Qarabağın böyük turizm potensialı
Region

Qarabağın böyük turizm potensialı

Hazırda turizm dünya iqtisadiyyatının ən gəlirli və sürətlə inkişaf edən sahələrindəndir. Demək olar ki, bütün dövlətlər gəlirlərini artırılması üçün turizm sahəsinə daha böyük diqqət göstərirlər.

Məhz buna görə də Azərbaycanda da qeyri-neft sektorunun inkişafı istiqamətində turizm sahəsinə xüsusi yer ayrılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilib.

Azərbaycanın qədim tarixə malik Qarabağ bölgəsində turizmin bir çox növlərinin inkişafı üçün əlverişli imkanlar mövcuddur. Təəssüf ki, 1990-1993-cü ilin əvvəlinə kimi, Ermənistan ordusu öz havadarlarına arxalanaraq həmin əraziləri işğal etdi və təxminən yüz minlərlə hektar meşə fondu qəsbkarların, "vəhşi qəbilə"nin əlinə keçdi. Torpaqlarımızın 30 illik işğalı nəticəsində bu ərazilərdə sərvətlərimiz istismar edilib talandı. Düşmən hər şeyi mənimsəyərək iyrənc əməllərə əl atdı. Qarabağda olan mədəniyyət ocaqlarımız, muzeylər, tarixi abidələr də məhv edildi. Mənfur, barbar düşmənlərimiz İslam dininin dəyərlərini alçaldaraq məscidlərimizdə donuz saxladı. Lakin 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. Ötən üç il müddətində işğaldan azad olunan torpaqlarımızda həm Böyük Qayıdışın gerçəkləşdirilməsi, həm də turizm potensialının artırılması məqsədilə xeyli işlər görülüb. Prezident İlham Əliyev Qarabağı ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri hesab edir: "...Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir. Biz bütün bu yerləri bərpa edəcəyik. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası - bütün bu planlar var. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik".

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı da tarixən çoxsahəli xarakter daşıyıb. Çünki bu ərazilər Azərbaycanın təbii sərvətlərlə ən zəngin regionlarından biridir. Neft və qaz ehtiyatları nəzərə alınmadan, Azərbaycanda faydalı qazıntı ehtiyatlarının 1/3 hissəsindən çoxu işğaldan azad olunmuş ərazilərin payına düşür. Bu region, birinci növbədə, qızıl, kvars-qızıl, mis-qızıl-kolçedan, qurğuşun, sink, mineral və termal sular, müxtəlif tikinti materialları ilə zəngindir. Hazırkı dönəmdə bu sahəyə yatırılacaq investisiyalar ölkə iqtisadiyyatına gələcək illərdə böyük töhfə verəcəkdir. Araşdırmalara görə, ərazilərin əlverişli coğrafi şəraiti turizm üçün əhəmiyyətlidir, eyni zamanda tarixi abidələrlə zəngin olması bölgəyə turist axınını da artıracaq. Qazandığımız böyük zəfərdən sonra, Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Bu strategiyaya əsasən, əlbəttə ki, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir.

Qarabağda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var. Bu imkanların reallığa çevrilməsi üçün əsas vəzifə düşmənin 30 ilə yaxın bir müddətdə viran qoyduğu əraziləri yenidən qurmaq, qayıdış üçün əlverişli zəmin formalaşdırmaqdır. Artıq rabitə-kommunikasiya xətləri çəkilib, kilometrlərlə yeni yollar salınıb, dağıdılan binaların, tarixi-mədəni abidələrin bir hissəsi bərpa olunub. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli və xarici turist axınının olacağı gözlənilir. Yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz birinciliyi ilə seçiləcək.

Nuranə DAXİLQIZI,

"Respublika".