Qəlblərdə yaşayan igidlərimiz
Region

Qəlblərdə yaşayan igidlərimiz

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, 21 yaşı tamam olan Vətən müharibəsi şəhidi Binnətov Ruslan Rafiq oğlunun doğum günü ilə bağlı Göygöl rayonunun Qırıqlı kənd qəbiristanlığındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin ruhuna dualar oxuyub, əziz xatirəsini anıblar.

Mərasimdə şəhidin ailə üzvləri, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəb direktorları və kollektivləri, qazilər, şəhid ailələri, şəhidin yaxınları, dostları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edən şəxslər şəhidin keçdiyi şərəfli ömür yolundan danışıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, Vətən müharibəsində Göygöl rayon sakinləri də fəal iştirak etmiş və 29 nəfər döyüş əməliyyatlarında qəhrəmanlıq göstərərək  şəhidlik  zirvəsinə ucalmışlar. Rayon rəhbəri Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Binnətov Ruslan Rafiq oğlunun döyüş yolu barədə ətraflı söhbət açmışdır.  Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün  minnətdarlığını  bildirmişdi.

Şəhidin atası Rafiq Binnətov oğlundan qürur duyduğunu bildirərək, fəxrlə “TƏKİ VƏTƏN SAĞ OLSUN” söylədi. Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını ifadə edib. Şəhidimizin doğum günündə Göygöl rayon Qırıqlı kənd tam orta və Haçaqaya kənd ümumi orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, şəhid Binnətov Ruslan Rafiq oğlu 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə qəbul edilib. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmiş və 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ilin oktyabr ayından  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edib. Ruslan Binnətov 8 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 10 noyabr 2020-ci il tarixdə Göygöl rayonu, Qırıqlı kənd qəbiristanlığında dəfn edilib. Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, qazilər və  ictimaiyyət nümayəndələri tərəfindən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Yusubov Sabir Firdovsi oğlunun ikinci ildönümündə Göygöl rayonunun Topalhəsənli kənd qəbiristanlığındakı məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla anılıb. Sonra şəhidin ehsan bulağı və ailəsi evində ziyarət edilib.

Xatırladırıq ki, şəhid Yusubov Sabir Firdovsi oğlu 6 oktyabr 1990-cı ildə Göygöl rayonunun Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə  iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Ailəli idi, 2 övladı var.

Zabit XƏLİLOV,

“Respublika”.