyevin müraciətindən nümunə kimi gətirdiyimiz bir cümlə bu suala tam aydınlıq gətirir. Beləliklə, postmüharibə mediası:

1. Milli məsələlərdə prinsipiallıq nümayiş etdirməli və dövlətçilik maraqlarını daim uca tutmalı;

2. Saxta və yalan məlumatlara söykənən qlobal kampaniyalarla effektiv mübarizə aparmalı;

3. Vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətin tərəqqisi naminə yorulmadan çalışmalıdır.

O zaman ortaya daha bir sual çıxır. Qeyd olunan istiqamətlərdə atılan addımların forma və xarakteri, praktik həll yolu necə tənzimlənməli və xüsusən də postmüharibə dövründə necə həyata keçirilməlidir?

 

Real nümunə varmı?

Bəli, var. Prezident İlham Əliyevin istər müharibə, istərsə də postmüharibə dövründə yürütdüyü dəqiq informasiya siyasəti, dövlət başçısının əsasını qoyduğu hücum diplomatiyasının ideoloji - təbliğat metodikası bu gün hər bir media orqanı, hər bir jurnalist üçün başlıca fəaliyyət konsepsiyası sayıla bilər. Real nümunələr hansılardır?

 

I nümunə

Prezident İlham Əliyevin 44 gün ərzində xarici media orqanlarına 30-dan çox müsahibə verməsi;

Həmin müsahibələr Rusiyanın "Rossiya-1, "Pervıy", RBK televiziya kanalları, "Ria Novosti", TASS və "İnterfaks" agentlikləri, Türkiyənin "TRT Haber", CNN-Türk, "Haber Global", "Haber Türk", NTV, "A Haber" televiziyaları, Fransanın "Sky News", "France 24" televiziyaları, "Figaro" qəzeti, Almaniyanın ARD televiziyası, Yaponiyanın "Nikkei" qəzeti, ABŞ-ın "Fox News" televiziyası, İtaliyanın Rai-1 televiziyası və "La Repubblica" qəzeti, İspaniyanın EFE informasiya agentliyi, "Əl-Cəzirə", "Əl-Ərəbiyə", "Euronews", "CNN International", "BBC News" və s. televiziya kanalları kimi tanınmış media orqanlarına verilib. Bu müsahibələr nəticəsində biz nəyə nail olduq?

- Qardaş Türkiyəni nəzərə almasaq qlobal informasiya arenasında tək mübarizə aparan Azərbaycan yürütdüyü savaşın işğal, təcavüz deyil, məhz "Ədalətli müharibə" olduğunu bütün dünyaya sübut etdi;

- Dünyanın nüfuzlu informasiya orqanlarının jurnalistikanın 3 əsas və ənənəvi prinsipi - obyektivlik, ədalət və qərəzsizlik kimi dəyərlərdən uzaq olduğunu, korporativ maraqlara xidmət etdiyini, bir çox halda isə erməni diaspor və lobbi qruplarının əlində alətə çevrildiyini ortaya qoydu.

- Əsrlərdir xalqımıza qarşı yönələn və dünyada, xüsusən də Avropada "vəhşi azərbaycanlı" obrazını yaradan saxta erməni ideologiyasını darmadağın etdi, Azərbaycan xalqı və Azərbaycan dövlətinin qlobal arenada faktiki yeni imicini yaratdı. Nədir bu imic? Dərin intellekt, Vətən sevgisi və milli - mənəvi dəyərləri, milli prinsipləri hər şeydən uca tutmaq bacarığı. Bütün bunlar postmüharibə mediasının üzərinə düşən birinci vəzifənin praktik nümunəsidir.

 

II nümunə

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri və beynəlxalq tədbirlərdə aktiv iştirakı;

Məlumat üçün deyək ki, 2021-ci ildə dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyanın həcmi təxminən 6 trilyon dollar təşkil edib. Konkret Azərbaycana gəlincə, əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, 2021-ci ildə bu rəqəm 4 dəfə artıb. Yəni ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib. Bu faktlar hansı reallığı ortaya qoyur? O reallığı ki, saxta və əsassız məlumatlara söykənən qlobal kampaniyalar və həmin kampaniyaların bilavasitə baş elementi olan kiberhücumlar, dezinformasiyalarla mübarizənin ən effektiv metodlarından biri və birincisi konkret fakt və arqumentlərdir. Beləliklə, Prezident işğaldan azad olunmuş regionlara səfər etməklə:

–Dünyanın diqqətini növbəti dəfə Qarabağa və 30 illik erməni işğalının real izlərinə, erməni vandallığına yönəldir;

–Qarabağda aparılan genişmiqyaslı bərpa-yenidənqurma işlərini daim diqqətdə saxlamaqla böyük qayıdışın ən qısa zamanda reallaşması istiqamətində prinsipial addımlar atır və bu prinsipiallığı da bütün dünyaya nümayiş etdirir;

–Beynəlxalq təşkilatların, konkret olaraq Avropa Şurası, ATƏT, UNESCO-nun (p.s. çox təəssüflər olsun ki, bu siyahıya artıq Avropa İttifaqı da qoşuldu) 30 illik işğal dövründə yürütdüyü qeyri-obyektiv və ikili siyasəti konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır, işğal edənlə işğala məruz qalan arasında fərqi real görüntülərlə ortaya qoyur;

–Beynəlxalq səfərlərə gəlincə, Prezident İlham Əliyevin yalnız oktyabr ayı ərzində Bolqarıstana, daha sonra Çex Respublikasına, Rusiyaya, Qırğızıstana, Qazaxıstana, Gürcüstana, yenidən Rusiyaya, Əlcəzairə səfərləri, həmçinin dövlət başçısının Bakıda müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, səfirləri, beynəlxalq təşkilatların rəsmi nümayəndələrini qəbul etməsi Azərbaycanın haqq səsinin və mövqeyinin qlobal arenaya çıxarılması baxımdan strateji önəm kəsb edir. Və ideoloji işdə bir mühüm reallığı ortaya qoyur. Effektiv mübarizənin konkret fakt və arqumentlərlə, əyani şəkildə, hadisələrin mərkəzində dayanmaqla aparılması reallığını... Bu, artıq postmüharibə mediasının ikinci prinsipidir.

 

III nümunə

Prezidentin daim Vətəndaşlarla görüşməsi, Vətəndaşı maraqlandıran suallara yerindəcə, ətraflı cavab verməsi və həmin görüşlərdə yalnız daxili siyasət deyil, həm də Azərbaycanın yürütdüyü regional və qlobal siyasətin ən mühüm detallarına toxunması, şərh etməsi, o cümlədən yerli informasiya vasitələrinə müsahibə verməsi;

Atılan bu addımın və ya ortaya qoyulan praktik nümunənin kökündə nə dayanır?

–Vətəndaşı maarifləndirmək;

–Yalnız daxili siyasi-iqtisadi prosesləri deyil, regional və qlobal miqyasda yaşananları da düşünərək hadisələrə real qiymət verməyi bacaran müasir və ən əsası postmüharibə dövrünün tələblərinə uyğun vətəndaş formalaşdırmaq;

–Vətəndaşın informasiyanı birbaşa mənbədən, Prezidentin özündən almasına şərait yaratmaqla cəmiyyəti kənar təsirlərdən, yaxud müasir dövrün qlobal bəlası sayılan dezinformasiya xəstəliyindən, yad ideologiyadan qorumaq.

Başqa sözlə, atılan bu addım postmüharibə mediasının qarşısına cəmiyyətlə nəfəs almaq, media - cəmiyyət tandemini daha sıx və məhsuldar qurmaq, vətəndaşların dolğun və ilk növbədə, düzgün məlumat əldə etmək hüquqlarını peşəkar səviyyədə reallaşdırmaqla cəmiyyətin tərəqqisinə, deməli tam mənada informasiyalı cəmiyyətin formalaşmasına nail olmaqdır. Bu isə artıq Prezidentin medianın qarşısına qoyduğu 3-cü prinsipinin praktik həlli, real nümunəsidir.

 

Yekun...

Əslində, atılan bu addımlar postmüharibə mediasının qarşısında duran strateji vəzifələrə aydınlıq gətirməklə yanaşı, yeni dövrün əsas mövzularına, jurnalistlərin diqqət yetirməli olduğu başlıca tematik istiqamətlərə işıq salır. Bunlar hansılardır? Bunlar:

 

–44 günlük Vətən müharibəsinin geosiyasi əhəmiyyətinin;

–Qarabağın reinteqrasiyasının və azad Qarabağın yalnız siyasi, sosial və ya hərbi deyil, həmçinin iqtisadi əhəmiyyətinin;

–Qədim Azərbaycan torpaqları, o cümlədən də Şərqi Zəngəzur reallığının tarixi aspektlərinin dünyaya çatdırılmasıdır.

Bir də, xüsusi qeyd edilməlidir ki, yalnız güclü dövlətin və güclü xalqın güclü mediası ola bilər. Müasir Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi tarixinin ən uğurlu və ən güclü dövrünü yaşayır. Deməli, Müasir Azərbaycan Mediası da bu güclə ayaqlaşmalı, postmüharibə dövrünün tələbələrinə adekvat addımlar atmalı və informasiya siyasətində üzərinə düşən strateji vəzifələrin (milli məsələlərdə prinsipiallıq, dezinformasiya ilə effektiv mübarizə və vətəndaşların düzgün məlumat əldə etmək hüquqlarının qorunması) praktik həllinə çalışmalıdır.

Rövşən Raqifoğlu,

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, filologiya elmləri doktoru.