YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir
Sosial həyat

YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə tədbir keçirilib. Tədbirin rəsmi hissəsindən öncə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək ilk öncə 7 fevral 2024-cü ildə keçirilən prezident seçkilərində xalqımızın etimadını növbəti dəfə qazanan cənab İlham Əliyevin 92,12% səs toplamaqla möhtəşəm qələbəsi münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə 86.80%, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 77.05%, 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə 89,22%, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə isə 77,94% seçici aktivliyi olmuşdur.

YAP-ın siyasi zərurətdən və ictimai tələb əsasında yaranmış partiya olduğunu bildirən Bəxtiyar Nəbiyev vurğulayıb ki, bu gün partiyamızın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz müasir, möhtəşəm tarixini yaşayır. Əldə olunan zəfərlər Azərbaycanı dünyada ən nüfuzlu ölkələrdən birinə çevirib. Ölkəmizin ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası hər zaman aparıcı mövqedə olub. YAP Yasamal rayon təşkilatı da bu 31 il ərzində hər zaman rayonun və partiyanın ictimai-siyasi həyatında əvəzolunmaz rol oynayıb.

AMEA-nın prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, YAP bu 31 ildə uğurla fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edilib. YAP Yasamal rayon təşkilatı da rayonun, eləcə də partiyanın ictimai-siyasi həyatında öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib. Ölkəmizin əldə etdiyi zəfərlərdə və uğurlarda siyasi müstəvidə Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri vardır.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur "91-lər"dən biri Şahlar Əsgərov da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub: "Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Bu gün Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır".

Milli Məclisinin deputatı Elnur Allahverdiyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: "Bu gün partiyamızın gücü Ümummilli Lider Heydər Əliyev ideyalarından, eyni zamanda, Ulu Öndər siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır".

Sonda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da öz növbəsində prezident seçkilərində cənab İlham Əliyevin uğurlu qələbəsi münasibətilə hər kəsi təbrik edib. Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 700 mindən çox üzvü özündə birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Bildirib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Bu istiqamətdə əldə olunan uğurlu nailiyyətlərdə heç şübhəsiz, YAP Yasamal rayon təşkilatının özünəməxsus rolu vardır. Belə uğurlu fəaliyyətdə Yasamal Rayon İcra Hakimiyyəti hər zaman YAP Yasamal rayon təşkilatının yanında olub və bundan sonra da olacaq.

Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə diplomlar, fəxri fərmanlar və partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.                                   

Mehparə ƏLİYEVA,

"Respublika".