Putindən Afrikaya taxıl zəmanəti
Region

Putindən Afrikaya taxıl zəmanəti

Rusiya prezidenti Vladimir Putin Ukraynadan ala bilmədikləri taxılı Afrika ölkələrinə kommersiya və ya qrant şəklində göndərməyin mümkün olduğunu bildirib.

"Respublika" xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Rusiya lideri ölkəsinin taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyini deyib. Kremlin saytında dərc olunan açıqlamada qeyd olunub ki, Rusiya Afrikaya taxıl, ərzaq məhsulları, gübrə və digər malların tədarükünü təmin etmək üçün səylərini davam etdirəcək.  Ölkəsinin bu il rekord nəticə göstərəcəyinə işarə edən Putin, həmçinin Rusiyanın Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə biləcəyini bildirib. 

Xatırladaq ki, keçən həftə rəsmi Moskva 2022-ci ilin iyulunda imzalanmış taxıl müqaviləsində Rusiya ilə bağlı şərtlərin yerinə yetirilmədiyini iddia edib. Putin, Rusiyanın 2022-ci ildə Afrikaya 11,5 milyon ton, 2023-cü ilin ilk yarısında isə 10 milyon ton taxıl göndərdiyini diqqətə çatdırıb.

Nəzrin ELDARQIZI,

"Respublika".