Qəlblərdə yaşayanlar
Region

Qəlblərdə yaşayanlar

O, 1997-ci ildə dünyaya göz açmışdı. Atasını cavan yaşında itirmişdi, yeni ailə qurmuşdu. Ömrünün gənc yaşlarında doğma Qarabağı düşmən tapdağından xilas etmək arzusu qəlbinə hakim kəsildi. Bu arzunun ardınca könüllü olaraq 2020-ci il sentyabrın 27-də 44 günlük Vətən müharibəsinə yollandı.

Şərəfli döyüş yolu keçdi, Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdu və bu döyüşlərin birində şəhidlik zirvəsinə yüksəldi. Alar kənd qəbiristanlığında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Bilal Novruz oğlu Rzayev ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Bilal Novruz oğlu Rzayevin ailəsinə baş çəkib. Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan ordusunun şəhidlərin qanının yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini əhatəli qeyd etdi. Bildirdi ki, Azərbaycanın tarixi qələbəsinin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqın inamı, Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Bilal da qəlbimizdə əbədi yaşayacaqdır. Bizlər məhz belə qəhrəmanlar hesabına, Vətən uğrunda canlarını fəda etmiş igidlərimizin sayəsində doğma Qarabağımıza qayıtdıq. Rayon rəhbəri Bilalın ailə üzvlərinin qayğıları ilə yaxından tanış olub onlara bundan sonra da daim qayğı göstəriləcəyini bildirmişdir.

Görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Bilal Rzayevin həyatı, döyüş yolu barədə söhbət açılmışdır.

Şəhidimizin anası oğlu ilə qürur duyduğunu bildirərək "Təki Vətən sağ olsun!", - dedi. Və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.

 Ərəstun ABDULOV,

 "Respublika".