Qarabağda fırtına
Siyasət

Qarabağda fırtına

Tarixin və zamanın gərdişini dəyişən Liderimizin siyasi iradəsi, fədakarlığı sayəsində həqiqətən şərəfli və qürurlu günlər yaşayırıq. Baş verən son hadisələrin şahidi olmağımız isə möhtəşəm hisslər doğurur və gözlərimiz qarşısında Azərbaycan XXI əsrdə dünyanın ən nüfuzlu qalib ölkəsinə, regional gücə çevrilir. Təbii ki, dostlar sevinir, düşmənlər xar olur. Üç il bundan əvvəl Qarabağda çox güclü fırtına baş verdi, dünya hərb tarixinə 44 günlük müharibə kimi düşən savaşda Azərbaycan işğalçı Ermənistana elə bir dərs verdi ki, onun səsi-sorağı yüz il keçsə də, eşidiləcək. Məşhur hərbi analitiklər İkinci Qarabağ müharibəsini haqlı olaraq fırtınaya bənzədirlər və tamamilə sərrast deyimdir.

Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, deportasiya, işğal, əsarət, soyqırımı, çoxsaylı təxribat və terror hadisələri təbii ki, cavabsız qala bilməzdi, yurd yerlərimizi xarabalığa çevirən, soydaşlarımızı, qundaqda olan körpələrimizi amansızlıqla qətlə yetirən hərbi canilərin, qanunlarımıza, Konstitusiya quruluşumuza qarşı çıxan erməni separatçılarının qollarına qandalların taxılması həmin fırtınanın və ilahi ədalətin təntənəsidir. Və bu tarixi anları Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin bölmələri qanlı döyüş səngərlərində qazandıqları Zəfərlə xalqımıza yaşatdılar.

Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, heç kəsin köməyi olmadan, təkbaşına, əsgər və zabitlərimiz qan tökərək, düşməni məğlub edərək bu şanlı tarixi yaratdılar. Münaqişəni dondurmağa çalışan ATƏT-in keçmiş Minsk qrupu, ermənipərəst dövlətlərin himayəsi sayəsində Ermənistan 30 ildən çox torpaqlarımızı talamaqla, sərvətlərimizi daşıyıb satmaqla məşğul olur, yurd yerlərimizin adlarını erməniləşdirir, tarixi-dini abidələrimizi yer üzündən silirdi.

Azərbaycan lideri İlham Əliyev qətiyyətli və prinsipial siyasət həyata keçirir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün hüquqi baza yaradır, Ermənistanın və erməni lobbisinin informasiya təxribatlarını və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdlərinin qarşısını alırdı. Tarixi reallığın, beynəlxalq hüququn münaqişənin ədalətli həlli üçün etibarlı zəmin yaratmasına, habelə iqtisadi potensial, insan resursları, hərbi güc baxımından Azərbaycanın Ermənistandan dəfələrlə üstün olmasına baxmayaraq, rəsmi Bakı sonadək sülh danışıqlarına sadiqliyini nümayiş etdirdi. Məhz buna görə, dövlət başçımız dəfələrlə beynəlxalq təşkilatlara, ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərinə bildirirdi ki, bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Bu böyük humanizmə, sülh çağırışlarına cavab olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə və işğalı genişləndirmək üçün təxribatlara başladı. Mövqelərimiz və keçmiş təmas xəttinə yaxın yerləşən kəndlərimiz atəşə tutulur, dinc insanlar düşmən gülləsinə hədəf olurdu. Məhz Ermənistanın riyakar, qeyri-konstruktiv siyasəti nəticəsində danışıqlar faktiki olaraq mənasız prosesə çevrildi və bu səbəbdən onun davam etdirilməsi mümkün olmadı. Əksinə, Ermənistan və Xankəndidəki separatçı xunta rejimi işğal dövründə Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib, şəhərləri və digər yaşayış məntəqələrini dağıdıb, bölgəyə ağır ekoloji ziyan vurub. Eyni zamanda, Azərbaycan torpaqlarında yüz minlərlə minalar, partlayıcı maddələr basdırılıb.

Xankəndidəki separatçılar, xunta rejimi Azərbaycanı təhdid edir, hədələyirdi. Əsəblərimizi tarıma çəkən həmin separatçılar indi hüquq-mühafizə orqanlarımız tərəfindən istintaqa cəlb olunurlar. Ermənistanın hərbi rəhbərlərinin və qondarma separatçı rejimin münaqişə dövründə ölkəmizə qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə Azərbaycan özü son qoydu. Cəsarətlə, inadkarlıqla, fədakarlıqla, qəhrəmanlıqla, şərəflə, siyasi və hərbi güc ilə Azərbaycan Cənubi Qafqazda mövcud reallığı dəyişdi. Azərbaycan beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək suverenliyini tam şəkildə təsbit edib və öz ərazisində mövcud olan qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsini təmin edib.

Bu günlərdə "Baku Network" ekspert platformasında erməni tarixçi, yazıçı Filip Ekozyantsla müsahibə yayımlanıb. Tarixçi Qarabağın erməni sakinlərinin bir dəfə olsun öz vədlərini tutmayan, onlara fayda gətirəcək heç bir şey etməyən insanlara inandıqlarını qeyd edib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni sakinlərinə qalmağı təklif edir və yerli erməni sakinlərinin ehtiyacları olan hər şeylə - işlə, yaşayış yeri ilə təmin edəcəyini vəd edir. Hər şey çox aydın şəkildə ifadə olunub. Vəziyyətə bu etimada kimin layiq olduğu nöqteyi-nəzərindən baxmaq lazımdır. Prezident İlham Əliyev nə vəd etmişdi? Prezident Qarabağı geri alacağını vəd etmişdi və bunu etdi. Qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması üçün üç il gözlədi. Prezident İlham Əliyev söz vermişdi ki, onlar onun tələblərini yerinə yetirməsələr, o məsələni güc yolu ilə, lakin dinc sakinlərin zərər görməyəcəyi şəkildə həll edəcək. O söz verdi və sözünü tutdu. Prezident İlham Əliyev indi də Qarabağın erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi hər şeyə sahib olacaqlarını vəd edir. Onlara Azərbaycan vətəndaşlığını qəbul etmək təklif olunur. Verdiyi vədlərə əməl edən insana etibar etmək lazımdır. Lakin bu gün Qarabağın erməni sakinləri bir dəfə olsun, onların etimadına layiq olmayanlara şans verirlər. Bu fəlakət olsa da, həqiqətdir.

Bir günlük antiterror tədbirlərinin uğurla başa çatmasından dərhal sonra dövlət başçımız bildirdi ki, mən əminəm Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcəklər. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Deyilmiş sözlər həyatda öz təsdiqini tapır, Azərbaycan hökuməti Qarabağdakı ermənilərə humanitar yardımlar göstərir, onların sosial müdafiəsini təşkil edir, xəstələr tibb xidmətilə əhatə olunurlar. Ermənilər isə Xankəndidən və ətraf ərazilərdən getməyə üstünlük verirlər və görünən odur ki, məhz indi istintaq altında olan qondarma rejimin rəhbərləri erməniləri ərazini tərk etməyə və oradan köçməyə məcbur edib. Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Harutyunyan Arayik Vladimiri tərəfindən Azərbaycan ərazisində qondarma "Dağlıq Qarabağ respublikasının prezidenti" və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsinə, muzdluların yığılmasına, təlim keçirilməsinə və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin Arayik Harutyunyan terror aktlarının törədilməsi məqsədilə Azərbaycan ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini və Bərdə rayonunun yaşayış məntəqələrini, mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əmr verib. Hazırda istintaqda keçmiş qondarma rejimin "prezident"ləri Bako Saakyan, Arkadi Qukasyan, daşnak David İşxanyan ifadələr verirlər. Onların cərgəsi daha da genişlənəcək. Hələ qollarına qandal taxılası separatçı və cinayətkarlar qalıb. Yəqin ki, onlar da yaxın günlərdə başıaşağı, rüsvayçılıqla Bakıya gətiriləcəklər.

Salman ALIOĞLU,

"Respublika".