Ürəklərdə yaşayan vətən müharibəsi qəhrəmanı
Sosial həyat

Ürəklərdə yaşayan vətən müharibəsi qəhrəmanı

Vətən müharibəsində Azərbaycan əsgəri və zabiti hərb tarixində görünməmiş qəhrəmanlıqlar nümayiş etdirdilər. Bu günlərdə şanlı hərb yolu keçmiş, vətənpərvər, qorxmaz və cəsur, şəhidlik zirvəsinə ucalan Əliyev Anar Vaqif oğlunun ailəsinə baş çəkdik. Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində dünyaya göz açmışdır. Atası Vaqif Əliyev və anası Səkinə Əliyeva hər ikisi ingilis dili müəllimi olmuşlar.

1980-ci ildə valideynlər işlə əlaqədar olaraq Ağdərə rayonunun Həsənqaya kəndinə gəlmiş, ümumi orta məktəbdə əmək fəaliyyətinə başlamışlar. Adıçəkilən kənddə yaşayanların böyük əksəriyyəti rus millətindən ibarət olmuşdur. Bu baxımdan təhsil müəssisəsində dərslər rus dilində tədris olunmuşdur.

Anar Əliyev uşaq bağçasında və məktəbdə təhsilini rus dilində almışdır. O, 1986-cı ildə birinci sinfə getmişdir. 1988-ci ildə məlum hadisələr nəticəsində Anar ailəsilə birlikdə Tərtər rayonunun Bəyimsarov kəndinə məcburi köçkün qismində gəlmiş, həmin kəndin məktəbində üçüncü sinfə getmişdir.

Vaqif müəllim deyir ki, bu səbəbdən məsum uşağın beynində erməni vandallarına qarşı nifrət formalaşmışdı. Hərbçi olmaq, doğma torpaqlarımızı işğaldan azad etmək və şəhidlərimizin qisasını almaqdan bəhs edirdi.

Anarın hərbçi olmaq arzusu onu 1995-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə apardı. O, 1997-ci ildə Bakı Birləşmiş Komandanlıq məktəbinə göndərilmişdir. 2001-ci ildə Qoşun kəşfiyyatı ixtisası üzrə adıçəkilən təhsil müəssisəsini bitirmişdir. Bundan sonra Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunun dinləyicisi olmuşdur.

2002-ci ildə Müdafiə Nazirliyinin əmri ilə Bakı şəhərində "N" saylı hərbi hissədə hərbi xidmətini davam etdirmiş, Xüsusi Təyinatlı Dəstə komandiri vəzifəsinə yüksəlmişdi. 2012-2014-cü illərdə Bakıda Silahlı Qüvvələrin hərbi akademiyasında təhsil almış, 2014-cü ildən Naxçıvan Muxtar Respublikasında xidmətə başlamışdı. Hərbi xidmət dövründə 8 xarici ölkədə hərbi təlimlərdə iştirak etmişdi. Xidmət dövründə Anar Əliyev nümunəvi xidmətinə görə dəfələrlə müxtəlif mükafatlarla təltif olunmuşdur.

2018-ci il 20-27 may tarixində Naxçıvanda Günnüt əməliyyatının fəal iştirakçılarından olmuşdur. Onun komandanlığı ilə Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları erməni işğalından azad olmuş, Dərələyəz mahalının Arpa kəndi Azərbaycan ordusunun atəş nəzarəti altına keçmişdir. Bu əməliyyat nəticəsində 11 min hektar ərazi işğaldan azad olunmuşdur.

Döyüşlərdə fərqləndiyinə görə 25.06.2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Şücaətə görə" medalı ilə təltif olunub. O, Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin komandiri vəzifəsində xidmət edərkən şəxsi heyətlə birlikdə 10 oktyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsinə qatılmışdır. İgid zabitin döyüş yolu Füzuli rayonundan başlamışdır. Qısa zaman ərzində bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirmişlər.

Füzuli, Cəbrayıl, Zəngilan rayonları, Hadrut, Xocavəndin Bulutan, Xırmançay, Məlikcanlı, Ağbulaq Edilli, Axurlu, Düdükçü, Tuğ kəndi, eləcə də Şuşa yüksəkliyinin azad olunmasında şəxsi heyətlə birlikdə vuruşaraq böyük qəhrəmanlıqlar göstərmişdir. Onun tabeliyində xidmət etmiş MAXE Röyal Abdullayev deyir ki, Anar heç zaman ölümdən qorxmurdu.

Müharibənin qızğın çağlarından birində şəxsi heyətə bir az dincəlmək üçün yatmaq əmri verildi. Əsgərlər oyandıqda komandiri görməmişlər. Az müddət sonra qorxmaz hərbçi çox yorğun, ancaq gözlərində sevinc hissilə bizə yaxınlaşaraq bildirdi ki, Şuşaya birinci biz girəcəyik. Sən demə, o, kəşfiyyat aparırmış.

21 oktyabrda səhər saat 5-6 arası Xocavənd ərazisində Şuşanın 8 kilometrliyində Tuğ yüksəkliyi uğrunda gedən amansız döyüşdə mənfur düşmənin atdığı qumbara nəticəsində Anar Əliyev şəhidlik zirvəsinə ucalır. O, şəhid olduqdan sonra 3 gün nəşi döyüş meydanında qalmış, lakin döyüş yoldaşları onun nəşini ermənilərin aparmasına imkan verməmişlər. Döyüş yoldaşları bildirir ki, Anar snayperlə çoxlu sayda düşmən əsgərini zərərsizləşdirmişdir.

Anar Əliyev sağ olarkən bir nəfər də olsun şəxsi heyətdən şəhid olmamışdır. O, həmişə tabeliyində olan əsgərlərə arxamca gəlin əmrini vermişdir. Heç zaman özü arxada gəlməmişdir. İgid komandir Bakı şəhərində İkinci Fəxri Xiyabanda uyuyur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən müharibəsi qəhrəmanı", "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocalının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Cəsur döyüşçünün valideynləri dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirirlər. Bildirdilər ki, Tərtər şəhərinin Şıxarx qəsəbəsində Anar Əliyevin adına küçə verilmiş, barelyefi qoyulmuşdur. Dövlət tərəfindən şəhidin ailəsi gözəl, müasir mənzillə təmin olunmuşdur. Şəhid polkovnik-leytenant Anar Əliyevin Nigar adlı qızı və Əli adlı oğlu yadigar qalmışdır.

Atası Vaqif müəllim oğlunun xatirəsini əbədiləşdirmək üçün evinin bir otağında guşə düzəltmiş, Gəncə şəhərində xatirə bulaq kompleksi, gözəl və səliqəli kiçik park salınmışdır. Hazırda park insanların sevimli istirahət məkanlarından birinə çevrilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".