Qərb dairələrinin Cənubi Qafqazla bağlı çirkin niyyətləri baş tutmayacaq
Siyasət

Qərb dairələrinin Cənubi Qafqazla bağlı çirkin niyyətləri baş tutmayacaq

44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 illik həsrətə son qoyduqdan sonra bəzi Qərb dairələri Azərbaycana qarşı olan qərəzini, Ermənistana dəstəyini açıq şəkildə nümayiş etdirdi. Əlbəttə ki, bunu, ilk növbədə, biz Fransanın timsalında gördük. Rəsmi Paris bəzi Qərb dairələrini də bu işə cəlb etməklə Azərbaycana qarşı media üzərindən böhtan kampaniyası aparmağa, eləcə də əsassız, saxta qətnamələr qəbul etməyə başladılar. Azərbaycan lokal xarakterli antiterror tədbirləri keçirdikdən və bütün ərazilərimizdə öz suverenliyini və siyasi hakimiyyətinin legitimliyini bərpa etdikdən sonra bu dairələr daha da fəallaşdılar.

 Avropa Parlamentində Azərbaycana qarşı əsassız fikirlərin səsləndirilməsi, o cümlədən də bəzi Avropa parlamentarilərinin Ermənistana səfəri və səfər çərçivəsində separatçı rejimin rəhbərləri ilə görüş keçirməsi, onlara dəstək nümayiş etdirilməsi, əlbəttə ki, qəbuledilməz bir haldır. Bu, bir daha onu göstərir ki, həm Avropa parlamentariləri, həm də Qərb dairələri, başda Fransa olmaqla birbaşa separatizmi və terrorçuluğu açıq şəkildə dəstəkləyirlər. Əlbəttə ki, bu, ilk növbədə, bölgədəki yeni reallığa uyğun gəlmir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan işlərə tamamilə ziddir. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almağa yönəlmiş bir addımdır. Həmçinin bölgədə revanşist qüvvələrin yaradılması və yeni müharibənin alovlanmasına istiqamətlənmişdir. Azərbaycan istənilən ssenariyə hazırdır, çox güclü, qüdrətli bir ölkədir. Baş verən hadisələr və Avropa parlamentarilərinin, bəzi Qərb dairələrinin Ermənistana dəstək nümayiş etdirməsi, ilk növbədə, Ermənistanı daha da acınacaqlı vəziyyətə gətirib çıxara bilər. Beləliklə, bu qüvvələr bir daha onu nümayiş etdirirlər ki, onlar erməni lobbisindən qidalanaraq bu gün vəziyyəti stabilləşdirməyə deyil, tam əksinə, onun gərginləşməsinə xidmət edirlər.

Bölgədə Azərbaycan tərəfindən yeni sülh reallıqları yaradılıb. Bu reallığı gec-tez bütün qüvvələr qəbul edəcəklər. Çünki başqa bir çarə də yoxdur. Azərbaycan öz hədəflərinə çatacaqdır. Azərbaycan artıq suverenliyini təmin edib. İşğala son qoyub, bölgədə sülh üçün bütün addımları atır. Bölgədə sülhün, əmin-amanlığın təmin olunması üçün bütün mümkün platformalarda Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Bu gün Ermənistan anti-Azərbaycan dairələrinin təsiri altına düşüb və onların alətinə çevrilərək müxtəlif bəhanələrlə münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə xələl gətirir. Bütün bunlar Ermənistan üçün daha acınacaqlı bir vəziyyətə gətirib çıxara bilər. Digər bir tərəfdən Avropa parlamentarilərinin, o cümlədən bəzi Qərb dairələrinin, başda Fransa olmaqla Cənubi Qafqazda həyata keçirmək istədikləri çirkin niyyətləri heç vaxt baş tutmayacaqdır.

Cavid OSMANOV,

millət vəkili.