Prezidentin xüsusi nümayəndəsi ilə QDF-in donorları arasında fikir mübadiləsi aparılıb
Digər xəbərlər

Prezidentin xüsusi nümayəndəsi ilə QDF-in donorları arasında fikir mübadiləsi aparılıb

İyulun 27-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun iştirakı ilə QDF-in donor və tərəfdaşları olan ölkənin aparıcı şirkətlərinin və ictimaiyyətin nümayəndələri arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, "Qarabağ Dirçəliş Fondunun Dostları" işgüzar platforması çərçivəsində təşkil olunan və "Yüksəliş" müsabiqəsinin qaliblərinin də iştirak etdikləri görüşdə Qarabağda həyata keçirilən bərpa və quruculuq prosesi, bu sahədə biznes, cəmiyyət və dövlət strukturları arasında əməkdaşlığın inkişafı, keçmiş məcburi köçkünlərin Qarabağa qayıdışı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov "Qarabağ: Yenidənqurma və inkişaf, regionun investisiya imkanları" mövzusunda təqdimatla çıxış edərək, işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı geniş məlumat verib.

Bərpa və yenidənqurma prosesinin çox sürətlə getdiyini deyən Emin Hüseynov işğaldan azad olunan ərazilərin bərpası üçün ilin sonunadək sərf ediləcək vəsaitin həcminin 12 milyard manata çatacağını diqqətə çatdırmaqla yanaşı, bu vəsaitin ildən-ilə artacağını vurğulayıb.

İşğaldan azad olunan ərazilərdə yaradılan infrastruktur layihələri ilə bağlı məlumat verən Emin Hüseynov həmin ərazilərin böyük kənd təsərrüfatı, iqtisadi və turizm potensialının olduğunu , bərpa prosesi başa çatdıqdan sonra bu potensiallardan geniş istifadə ediləcəyini bildirib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında işğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin sürətlə davam etməsi ilə bağlı fikirlərini bölüşüb, QDF-in donorlarının iştirakı ilə keçirilən görüşlərin bu prosesə öz töhfəsini verdiyini söyləyib. O deyib: "Daha əvvəl keçirilən görüşlərimiz zamanı daha çox düşmənin torpaqlarımızda törətdiyi dağıntılardan, zərərdən danışırdıq. Bu gün isə daha çox bərpa və quruculuq işlərindən danışırıq. Bu çox sevindirici haldır".

Zərərin miqyasının olduqca böyük olduğunu deyən İdarə Heyətinin sədri hər kəsi bərpa prosesində fəal olmağa çağırıb. "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa işlərini öz imkanları, öz resursları hesabına edir. Kimdənsə kömək gözləməməliyik. Müharibə dövründə olduğu kimi həmrəylik nümayiş etdirməli, öz torpaqlarımızı özümüz bərpa etməliyik. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər", - deyə o vurğulayıb.

Sonra görüş müzakirələrlə davam edib. Bir saata yaxın davam edən müzakirələr zamanı tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, Qarabağın bərpa və quruculuq prosesində şirkətlərin rolu, işğaldan azad olunan ərazilərdə gənclərin işlə təmin olunması, Böyük Qayıdış prosesi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.