Qarabağdakı ermənilərin yeganə yolu - reinteqrasiya
Siyasət

Qarabağdakı ermənilərin yeganə yolu - reinteqrasiya

Qarabağda yaşayan erməni icmasının Azərbaycana reinteqrasiyaya meyil etməməsi onların vəziyyətini daha da çətinləşdirir. Hadisələrin gedişatı isə yeganə xilas yolunun məhz inteqrasiya olduğunu göstərir. Belə ki, Qarabağ erməniləri ya Azərbaycan vətəndaşı olduqlarını qəbul etməli, ya da qısa müddətdə ərazilərimizi tərk etməlidirlər. Çünki buradakı ermənilərin, eləcə də Ermənistanın məsələ ilə bağlı beynəlxalq aləmə, daha dəqiq desək, regiondakı maraqlı dairələrə müraciəti heç bir nəticə vermir.

Paşinyanın Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng etməsi erməni icmasının prosesi uzatmaq üçün əlindən gələni əsirgəməməsinin təzahürüdür. İyulun 5-də baş tutan müşavirə zamanı Arutyunyan, Putin və Paşinyanın telefon danışığı zamanı Qarabağda yaranmış "humanitar böhranı" və onun aradan qaldırılması yollarını müzakirə etdiklərini bildirib.

Xatırladaq ki, bundan əvvəl Qarabağ separatçılarının lideri Rusiya prezidentinə məktub ünvanlamışdı. Məktubda Laçın dəhlizinin guya Azərbaycan tərəfindən bağlanması, bu səbəblə də Qarabağda təhlükəsizlik vəziyyətinin və humanitar durumun gün keçdikcə ağırlaşdığı qeyd olunmuşdu. Bundan başqa, Rusiya sülhməramlılarının öz öhdəliklərinə əməl etmək üçün zəruri və təxirəsalınmaz addımlar atmasının vacibliyi də Arutyunyanın məktubunda yer almışdı. Arayik Arutyunyan, həmçinin separatçıların bütün problemləri dinc dialoq yolu ilə həll etməyə hazır olduğunu da yazmışdı.

Azərbaycan öz tələblərini ilk vaxtlardan irəli sürmüş, Qarabağdakı ermənilər müzakirələr üçün paytaxt Bakıya dəvət olunmuşdular. Bu il martın 1-də Xocalıda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə baş tutan görüş Ermənistanın bütün xainliklərinə baxmayaraq, Azərbaycanın humanizm prinsiplərinə verdiyi dəyəri sübut etdi. Həmin gün Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmişdir ki, bununla reinteqrasiya prosesinin növbəti mərhələsi başlamışdır.

Amma düşmən bundan sonra da öz mövqeyini bir daha bəlli etdi. Belə ki, bu görüşdən sonra Azərbaycan Respublikası Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini növbəti dəfə müzakirələr üçün Bakıya çağırsa da, Ermənistandan cavab gəlmədi. Halbuki, həmin görüş Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərin reinteqrasiyasının həyata keçirilməsi, onların  mövcud ağır sosial problemlərdən, separatçıların təzyiqlərindən qurtulması baxımından əhəmiyyətli ola bilərdi. Qarabağın erməni icması bunun onlar üçün böyük şans olduğunu dərk edə bilmədi. Düşmənin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz mövqeyinə sadiq qalır, Ermənistanla münasibətlərin normallaşdırılmasına, eləcə də Qarabağda yaşayan ermənilərlə təmasların qurulmasına çalışır. Bununla ölkəmiz əvvəlki dövrdə törədilən bütün təxribatları kənara qoyur, normal münasibətin qurulması üçün lazımi addımları atır. Amma əfsuslar olsun ki, Ermənistan tərəfi, eləcə də Qarabağdakı separatçılar bu çağırışlara reaksiya verməməklə konstruktiv mövqe nümayiş etdirməkdən boyun qaçırır. Bu,  Ermənistanın iç üzünü bir daha sübut edir. Çağırışlara heç bir reaksiyanın verilməməsi, təxribatların törədilməsi onu göstərir ki, Qarabağ erməniləri əlaqələrin inkişafında və münasibətlərin normallaşmasında heç də maraqlı deyillər. Bundan başqa, onların ağır məğlubiyyətdən nəticə çıxarmadıqları da aydın şəkildə özünü göstərir.

Qarabağda yaşayan ermənilər dərk etməlidirlər ki, onlar üçün üçüncü yol yoxdur. Azərbaycan bununla bağlı mövqeyini dəfələrlə bəyan edib. Reinteqrasiya prosesinin həyata keçiriləcəyi təqdirdə regionda yeni iqtisadi inkişaf dövrünün başlayacağı da məlum məsələdir. Bunu isə ancaq Azərbaycan reallaşdıra bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".