Qatar yenə Mehridə dayanacaq...
Region

Qatar yenə Mehridə dayanacaq...

Xatirələr insanı istədiyi vaxt oyaq saxlayır, duyğuları dilə gətirir. Bəzən yelkənsiz gəmi kimi qayalara çırpılır, bəzən də durna qatarı kimi cərgəyə düzülüb ötən günləri axtarmağa vadar edir. Xatirələrsiz bir ömür nəyə gərəkdir ki... Tələbə olan vaxtlarda iki dəfə Bakı-Mincivan-Naxçıvan qatarı ilə səfərdə olmuşam, yolboyu təbiətin gözəlliyinə heyran olursan, dağlar, dərələr, yastı təpələr, meşələr, çaylar adamın ruhunu oxşayır, qatar Mehridə dayananda keşməkeşli tariximizin səsini, əcdadlarımızın nəfəsini hiss edirsən, qədim Azərbaycan torpaqlarının əzəməti səni ovsunlayır.

Mehri tariximizin bir parçasıdır, Qərbi Azərbaycanın Zəngəzur mahalında qədim yaşayış məskənimiz olub. Tarixi mənbələrdə göstərilir ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Əvvəllər isə Mehri mahalı çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub. Uzun illər ərzində Mehri Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi. Mehri çayı Araza qədər uzanır, ərazidə isə Qaladaş dağı (2163 m) və Çahnovar dağı (3024 m) və digər dağlar var.

Cənubi Azərbaycanla Mehrini qılınc kimi sıyrılıb axan Araz çayı ayırır, bu qədim diyarımız tarixən Oğuz türk tayfalarının və etnoslarının vətəni olub. Mehri ərazisində daş kitabələr, silinməyən və Oğuz türklərini əbədi yaşadan izlər möhürlənib, əsrlərin yaddaşında daşlaşıb, çoxsaylı yazılı mənbələrdə adı keçir. Ermənilər bu yerlərə gəlmədirlər, dünyanın bətnində qarayaraya bənzəyən kafirlərin Mehri ilə heç bir əlaqəsi olmayıb, hər yerdə olduğu kimi, bu torpaqları da erməniləşdirməyə cəhd göstərirlər. Təsadüfi deyil ki, Ermənistan rəhbərliyi, bəzi tarixçilər, daşnaklar Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsələr də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilmirlər. Halbuki, arxiv sənədlərində qeyd olunur ki, Zəngəzur dəhlizi Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanın nəzarətində olub. Dəmir yoluna, stansiyalara və bütün infrastruktura nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus olub. Qatarların hərəkət cədvəli və stansiyaların iş qrafiki Azərbaycan Dəmiryolları İdarəsi tərəfindən təşkil edilib. Dəhlizin təhlükəsizliyini Ermənistanın deyil, keçmiş sovetlərin sərhəd qoşunları ilə bərabər Azərbaycan həyata keçirib. 1991-ci ildən Bakıdan Naxçıvana gedən qatarın keçdiyi Mincivan-Mehri-Culfa yolu kəsilib.

1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğal edilib, mövcud olan bütün infrastruktur dağıdılıb, şəhərlər və kəndlər xarabalığa çevrilib. Ermənilər Mincivan-Culfa, Ağdam-Əsgəran-Xankəndi dəmir yolu magistralındakı dəmiryol relslərini, dəmir dirəkləri, məftilləri və hətta bütöv vaqonları İranın İsfahan və digər şəhərlərdəki metaləritmə zavodlarına satıblar. Nəinki relsləri, hətta evlərin mişar daşlarını da İran tərəfinə daşıyıblar. Bundan əvvəl isə keçmiş sovet hökuməti 1920-ci ildə Azərbaycanı işğal etdikdən sonra ölkəmizin 20.8 min kvadratkilometr ərazisini Ermənistana verib. 1988-ci il noyabr ayının 23-dən dekabrın 7-dək keçmiş sovet ordusunun iştirakı ilə Qərbi Azərbaycan ərazisindən 22 rayondan azərbaycanılılar deportasiya edilib. Ağalarının qarşısında muma dönən, bəd niyyətini həyata keçirmək üçün hər cür sifətə düşən, etnik azərbaycanlılara qarşı soyqırımı törədən haylar İtaliya alimi Tasitin dediyi kimi, "ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar".

Keçmiş sovetlərin dönəmində xalqımızın ümummilli lideri Heydər Əliyev ötən əsrin 80-ci illərində Moskvada işləyərkən onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı-Naxçıvan avtomobil yolunun çəkilməsinə başlanılıb. Həmin yolun Bakıdan Nüvədiyə kimi 434 kilometrlik hissəsi və Naxçıvandan Mehri rayonunun Aldərə kəndinə qədər hissəsi çəkilib. Ermənilərin çoxsaylı şikayətləri, etirazları və havadarlarının köməyi nəticəsində Nüvədi-Astazur arası 15 kilometr və Astazur-Aldərə arası 5 kilometr məsafənin çəkilib birləşdirilməsinə imkan verilməyib. Erməni haqsızlığı, hiyləgərliyi və saxtakarlığı zaman-zaman Azərbaycanın əleyhinə işləyib, etnik təmizləmə və deportasiya törədilib, azərbaycanlılar məqsədli şəkildə məhv ediliblər.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində deyib: "O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu, böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq".

Qəti inamla deyilmiş bu sözlər artıq əməli işə çevrilir. Prezidentin göstərişi ilə Qərbi Azərbaycana Qayıdış konsepsiyası hazırlanır. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndində deyilir: "Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir". Həmin Bəyanata görə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir, həm də Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir. Bəyanatın qəbul edilməsindən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır, cığallıq edir, ora-bura vurnuxur, vaxt qazanmağa çalışır. Dövlətimizin başçısının dediyi kimi, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Artıq bu istiqamətdə infrastruktur layihələr həyata keçirilir, Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi sürətlə aparılır. Prezidentimizin sözü ilə əməli birdir, demək, yaxın zamanda Zəngəzur dəhlizi ilə qatarlar şütüyəcək. Uzun illərdən sonra qatarlar yenə də Mehridə dayanacaq...

Salman ALIOĞLU,

"Respublika".