Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək
Sosial həyat

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək

Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində baş verən qətliam bu gün də xatırlanır. Meşəli faciəsi və ya soyqırımı kimi bilinən bu hadisə Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası idi. Bununla əlaqədar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, ötən günlərdə Laçın yolunda Vaqif Xaçaturyanın ələ keçirilməsindən dərhal sonra Meşəli kəndinin sakinləri ifadə azadlıqlarından istifadə edərək beynəlxalq ictimaiyyətə müraciət ediblər. Onlar bildiriblər ki, otuz iki ildə onlarla Meşəlidə törədilmiş soyqırımı ilə bağlı heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb. Sakinlərlə heç nə olmamış kimi davranıb, sanki bu böyüklükdə faciəni görməyib, eşitməyiblər. Biz yaxşı bilirik ki, məhz görmək, eşitmək istəməyiblər.

Məsələ ilə bağlı "Yaşıl dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman CƏfƏrli bildirir ki, iyulun 29-da ermənilərin azərbaycanlılara qarşı törətdiyi Meşəli qətliamında iştirakda ittiham olunan Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılıb. Yeri gəlmişkən o, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edib: "Vaqif Xaçaturyan və onun kimi onlarla şəxsin əli sadə, dinc azərbaycanlıların qanına batıb.

Məlumdur ki, Xaçaturyanın da iştirak etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 23 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı soyqırımı aktı törədilib. Soydaşlarımız deportasiya edilib, kənd sakinlərinin və dövlətə məxsus çoxsaylı əmlakı məhv edilib, külli miqdarda maddi ziyan vurulub.

Qətliam zamanı 28 nəfər öldürülüb, 14 nəfər yaralanıb. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün düşüb, kənd özü məhv edilib, kəndə 5,496,900 manat məbləğində maddi ziyan vurulub.

Qəribədir ki, 30 ildə onlarla dinc azərbaycanlının qətlinə, yaralanmasına, doğma ev-eşiyini tərk etməsinə laqeyd qalan, səsini çıxarmayan beynəlxalq təşkilatlar qatı cinayətkarın müdafiəsinə qalxıblar. Bu günlərdə hazırda Goranboyda məskunlaşmış Meşəli kəndinin sakinləri dünya ictimaiyyətinə məktub ünvanlayıb. Onlar da bir sıra beynəlxalq təşkilatların ədalətsiz mövqeyindən hiddətləndiklərini bildiriblər.

Həqiqətən də 30 ildə azərbaycanlılara qarşı Meşəlidə törədilmiş soyqırımı ilə maraqlanmayan, Ermənistana etiraz səsini ucaltmayan beynəlxalq qurumların, insan hüquqları təşkilatlarının bu yanaşması yumşaq desək ədalətsizdir. Bu yanaşma bütövlükdə Azərbaycan xalqına qarşı təhqirdir.

Xaçaturyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş və beynəlxalq axtarışa verilmişdi.

Bir sıra təşkilatlar Qarabağ münaqişəsinin alovlanmasında, bölgənin azərbaycanlılardan təmizlənməsində, dinc azərbaycanlılara qarşı qanlı qətliamlarda əli olmuş bu terrorçunun saxlanılmasından narahat olub. Vaqif Xaçaturyanın saxlanılması və ədalət mühakiməsinə verilməsi ədalətin 30 il sonra təcəlla etməsidir. Bu, sülh prosesinə, Böyük Qayıdışa, Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olan addım deyil. Əksinə, Azərbaycanın Qarabağ iqtisadi regionunda yaşayan erməni icması bu cür cinayətkarlardan təmizlənməlidir. Sadə ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olan da onlardır. Azərbaycan dövləti 90-lardakı durumda deyil. Artıq siyasi qüdrəti, iradəsi olan dövlətimiz var. Azərbaycan heç bir ədalətsiz tələbin, təklifin qarşısında geri durmayacaq. Cinayətkarın yeri həbsxanadır. Hamiləri də anlayır ki, 30 illik oyun bitib. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər ya dinc şəkildə cəmiyyətimizə inteqrasiya edəcək, ya da çıxıb gedəcəklər. Üçüncü variant yoxdur. Azərbaycanın suverenliyi bütün ərazilərimizə şamil olunacaq. Buna mane olan kim varsa, qanun qarşısında cavab verəcək".

Töhfə SƏMƏDOVA,

"Respublika".