Premyer Liqa: “Araz-Naxçıvan” klubu “Sabah”a qalib gəlib
İdman

Premyer Liqa: “Araz-Naxçıvan” klubu “Sabah”a qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunda növbəti oyun baş tutub.

"Respublika" xəbər verir ki, günün ikinci matçında “Araz-Naxçıvan” və “Sabah” komandaları üz-üzə gəliblər. “Dalğa Arena”dakı görüş muxtar respublika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 39-cu dəqiqədə açılıb. Bakı klubunun heyətində Boyan Letiç avtoqol müəllifi olub. 71-ci dəqiqədə isə Turan Manafov uzaq məsafədən vurduğu baxımlı qolla yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran “Araz-Naxçıvan” dördüncü pilləyə yüksəlib. 22 xalı olan “Sabah” isə 7-ci sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib. “Səbail” isə “Qəbələ”yə 3 cavabsız qolla qalib gəlib. Dekabrın 16-da “Turan Tovuz” - “Zirə”, dekabrın 18-də isə “Qarabağ” - “Neftçi” matçları keçiriləcək.