Qalib olmaq, qurub-yaratmaq məharəti
Digər xəbərlər

Qalib olmaq, qurub-yaratmaq məharəti

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, iqtisadi potensialın, böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğunun və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu. Müzəffər Ordumuzun Vətən müharibəsindəki rəşadəti və Prezident İlham Əliyevin diplomatik manevrləri sayəsində dünya Azərbaycanı beynəlxalq hüquqa hörmət edən dövlət kimi tanıdı.

"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tariximizdə görünməyən hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş verdi. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı. 2020-ci il sentyabrın 27-də - II Qarabağ müharibəsinin başladığı gündə dövlətimizin başçısı xalqa ilk müraciətini bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Biz Zəfər çalacağıq!". Xalqımız və bütün dünya Prezident İlham Əliyevin simasında Müzəffər Ali Baş Komandan, hərbi sərkərdə fenomenini tanıdı. Bir-birinin ardınca işğaldan azad edilən Qarabağ torpaqları regional geosiyasi transformasiyalara, qlobal əhəmiyyətli hadisələrə vəsilə oldu.

Ölkəmizin siyasi amillərə, minalarla dolu müdafiə sədlərinə baxmadan müharibədə qalib gəldiyini vurğulayan dövlət başçısı qeyd edib ki, sonradan "Zəfər yolu" adlandırdığım yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yol idi. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz öz torpağımızda vuruşduq. Biz Ermənistanın torpağında savaşmadıq və biz Zəfər çaldıq. Beləliklə, bu, artıq tamamlanmış bir nömrəli missiya idi. İndi isə biz sülh haqqında danışırıq.

Prezident İlham Əliyevin uğurlu Soçi, Brüssel və Praqa görüşləri, Aİ ilə sıx əlaqələr, Orta Asiya dövlətləri ilə yeni səviyyədə əməkdaşlıqlar, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsi, dünyanın aparıcı dövlətlərinin ölkəmizin mövqeyi ilə hesablaşması xarici siyasətimizin nailiyyətləridir. Bu gün qardaş Türkiyə ilə münasibətlər ən yüksək səviyyədə genişlənməkdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın təhlükəsizliyinə çox ciddi qarantdır. Brüssel görüşü bilavasitə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə artıq Vətən müharibəsində qazandığımız qələbədən sonra Ermənistan-Azərbaycan arasında daimi sülhün yaradılması üçün üzərinə götürməyə çalışdığı, moderatorluq missiyasına xidmət edən mühüm görüşdür. Danışıqlar özünün həlledici son raunduna, mərhələsinə daxil olub.

Bu, o deməkdir ki, hərbi meydanda əldə etdiyimiz qələbələr siyasi müstəvidə də davam etməkdədir. Ona görə də, Prezident İlham Əliyevin tarixi missiyası, nümayiş etdirdiyi qətiyyətli iradə onun qələbəni bilavasitə rəsmiləşdirmək, legitimləşdirmək, gələcəyin mühüm regional, beynəlxalq təhlükəsizlik platformasına çevirmək niyyətində olduğunu göstərir. Prezident İlham Əliyev şəxsiyyəti hazırkı dövr regional və beynəlxalq siyasət üçün yetərincə böyük əhəmiyyət daşıyır. O, qalib bir dövlətin lideridir. Ölkə başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı deyib: "Həm müharibədə qalib olmaq, xalqımızın ümidlərini doğrultmaq, eyni zamanda, qurub-yaratmaq - bundan böyük xoşbəxtlik ola bilməz. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir ki, xalqımız doğrudan da uzun illər ərzində əyilmədi və öz kimliyini unutmadı".

Hazırda ölkə başçımız Böyük Qayıdışın reallaşması üçün eyni qətiyyəti və əzmkarlığı göstərir. Görülən bütün işlər Azərbaycan xalqının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Vətəndaşlar da öz növbəsində Prezidentinə qəlbən inanır, taleyini ona etibar edir, ona güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, öz liderinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyurlar. Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Danılmaz faktdır ki, ən gərgin iş rejimində çalışan dövlət başçılarından biri də Prezident İlham Əliyevdir. Bu, ölkə rəhbərinin Vətənə və xalqa sevgisindən irəli gəlir. Bunun nəticəsidir ki, xalq da öz liderinə sonsuz məhəbbət bəsləyir, onun ətrafında sıx birləşir və hər bir vətəndaş öz üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşır. Məhz bu birliyin, eləcə də cənab Prezidentin müdrik siyasətinin, yorulmaz fəaliyyətinin və xalqın əzmkarlığının məntiqi nəticəsi olaraq Azərbaycan ardıcıl uğurlar əldə edərək daha da qüdrətlənir.

Mustafa KAMAL,

"Respublika".