Qara dənizdən çıxarılan təbii qaz yeni imkanlar yaradacaq
İQTİSADİYYAT

Qara dənizdən çıxarılan təbii qaz yeni imkanlar yaradacaq

2020 -ci ilin avqust ayında Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə böyük həcmdə təbii qaz ehtiyatı olan karbohidrogen yataqları aşkar etdiyini açıqlamış və qeyd etmişdir ki, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək.

"TRT Haber" dövlət telekanalının verdiyi xəbərə görə, Türkiyə 2026-cı ilə qədər qaza olan tələbatının 30 faizini Qara dənizdəki yataqlar hesabına ödəyərək idxaldan asılılığını azaldacağına ümid edir. Bundan əlavə, bir müddət əvvəl Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Qara dənizdə aşkar edilən qaz 35 il ərzində məişət ehtiyaclarını ödəməyə imkan verir və əhali may ayından etibarən bundan yararlana biləcək. Türkiyəli mütəxəssis, Türkiyədəki Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Avropanın enerji resurslarına çıxışında böyük böhran yaradıb:

"Ukrayna böhranının nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik istər-istəməz Avropanı alternativ enerji mənbələri axtarmağa vadar edib. Xəzərin enerji resursları Türkmənistan və İranı Avropa üçün əhəmiyyətli hala gətirdi. Lakin Rusiya öz enerji resurslarından Avropaya qarşı silah kimi istifadə etmək istədiyindən bu resurslara çatmaq Avropa üçün ciddi problemlər yaradır. Bu nöqtədə Türkiyənin Rusiya ilə yaxşı münasibətləri və Qara dənizdə tapdığı təbii qaz ehtiyatları yeni imkanlar yaradacaq. Xəzərin enerji ehtiyatlarının nəzarət altında Türkiyəyə ötürülməsi və saxlanması Türkiyəni Rusiyanın da bu sistemə daxil olduğu bir mühitdə enerji bazasına çevirir. Ukrayna böhranının uzanması həm Avropanı, həm də Rusiyanı yeni axtarışlara sövq edir. Türkiyə bu vəziyyətdən balanslı siyasət quraraq istifadə edir. Putin və Ərdoğan arasında yaxşı münasibətlər bu tarazlığı qoruyacaq, lakin Türkiyə müstəqil siyasət hazırlamalıdır. Bu səbəbdən, Qara dəniz və Aralıq dənizində tapdığı təbii qaz ehtiyatlarını dünya bazarına açması Türkiyəni gücləndirəcək".

Nəzrin CAVADZADƏ,

"Respublika".