Qarabağ və Şərqi Zəngəzur: İqtisadi inkişafımızın yeni istinad nöqtəsi
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: İqtisadi inkişafımızın yeni istinad nöqtəsi

Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycanımızın son 200 illik tarixinə Qalib Sərkərdə kimi adını yazdıran Ali Baş Komandan keçmiş qaçqın və məcburi köçkünlərimizin yurd, torpaq həsrətinə son qoydu. Bu gün xalqımız dövlət başçımızın rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru dirçəltməklə, bu torpaqlara yenidən həyat verir.

"Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq". Bu fikirləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib. Dövlət başçısı vurğulayıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı və turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.

Qarabağ və Şərqi Zəngəzurda sosial infrastruktur yaradılır, xəstəxanalar, məktəblər, idman obyektləri, tikilir, yollar, tunellər, körpülər salınır, dəmir yolları çəkilir. Bütün elektrik təsərrüfatı yenidən qurulub, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü Laçında açılacaq. Məqsəd həyat əlaməti qaytarılacaq əraziləri ölkənin sosial, iqtisadi, mədəni həyatına bağlamaq, burada dövlət-özəl tərəfdaşlığına əsaslanan iqtisadi artımı stimullaşdırmaq və dayanıqlı məskunlaşmanı təmin etmək kimi hədəflərin həyata keçirilməsində institusional baza yaratmaqdan ibarətdir. Zəruri infrastrukturdan danışarkən, yol və sudan başqa, işıq və qaz təminatı da ön planda yer alır. İşğaldan azad olunan ərazilərdə elektrik enerjisinin təminatı ilə əlaqədar görülən işlərin səviyyəsi həqiqətən də heyranedicidir.

Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm də kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan, bərpa işlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çevriləcək. Bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının münbit torpağı, zəngin təbiəti, o cümlədən su ehtiyatları kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına imkan yaratmaqla məhsuldarlığı da artıracaq. İşğaldan azad olunmuş ərazilər iqtisadi potensialı ilə yanaşı, eyni zamanda aqrar sektorda, əsasən də buğda və taxıl istehsalında xüsusi paya malikdir. Füzuli, Ağdam və digər rayonlarımızda daha yüksək məhsuldarlıqla taxıl istehsalını təşkil etmək mümkündür. İlkin qiymətləndirmələr göstərir ki, bərpa və yenidənqurma prosesindən sonrakı mərhələdə bütövlükdə bu ərazilərdə 1 milyard manatlıq kənd təsərrüfatı məhsulları yetişdirmək mümkün olacaq ki, bunun da əhəmiyyətli hissəsini buğda və taxıl təşkil edəcək. Artıq bu ərazilərdə ənənəvi sahələr üzrə yeni təsərrüfatların yaradılmasına da start verilib. Bunlardan biri də aqroparkların qurulmasıdır. Bu məqsədlə, bölgəyə xarici şirkətlərin də sərmayə yatırmasına şərait yaradılır. Zəngilan rayonunda Türkiyə və Azərbaycan şirkətlərinin birgə müəssisəsi olan "Dost Aqropark" adlı "ağıllı kənd təsərrüfatı" kompleksinin açılışı da bundan xəbər verir. Türkiyə və Azərbaycan prezidentlərinin birgə açılışını etdiyi bu aqropark əsasən heyvandarlıq və əkinçiliklə məşğul olacaq.

İşğaldan azad edilmiş ərazilər bərpaolunan enerji mənbələri ilə də olduqca zəngindir və həmin ərazilərin yerləşdiyi əlverişli coğrafi mövqe bu potensialdan kifayət qədər istifadə etməyə imkan verir. İlkin qiymətləndirmələrə əsasən, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt-dan çox günəş, 2 000 MVt-dək külək enerjisi üzrə potensial mövcuddur. Günəş enerjisi potensialı ilə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisi ilə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları zəngindir. Artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Laçın və Kəlbəcər rayonları ərazisində isə 400 MVt gücündə külək elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə Prezidenti tərəfindən işğaldan azad edilmiş ərazilər də "yaşıl enerji" zonası elan olunub. Bununla əlaqədar olaraq, 6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın TEPSCO şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiyası hazırlanıb. Zəngəzur dəhlizi digər infrastruktur layihələrilə yanaşı, enerji növlərinin ixrac edilməsi ilə bağlı da mühüm rola sahib olacaq. Bu dəhliz vasitəsilə gələcəkdə Türkiyə və Avropaya enerji ixrac edilməsi də nəzərdə tutulur. Belə ki, "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Naxçıvan MR-ə çəkilməsi ilə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək.

Qarabağın turizm potensialı da olduqca zəngindir, burada ekoturizm, dağ turizmi, qış turizmi, ov turizmi, sağlamlıq turizminin inkişafı üçün bütün imkanlar vardır. Bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə turizm sahəsinin inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Kəlbəcərdə ənənəvi turizmdən əlavə, qış və sağlamlıq turizminin inkişafı mümkündür. Xocavənd rayonu da xüsusi turizm potensialına malikdir. Məşhur Azıx, Tağlar mağaraları da bu ərazidə yerləşir. Suqovuşanla bağlı da müəyyən planlar mövcuddur. Azərbaycanın qədim tarixə malik olan bu bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. ilə turistləri cəlb edəcək. Təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar. Bütün bunlar turizmin inkişafı üçün geniş perspektivlər yaradır. "İstisu" kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlər hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirə biləcəklər. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək.

Azərbaycan xalqı hazırda tarixi ədalətin bərqərar olduğu xalqla iqtidar arasında qırılmaz tellərin bağlandığı, millətin və dövlətin bir yumruq kimi birləşdiyi bir dövrdə yaşayır. Belə bir dövrdə Azərbaycanımızın qüdrətini və gücünü daha da artırmaq, milli sərvətlərindən səmərəli istifadə etmək, yeni reallıqlar şəraitində iqtisadi inkişaf və tərəqqi modeli formalaşdırmaq vacib şərtlərdəndir. "İqtisadi olaraq müstəqil olmayan dövlət siyasi olaraq müstəqil ola bilməz" prizmasından hərəkət edən dövlət başçısı ötən illərdə xüsusilə enerji layihələrindən əldə olunan gəlirləri hərbi-strateji hədəflərə, əhalinin sosial rifah halının yüksəltməsinə yönəltdi. Bütün bunlar Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə geniş imkanlar yaratdı.

Mustafa KAMAL,

"Respublika".