Sosial həyat

"Qafqazın Xirosiması" "ağıllı şəhər"ə çevrilir

1991-ci ildən başlayaraq Ermənistanın havadarlarının köməyi ilə Ağdama ardı-arası kəsilməyən hücumları qarşısında ağdamlılar mərdliklə dayanıb, düşmənin təxribatlarını dəf edib, keçmiş Dağlıq Qarabağdan qovulan azərbaycanlıların pənah yeri olub. Ermənistanın Qarabağda törətdiyi hərbi cinayətlərin xronologiyasına nəzər salanda bir daha aydın olur ki, düşmən üç ilə yaxın Ağdam şəhərini və ətraf kəndləri daim atəş altında saxlayıb.

Bir vaxtlar "Ruhlar şəhəri" adlandırılan Ağdam indi ruhumuzun, arzularımızın və gələcəyin şəhəri kimi sürətlə yenidən qurulur

1992-ci ilin fevral və mart ayında Azərbaycanın bu qədim və gözəl şəhəri raketlərdən, toplardan güclü və intensiv şəkildə bombardmana məruz qaldı. Şəhərdə onlarla ev və digər binalar yerlə-yeksan edildi. Bir neçə gün ərzində 25 nəfər dinc sakin həyatını itirdi. Xalqımızın ən əziz bayramı olan Novruzda, daha doğrusu, martın 18-19-da (1992-ci il) Ermənistan silahlı qüvvələri və muzdlu terrorçular Naxçıvanlı, Xanabad, Kətik və Əsgəran istiqamətindən Ağdam şəhərinə 200-dən artıq raket atmışdılar. Fasiləsiz raket zərbələri saat yarım davam etmişdir. Nəticədə 50 nəfərə yaxın adam, o cümlədən uşaq, qadın, qoca həlak oldu. Şəhər 1993-cü il iyulun 23-də işğala məruz qaldı. Birmənalı şəkildə demək olar ki, Ermənistan havadarlarının köməyi ilə Ağdamda urbisid törədib. Dünyada bəlkə ikinci elə yer yoxdur ki, Ağdam şəhərindəki vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri olmuş Serjik Sarkisyan, Robert Koçaryan buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Eşitdiklərimi danışmıram, həmin çətin illərdə Ağdam şəhərində yaşadığım üçün baş verən bütün hadisələrin şahidi olmuşam. 2001-ci ildə işğal altında qalan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdamı dağıdılmış məscidin minarəsindən seyr edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Həmin ərazilərdə qarşılaşdığı dağıntıları sonradan qələmə aldığı "Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında təsvir edən jurnalist yazır: "Parlaq yaz günü idi, buradan hətta 100 kilometr şimalda ucalan Qafqaz dağlarının səfalı zirvələri aydın görünürdü. Bu mənzərəni seyr etmək əvəzinə, gözlərim aşağıdakı kiçik Xirosimada idi. Əvvəllər Ağdam şəhərinin 40 min əhalisi var idi, indi isə bu ərazidə heç bir nəfər də qalmayıb. 1993-cü ildə ermənilər bu şəhəri ələ keçirdikdən sonra küçələri və evləri bir-bir talayıb dağıdıblar. Dağıdılmış evləri qanqal və böyürtkən kolları basmışdı. Viranə qalmış şəhərə minarədən baxıb bir daha bu apokalipsisin səbəbləri haqqında düşündüm...".

Əsas fakt odur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam bölgədəki ənənəvi çox mədəniyyətli şəhərlərdən biri kimi tarixin səhifəsindən silinib. Dünyada ikili standartların hökm sürdüyü bir məqamda Ermənistan hansı insan haqlarından, əxlaqdan danışır ki, indi bütün dünya erməni işğalçıların Ağdamda, Füzulidə və digər ərazilərdə törətdiyi dağıntıları görür. Yaxşı bilirik ki, bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin XX əsrdə haylar tərəfindən törədilən belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib. Vaxtilə bu şəhərdə rus, erməni, gürcü, Ukrayna, Belarus və digər xalqların nümayəndələri azərbaycanlılarla birlikdə mehriban şəraitdə yaşayıblar.

Üç ildir ki, Ağdamda bərpa və yenidənqurma işləri aparılır, "ağıllı şəhər" layihəsi uğurla həyata keçirilir. Qarşıya məqsəd qoyulub ki, Ağdam gələcəyin şəhərinə çevrilsin. Bir neçə ildən sonra təkcə azərbaycanlılar deyil, bütün dünya iddialı böyük bir şəhərin yaranacağına şahid olacaq. Memarların qənaətinə görə, Ağdamın mərkəzi bütün şəhərin səviyyəsini müəyyən edəcək. Dövlətimizin başçısı İlham Əliyev son üç il ərzində dəfələrlə Ağdamda olub, şəhər və kəndlərin, infrastruktur layihələrin təməlini qoyub, tarixi abidələrin bərpa edilməsi üçün tövsiyə və tapşırıqlarını verib. Prezidentin təşəbbüsü ilə Ağdam modern şəhərsalma prinsipləri əsasında qurulur.

BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu kimi mötəbər tədbirin birinci günü Ağdamda keçirilib. Qeyd edək ki, forumda 40-dan çox ölkənin nümayəndələri iştirak edib.

Dekabrın 25-də öz ad günündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdama səfəri bir çox mühüm tədbirlərlə yadda qaldı. Ağdam şəhərində əvvəllər təməli qoyulmuş yaşayış məhəllələrinin ardınca dörd və beşinci yaşayış massivinin, üç kəndin və bir neçə infrastruktur layihənin təməlləri qoyuldu, Xaçınçay su anbarının təmirdən sonra açılış mərasimi keçirildi. Qeyd edək ki, Ağdamın tarixi mərkəzi muzey kimi saxlanacaq. Ümumi sahəsi 14 hektara yaxın olan dördüncü yaşayış kompleksinin salınacağı ərazinin bir hissəsi çoxfunksiyalı zonanı əhatə edir. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumi sahəsi 137 min kvadratmetr təşkil edən 1080 mənzil olacaq. Yaşayış kompleksindəki binaların inşasında istilik tutumlu təbii materiallardan istifadə ediləcək. Qeyd edək ki, ümumi sahəsi 12 hektar olan beşinci yaşayış kompleksinin ərazisinin böyük bir hissəsi yaşıllıq zonasından ibarət olacaq. Kompleks şəhərin təsdiq edilmiş ümumi Baş planına uyğun salınacaq. Bu kompleksdə tikiləcək yaşayış binalarında ümumilikdə, 1115 mənzil olacaq. Bütün binalar daimi su, elektrik enerjisi və yüksəksürətli internet ilə təmin ediləcək. İstilik və isti su təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.

Qədim tarixi olan Qiyaslı kəndi də düşmən tərəfindən tamamilə dağıdılıb. Prezidentin təməlini qoyduğu yeni Qiyaslı kəndi tarixi ənənələri qorunmaqla müasir üslubda layihələndirilib. Kəndin ümumi ərazisi 400 hektara yaxındır. Qiyaslı kəndində 4972 nəfərin məskunlaşması nəzərdə tutulub. Kənddə ümumilikdə, 1323 fərdi evin tikintisi aparılacaq. Birinci mərhələdə kəndə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi ev tikiləcək. Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada əhali mədəniyyət və əyləncə mərkəzləri, dini, xidmət, kommersiya müəssisələri, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə işlə təmin olunacaqlar. Qiyaslı kəndində 540 şagird yerlik məktəb, 180 yerlik isə iki uşaq bağçası və digər sosial obyektlər inşa olunacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. Həmin gün Baş Qərvənd və Salahlı Kəngərli kəndlərinin də təməli qoyulub.

Dövlətimizin başçısı Ağdamın Xocalı rayonu ilə sərhədində yerləşən Şelli kəndi ərazisində "AzərEnerji" tərəfindən 110/35/10 kV-luq "Ağdam" qovşaq yarımstansiyasını işə salıb. Bu yarımstansiyanın Ağdamın Xocalı ilə sərhədində tikilməsinin xüsusi əhəmiyyəti vardır. Yəni "Ağdam" qovşaq yarımstansiyası rayonun bəzi kəndləri ilə yanaşı, əsasən Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndini ölkə enerji sisteminə qoşmaqla bərabər, həmçinin ehtiyat qida mənbəyi kimi regionun enerji təchizatında etibarlılığı təmin edir. Bunun üçün yarımstansiyada ehtiyat yuvalar da quraşdırılıb. Yaxın vaxtlarda "Ağdam" qovşaq yarımstansiyasından Xankəndiyə 110 kilovoltluq ötürmə xətti çəkilərək 110/35/10 kilovoltluq "Şuşa" və "Füzuli" yarımstansiyaları ilə əlaqələndiriləcək. Yeri gəlmişkən qeyd edək ki, 2022-ci il fevralın 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "AzərEnerji"nin yeni tikilən 110/35/10 kV-luq "Ağdam-1" yarımstansiyası və onun yaxınlığında tikilən "Qarabağ" Regional Rəqəmsal İdarəetmə Mərkəzi istismara verilib.

1993-cü il iyun ayının 12-də ətraf kəndlərlə birlikdə Xaçınçay su anbarı Ermənistan tərəfindən işğala məruz qalıb. Ağdam rayonundakı Xaçınçay su anbarının 23 milyon kubmetr sututumu var. Ermənilər işğal dövründə demək olar ki, bu anbarı dağıdaraq yararsız vəziyyətə salıblar. Qalib Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və şəxsi fədakarlığı sayəsində işğal altındakı bütün yaşayış məntəqələri, o cümlədən Xaçınçay su anbarı düşmən tapdağından azad edilib. Ötən əsrin 60-cı illərində Xaçındərbənd kəndinin yaxınlığında Xaçınçayın qarşısına böyük bir bənd salınıb. Qeyd edək ki, bəndin hündürlüyü 44 metr, uzunluğu 940 metrdir. Su anbarının yerləşdiyi ərazi 28 il işğal altında olduğundan bu mənbədən ümumilikdə, suvarılan 7 min hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Aran torpaqlarının suvarılmasında mühüm əhəmiyyət kəsb edən Xaçınçay su anbarının 7 kilometr uzunluğunda kanalla birlikdə təmiri və bərpası aparılıb. Xaçınçay su anbarına daxil olan sular tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetr olan əsas magistral kanala ötürülür. Kanalın başlanğıc 6,64 kilometr hissəsi də bəndlə bərabər təmir və bərpa olunub. Su anbarında yeni inzibati bina və gözətçi binası, təmir emalatxanası və nasosxana tikilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva su anbarında görülən işlərlə tanış olduqdan sonra Xaçınçay su anbarı işə salınıb.

Rayon ərazisində qədim tarixə malik yüzlərlə memarlıq, dini abidələr olub. Buradakı tarixi memarlıq abidələri, yaşayış məskənləri, sərdabələr, kurqanlar və müxtəlif tarixi dövrləri əks etdirən nadir mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. Ağdamda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarı olub. Qarabağ xanlarının nəslindən olan digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. İbrahimxəlil xanın türbəsi və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi ermənilər tərəfindən dağıdılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, "İmarət" Kompleksinə aid olan tarixi qəbiristanlığın ərazisi 6 min kvadratmetrdir. Kompleksin ərazisindəki tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işlərinin birinci mərhələsi yekunlaşdıqdan sonra tədqiqat işlərinin ikinci mərhələsi başlayacaq. Ölkə başçısı tərəfindən Ağdamda şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin və mərkəzi parkın təməli qoyulub. Ağdam sürətlə, zövqlə, milli memarlıq üslubunda, müasir şəhərsalma layihələri əsasında tikilir, tarixi və müasir cizgiləri əks etdirən bir şəhər addım-addım böyüyür.

Salman ALIOĞLU,

"Respublika".