Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib
Sosial həyat

Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib

Yanvarın 25-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin ölkəmizə səfəri çərçivəsində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin, İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayev jurnalistlərə verdiyi müsahibəsində İran-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsidir. Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyət göstərir.

Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün tikintisinin İran-Azərbaycan sərhədində yaranan tıxacların qarşısını alacağını qeyd edən Ş.Mustafayev yeni körpünün tikintisinin bu ilin sonuna qədər başa çatacağını söyləyib.

Ş.Mustafayev, həmçinin deyib: "Şimal-Cənub nəqliyyat dəhlizinin iki komponenti var. Onlardan biri dəmir yoludur. Dəmiryolu körpüsü bir neçə il əvvəl tikilib istifadəyə verilib. Hazırda həmin körpü üzərində dayanmışıq. Astarada daha bir körpü inşa edilir. Onun da inşası bu ilin sonunadək yekunlaşacaq. Digər komponent isə avtomobil yoludur. Bildiyiniz kimi, avtomobil yolu körpüsü ötən əsrin 50-ci illərində inşa edilmişdi, köhnə idi. Həm də bu körpüdə tıxac olurdu. Tıxac nəqliyyat axınının sürətinin aşağı düşməsinə səbəb olur və səmərəliliyə mənfi təsir göstərirdi. Ona görə də hər iki ölkənin hökuməti yeni körpünün tikilməsinə qərar verdi. Bu gün olduqca vacib gündür. İranlı həmkarımla birlikdə körpünün təməlini qoyduq, yeni körpü inşa ediləcək".

Şimal-Cənub nəqliyyat dəhlizinə çox böyük tələbatın olduğunu vurğulayan Baş nazirin müavini Azərbaycan-Rusiya sərhədində də sərhəd-keçid məntəqələrinin genişləndirilməsi üçün bir sıra işlər görüldüyünü, hər iki sərhəddə bu problemlərin aradan qaldırılmasının Şimal-Cənub dəhlizi vasitəsilə yükdaşımaların həcminin artıracağını diqqətə çatdırıb.

Astaraçay üzərində tikiləcək körpünün yaradacağı imkanlardan söz açan Ş.Mustafayev bildirib ki, pandemiya dövrünün iki il sürməsi ölkələr arasında ticari əlaqələrə zərbə vurub. Amma İranla Azərbaycan arasında belə bir problem yaşanmadı. Biz nə ticarəti, nə ixracı bir gün də dayandırmadıq. Əvvəlki illə müqayisədə ticarət dövriyyəmiz 30 faiz artıb. Yükdaşımalarda bu artım 62 faizdir. Buna baxmayaraq, tələbat var. Tələbat varsa, biz şərait yaratmalıyıq. Bu gün işlərdən birinə başladıq. İnanırıq ki, bu tikinti işləri il ərzində başa çatacaq və daha yaxşı şərait yaranacaq", - deyə Baş nazirin müavini vurğulayıb.

Yeni körpünün təməlqoyma mərasimi başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriblər.

Qeyd edək ki, son illər Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan)-Astara (İran) sərhəd-keçid məntəqəsi ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

AZƏRTAC