Qələbəylə, qürurla, quruculuqla ucalan LAÇIN
Region

Qələbəylə, qürurla, quruculuqla ucalan LAÇIN

Müxbirlərimiz ezamiyyətdən qayıdıb

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın dörd tərəfdən dağlarla əhatə olunub. Şimalda Dəlidağ, cənubda Kirs, şərqdə Qırxqız, qərbdə İşıqlı dağları. Bu əfsanəvi genişlik və zirvəsi buludlardan su içən dağlar silsiləsini sözlə təsvir etmək mümkün deyil, ilahi bir qüdrətin ecazkarlığı insanı ovsunlayır, ruha qol-qanad verir, insanı bir boy da ucaldır. Gözümüzü ana təbiətin yaratdığı həmahəng, bəzən təzadlı, bəzən sərt, eyni zamanda doğmalıq yaradan gözəllikdən ayıra bilmirik, baxdıqca baxmaq istəyirsən. Yeni və müasir Laçın dağların sinəsinə qonan qartala bənzəyir, əzəməti, vüqarı lap uzaqdan hiss olunur. Şəhərdə aparılan quruculuq işləri nəticəsində Laçında tarix və müasirlik sıx bağlarla bir-birinə qovuşur, bəzi küçələrin başı üzərində ucalan sivri qayalar döyüş nizələrini xatırladır, sanki keçmişin səsi bu qayalarda əks-səda verir.

Keçmişdən gələcəyə bələdçilik edən tarix

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın həm də Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur. Mirik kəndi ərazisində "Qaranlıq kaha", "Bayqara" mağaraları, Hoçaz kəndində mağara məbədi bu qədimlikdən xəbər verir. Ərazidə IX-XVII əsrlərə aid Ağoğlan qəsri, Dəmrovlu Pir Məbədi, Məlik-Əjdər türbəsi, Uşaq qalası, Kar kümbəz və X-XIX əsrlərə aid birtağlı və ikitağlı körpülər, eləcə də çoxsaylı su dəyirmanları olub. Laçının ərazisi keçmiş zamanlarda Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil idi. 1924-cü ildə şəhər statusu alan Laçın 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçısı Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adının şəhərə verilməsini təklif edəndən sonra bura Laçın adlandırılıb. "Laçın" sözü "məğrurluq" mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadratkilometrdir.

Bu diyar zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malikdir. Bu torpaq tarixi şəxsiyyətlər yetişdirib, igidlər məskənidir. Laçının təbiəti canlı muzeyi xatırladır. Rayonun şərqində Qarabağ silsiləsinin cənub-qərb yamacları, şimalında Mıxtökən silsiləsi uzanır və cənub-qərb hissəsini isə Qarabağ yaylası tutur. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 kilometr) yaradır. Həkəri də dağların ətəyindən, gen dərələrdən keçərək Araz çayına qovuşur.

Yeri gəlmişkən qeyd edək ki, 30 ilə yaxın Ermənistan ordusunun işğalı altında qalan Azərbaycan ərazilərində su anbarlarının sayı 9, sututarların sayı isə 7 olub. Torpaqlarımızdakı suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyularının sayı 1429 ədəd olub. Xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 14 əsas çay var və onların hamısının suyu həm içməli, həm də suvarma məqsədləri üçün yararlıdır.

Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Prezident İlham Əliyevin 15 aprel 2020-ci il tarixli Sərəncamı əsasında yaradılmış Komissiyaya işğaldan azad olunan ərazilərdə də su ehtiyatlarından səmərəli istifadə məsələləri ilə bağlı xüsusi tapşırıq verilib. Bundan başqa, dövlət başçısının 2022-ci il noyabrın 16-da təsdiq etdiyi "Böyük Qayıdış"a dair I Dövlət Proqramında meliorasiya və su təsərrüfatı ilə bağlı 14 adda investisiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Hazırda "Meliorasiya və Su Təsərrüfatı" ASC Qarabağ və Şərqi Zəngəzur ərazilərində həmin layihələrin icrasını həyata keçirir. 4 yenidənqurma layihəsi tamamlanmaq üzrədir. Laçının təbii ehtiyatlarını sadalamaqla qurtarmır. Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Məhz buna görə də, Laçın rayonunun işğaldan azad edilməsindən az sonra Qalib Ali Baş Komandan İlham Əliyev rayona səfər edərək burada xüsusi proqram əsasında aparılacaq infrastruktur layihələrin təməlini qoyub.

44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edən müzəffər Azərbaycan Ordusu 2020-ci il noyabr ayının əvvəlində Laçın rayonunun bir çox yaşayış məntəqələrini azad edərək Ermənistanla Xankəndini birləşdirən Laçın dəhlizinə nəzarəti ələ keçirdi. 2020-ci il noyabr ayının 10-da Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentləri, Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın birində Laçın rayonu 28 ildən sonra bir güllə atılmadan işğaldan azad edildi və bundan əvvəl noyabrın 9-da isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Silahlı Qüvvələrimiz tərəfindən nəzarətə götürüldü. 2022-ci il avqustun 26-da isə Laçın şəhərində, Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşan ermənilər bu ərazilərdən köçürüldülər. Müzəffər Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində işğaldan azad edilən dağlar diyarı, gözəlliklər məskəni, igidlər yurdu Laçın torpağına yeni bir həyat qayıdır.

İşğalçılardan azad edilən hər qarış Vətən torpağı üçün oğullarımız hünər göstəriblər, düşmənin keçilməz hesab etdiyi müdafiə xətlərini darmadağın edərək irəliləyiblər, uzun illər ərzində işğalda qalan torpaqlarımızda indi üçrəngli Azərbaycan bayrağı dalğalanır. Uca dağların qoynuna sığınan Laçın rayonu öz tarixinin yeni bir səhifəsini yaşayır. Ana təbiət bu diyarın gözəlliyi üçün heç nəyi əsirgəməyib. Saf iqlimi, uca dağları, zəngin meşələri, mineral suları, yerüstü və yeraltı sərvətləri, buz kimi bulaqları ilə könül oxşayan rayonun təbiəti ilin bütün fəsillərində insanı valeh edir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın həm ərazi baxımından, həm də təbii ehtiyatları və aqrar potensialı ilə ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Bir il bundan əvvəl Laçın rayonunda Qalib Ali Baş Komandan İlham Əliyevin təməlini qoyduğu infrastruktur layihələrin icrası artıq başa çatdırılır, yüzlərlə ailə Laçına qayıdır, öz evlərində yaşayırlar. Laçında heyrətamiz bir fakt danılmaz həqiqəti əks etdirir, bura gələn əcnəbi qonaqlar uğurun Azərbaycan modeli ilə tanış olurlar. Laçın şəhəri 9 aya tikilib və bərpa edilib. Mayın 28-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərə köçürülən ilk sakinlərə evlərin açarlarını təqdim edib. Qeyd edək ki, Laçın rayonu da erməni vandalizminə məruz qalıb, buradakı evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı tikinti və bərpa işlərinə başlanılıb və sürətlə davam etdirilir.

Qəlb hərarəti, ürək sözləri

31 ildən sonra dədə-baba yurdlarına qovuşan laçınlı keçmiş məcburi köçkünlərin sözü, söhbəti doğma yurdun işğaldan azad edilməsi qayıdışla bağlıdır. Həmsöhbət olduğumuz insanlar deyir ki, 30 ilə yaxın doğma torpaq nisgili ilə qovrulduq, ruhumuz o yerlərdə dolaşdı, elə bir gün olmadı ki, evimizi, ocağımızı xatırlamayaq. Çox şükür ki, nəhayət, nisgilimizə son qoyuldu. Azərbaycan öz tarixi torpaqlarını işğalçılardan azad edərək ərazi bütövlüyünü təmin etdi. Fəxrlə demək lazımdır ki, qazanılan böyük qələbələr Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin milli maraqlara söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksək nüfuzunun, sərkərdəlik məharətinin, rəşadətli əsgər və zabitlərimizin hünərinin, xalqımızın birliyinin məntiqi nəticəsidir. İşğaldan azad olunan Laçın rayonunda bərpa və yenidənqurma işləri sürətlə aparılır, mühüm infrastruktur layihələr həyata keçirilir. Laçının hər açılan səhəri insanların əzmini, inamını, zəhmətini, doğma yurdu gözəlləşdirmək arzusunu ifadə edir. Mübaliğəsiz demək olar ki, Laçın qaynar quruculuq meydanını xatırladır, bu qədim yurd yerimiz gələcəyə qürurla addımlayır, özü də qurub yaradan sakinləri ilə birlikdə. Onların ürək sözlərinin əvvəli də, axırı da minnətdarlıqla bitir.

Vətən müharibəsi iştirakçısı, Laçın şəhər sakini Amil Cabbarov deyir: 

– İkinci Qarabağ müharibəsi başlayanda elə ilk günlərdən döyüşlərə qatılmaq üçün könüllü müraciət etdim. Zəngilan, Qubadlı rayonlarının işğaldan azad edilməsində döyüş yoldaşlarımla birlikdə düşmənə qarşı cəsarətlə, inamla vuruşduq, torpaqlarımızı azad etdikcə çox sevinirdim, qürur hissi keçirirdim. Laçın rayonu Səfiyan və Suarası kəndləri uğrunda gedən döyüşlərdə ağır yaralandım, sonra məlum oldu ki, kontuziya almışam. Yanımıza minaatanın mərmisi düşdü və yaralıları təxliyə etdilər. Üç ay müalicə aldım. Prezidentimizin müvafiq sərəncamları ilə Zəngilanın, Qubadlının, Laçının azad olunmasına görə və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşam. Laçında abadlıq-quruculuq işləri başlayanda kənarda qala bilmədim, ürəyimin səsi, qəlbimin hökmü ilə bu qürur yaradan işlərdə iştirak etməyim mənim üçün demək olar ki, həyatımın mənasına çevrilib. Hazırda Həkəri çayının sahilində yerləşən istixanada çalışıram, əmək haqqımdan razıyam, əsas işimiz ting yetişdirməkdir. Həmin tinglər doğma Laçınımızı yaşıl bir diyara çevirəcək.

Söhbətə qoşulan Səxavət Əliyevin ürək sözlərini həyəcansız dinləmək olmur: 

– Laçın işğal olunanda 10 yaşım var idi. Müharibənin ağırlığını hələ kiçik yaşlarımda olarkən hiss etmişəm. Torpaqlarımız işğal olunandan sonra Bərdə rayonunda məskunlaşdıq. İndi özümü çox xoşbəxt hiss edirəm. Ona görə ki, ata yurduma, uşaqlıqda tərk edib getdiyim doğma Vətənimə geri dönmüşəm. Bura ilk ayaq basanda ata vəsiyyətini yerinə yetirdim. Atam demişdi ki, kim Laçına qayıtsa dizlərini yerə qoyub Allaha şükür etsin. Mən də onun dediyi kimi etdim. Burada olduğum üçün dövlətimizə minnətdaram. Vətən uğrunda canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirəm. Avqust ayından şəhərə işləmək üçün gəlmişəm. Əməkhaqqı da normaldı, amma mənim üçün nə qədər olması vacib deyil. Əsas odur ki, Laçını gözəlləşdirib abadlaşdıraq. Doğma şəhərimin dirçəlməsi üçün əlimdən nə gəlirsə onu da edəcəyəm. İndi evimin bərpa olunmasını gözləyirəm. Bütün gələcəyimi Laçında qurub yaratmaqla keçirəcəyəm. Təkcə bir şeyə təəssüf edirəm ki, atam bu günləri görmədi.

"Atlas Aquaponics"in işçisi, Laçın şəhər sakini Elnur Musayev burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verir: 

– "Atlas Aquaponics" də bitkiçilik təsərrüfatında işləyirəm. Mayın 28-də Laçın şəhərində məskunlaşdıqdan 10 gün sonra burada işlə təmin olunmuşam, nəzarətçi vəzifəsində çalışıram. İşimiz olduqca maraqlıdır. Hazırda mənimlə birgə dörd nəfər də burada işləyir. Bu təsərrüfat təxminən altı ay öncə qurulub. Parnikdə qırmızı və yaşıl kahı, çiyələk, yapon kələmi və pomidor yetişdirilir. Müəssisənin böyük bir tarixi yoxdur. Buna baxmayaraq, qısa bir müddət ərzində yaxşı məhsul əldə etmişik. Hələlik əldə etdiyimiz məhsulu Laçın şəhərinə, Güləbirdə və Qubadlıya göndəririk. Şuşa-Xankəndi yolu işlək vəziyyətə düşdükdən sonra digər ərazilərə də satış etmək nəzərdə tutulub. Çünki bol məhsul əldə edə bilirik və bu da bizə satış dairəmizi genişləndirməyə imkan verir. Məlumat üçün qeyd etmək istəyirəm ki, təsərrüfatda yetişdirilən bitkilər toxumsuz və torpaqdan istifadə olunmadan yalnız suvarma üsulu ilə ərsəyə gəlir. Lakin fərq ondadır ki, bitkilər adi su ilə qidalanmır. Çünki heç bir bitki təkcə su ilə qidalanıb inkişaf edə bilməz. Əgər bu baş versə belə 5-10 gün sonra ömrünü başa vuracaq. Ona görə də biz burada xüsusi texnologiyadan istifadə etmişik. Çalışma prinsipimiz belədir: çənlərdə balıqlar saxlanılır və bu balıqlardan ifraz olunmuş ammonyaklar (ifrazat) sistemə vurulur, borular vasitəsilə bitkilərə ötürülür. Bitkilər qidalandıqdan sonra su filtrdən keçib duru hala gətirilir. Yəni texnologiya imkan verir ki, istifadə olunan su tullantıya getməsin. Bütün iş sistemləşmiş şəkildə avtomatik olaraq yerinə yetirilir və 24 saat ərzində fəaliyyət göstərilir. Çünki çəndə saxlanılan balıqlar da fasiləsiz olaraq oksigenlə təmin olunmalıdır. Bu texnologiya həm də sərfiyyat cəhətdən çox əlverişlidir. Məhsulun maya dəyərini təkcə balıqların yemi təşkil edir. İlk baxışdan bura balıq təsərrüfatına bənzəsə də istixanada yalnız bitkilər yetişdirilir. Qeyd edim ki, hər kəs tərəfindən maraqla qarşılanan bu texnologiya Türkiyədən gətirilib. Ən qısa zamanda istədiklərimizə nail olmuşuq. Yavaş-yavaş da irəliyə doğru gedirik. Məhsul artımı hər keçən gün daha da artır. Əlbəttə ki, inkişaf özümüzdən asılıdır. Rəhbərlik də mütəmadi olaraq işimizə nəzarət edir və görülən işdən razı qalır. Artıq biz məsul şəxslərə yeni təkliflərimizi də vermişik. Təsərrüfat sahəsini artırmaq qərarına gəlmişik. "Atlas Aquaponics" kiçik olmasına baxmayaraq, bu günə qədər böyük işlər görüb.

Laçın şəhər sakini Eldar Hüseynov doğma yurdda işləməyin sevincini bizimlə bölüşür: 

– İstixanada qrup rəhbəri vəzifəsində çalışıram. Laçın işğal olunanda 23 yaşım var idi. 30 il bu günləri böyük həsrətlə gözləmişəm. Laçında işləmək imkanımın olduğunu biləndə sevincimin həddi-hüdudu yox idi. Doğma yurdda işləməyi, şəhərimizin inkişafına xidmət göstərməyi heç nə əvəz edə bilməz. Buranın suyu da, havası da bir başqadır. Ümid edirəm ki, xırda çətinliklərimiz də düzələcək. Əsas odur ki, dünyaya göz açdığım yerdəyəm. Üzərimə hansı vəzifə düşürsə, ləyaqətlə yerinə yetirməyə hazıram.

Anadangəlmə fiziki qüsurlu Fərid Əzimzadə Laçını quranların cərgəsindən kənarda qala bilməyib. Könüllü olaraq ata-baba yurdunda işləməyə gəlib. Fərid deyir ki, məcburi köçkün olsam da Bakıda yaxşı işim-gücüm vardı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mənim işlə təmin olunmağıma kömək göstərdi. Laçına işləməyə gələndə maaş haqqında düşünməmişəm. Çünki Laçını laçınlılar qurmalıdır. Burada olmaq tamam başqa bir duyğudur. Həmin hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Laçın sənaye şəhərinə çevrilir

Bütün işlər dövlət başçısının imzaladığı Sərəncamla təsdiq olunmuş "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi" çərçivəsində icra olunur.

Dövlətimizin başçısının işğaldan azad edilən torpaqlara səfərləri zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir. Deməli, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Prezidentin Sərəncamına əsasən, Laçın və Kəlbəcər rayonları yenidən qurulur, orada böyük sənaye müəssisələri, turizm və kənd təsərrüfatı obyektləri, hotel və mehmanxanalar, məktəb və xəstəxanalar inşa edilir. Bu, bütövlükdə dövlətimizin iqtisadi gücünün göstəricisidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən qurulması Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Rayonlarımızın yenidən qurulması, keçmiş köçkünlərin oraya yerləşdirilməsi planlı şəkildə həyata keçirilir. Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyyətindədir. İşğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri, müşahidə olunan canlanma, bu yerlərin gülüstana çevrilməsi dünya dövlətlərini, beynəlxalq təşkilatları bir daha düşündürməlidir. Biz xarabalığa çevrilmiş ərazilərə həyat bəxş edirik, orada yaşıllıq salırıq, gözəllik yaradırıq. Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub, rayonda həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə tanış olub. Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən bəhs edərək deyib: "Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər - hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun". Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq.

Salman ALIOĞLU,

Musa BAĞIRLI,

"Respublika".