Qəlblərdə heykələ dönən igid döyüşçü
Sosial həyat

Qəlblərdə heykələ dönən igid döyüşçü

Həyatları bahasına xalqımıza böyük Qələbə sevincini yaşadan, şanlı Zəfər tarixini yazan şəhid oğullarımız hər kəsin qəlbində əbədi heykələ dönüb. Xalqımız vətənin qəhrəman oğullarının əziz xatirəsini həmişə uca tutur.  Xaçmaz rayonunun Nərəcan kəndinin sakinləri də şəhidlərin xatirəsini daim ehtiramla yad edirlər.

Nərəcanlılar bir yerə yığılaraq şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə-bulaq kompleksi inşa ediblər. Şəhid Qürbət Rasim oğlu Tarverdiyevin şəhadətinin ildönümü münasibətilə abidə kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasimdə kənd camaatı, şəhid ailələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmət Üzrə Dövlət  Xidmətinin Xaçmaz rayon şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları iştirak  edirdi. Abidənin açılış mərasimində qeyd olundu ki, Vətən müharibəsində parlaq qələbənin qazanılmasında Qürbət Tarverdiyev cəsarət, hünər,   şücaət nümunəsi göstərmişdir. O, 2019-cu  ildən Azərbaycan Silahlı Hərbi Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışırdı. 22 yaşlı kəşfiyyatçı Xocavənd və Füzuli istiqamətində gedən qanlı döyüşlərdə xüsusi igidlik göstərmişdir. Cəsur döyüşçü oktyabrın 5-də  Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralanaraq Vətənin azadlığı uğrunda şəhid oldu. Ölümündən sonra ölkə Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Abidə kompleksinin açılışından sonra mərasim iştirakçıları şəhidin kənd qəbiristanlığındakı məzarını ziyarət etmiş, üzərinə gül-çiçək dəstələri düzmüşlər. Bütün şəhidlərin ruhuna dualar oxunmuşdur.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.