Qərb Rusiyaya daha da
Siyasət

Qərb Rusiyaya daha da "yaxınlaşır"

Avropa İttifaqı Gürcüstana quruma üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul edib. Bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib. Həmçinin bildirilib ki, Aİ ölkələri, həmçinin Ukrayna və Moldovanın İttifaqa qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər. Gürcüstanda da əhalinin mütləq əksəriyyəti ölkənin Avropa İttifaqına daxil olmasını çətinliklərdən çıxış yolu kimi hesab edir. Onlar 2024-cü ildə ölkələrinin Avropa ailəsinə daxil olacağına ümid bəsləyirlər. Təbii ki, namizəd statusunu almaq yalnız ilk addımdır. Quruma aparan yolun uzunluğu isə hələ bilinmir. Avropa İttifaqı tərəfindən qonşu Türkiyəyə olan münasibət yolun hamar olmadığının bariz nümunəsidir. Bəs həqiqətənmi Avropa İttifaqı Gürcüstan, Moldova və Ukrayna üçün öz qapılarını açır, yoxsa bu, Qərbin hazırda Rusiya ilə münasibətləri gərgin olan 3 postsovet ölkəsi ilə yaxınlaşaraq Moskvanı büdrətmək ssenarisinin yeni motivləridir?

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da baş tutan Forum zamanı gürcüstanlı jurnalistin Aİ üzvlüyü ilə bağlı sualına cavab olaraq bildirmişdi ki, biz Gürcüstanı bu prosesdə dəstəkləyirik. Həmçinin ölkə başçısı onu da qeyd etmişdi ki, bu proses uzun müddət çəkə bilər. Çünki Türkiyə də daxil olmaqla coğrafi baxımdan Avropaya nisbətən yaxın olan Balkan yarımadasında yerləşən digər ölkələrin bu quruma üzvlük məsələləri hələ də davam edir. Qərb özünə sərf edən anda üzvlük məsələlərini gündəmə gətirir. Avropa İttifaqı onsuz da yaxşı bilir ki, üzv olmaq istəyən ölkələrdə vətəndaşların əksəriyyəti bu prosesi hər zaman dəstəkləyib. Məsələn, Gürcüstanın paytaxtı Tbilisidə əksər küçələrdə, evlərdə və iaşə obyektlərində Avropa İttifaqı bayrağını görmək mümkündür. Bu isə təəccüblü deyil. Daha əvvəl keçirilmiş sorğulara əsasən, əhalinin 90 faizi Gürcüstanın bu quruma daxil olmasını arzulayır. Gürcüstanda əhalinin bəzi hissəsi isə hələ də Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır ki, hələ ki, ən real və uğurlu variant bu ola bilər. Rusiya ilə aralarında ərazi iddiası məsələsi dayanan Gürcüstan, Moldova və Ukraynanın Aİ-yə üzv qəbul olunacağı təqdirdə gələcəkdə həmin ölkələri hansı ssenarinin gözləyəcəyini təhlil etməkdə fayda var.

Avropa İttifaqının 1993-cü ildə Mastrix müqaviləsi ilə başlatdığı "genişləndirmə siyasəti" bu gün öz nəticəsini vermir. Türkiyənin 2005-ci ildən üzvlük üçün göndərdiyi sorğuya hələ də qənaətbəxş cavab verilməməsi quruma olan ümidləri kifayət qədər azaldıb. Dünya təcrübəsində Avropa İttifaqı sələfi Avropa İqtisadi Birliyinin prioritet məsələsi olan "enerji-qaz" mövzusundan kənara çıxa bilməyib, 90-cı illərdə ilişib qalıb. 2020-ci ildə Birləşmiş Krallığın qurumu tərk etməsindən sonra vəziyyət daha da gərginləşib. Aİ üzv və qeyri-üzv ölkələrlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi sahəsində hazırkı ittifaq dövlətlərindən daha yaxşı fəaliyyət göstərən Birləşmiş Krallığın yerini üçüncü ilin sonunda da doldura bilməyib. Bu gün 3 postsovet ölkəsinə göstərilən isti münasibət sözsüz ki, heç də xoş məramdan irəli gəlmir. Qərbdə bu cür addımlar müsbət dəstəklənsə də, məsələnin iç üzü tamamilə fərqlidir. Qərb Rusiyanı coğrafi cəhətdən blokadaya salmaq istəyir. "Rusiyanı avropasızlaşdırılması" və ya "dünyanın avropalaşdırılması" cəhdləri fonunda keçmişdə Rusiya ilə müttəfiqlik edən dövlətlərin bu gün Qərbə yönləndirilməsi Avropanın Rusiyanı siyasi arenada "tərk-silah" etmə istəyindən irəli gəlir. Lakin Moskva Ukrayna müharibəsi ilə Qərbə "asan dilim" olmadığını sübut etdi. Amerika və Qərb dövlətlərinin hərbi və maliyyə yardımları Ukraynaya kömək etmədi, sadəcə müharibənin uzanmasına rəvac verdi ki, bu da hazırkı situasiyada Avropadan çox Rusiyaya sərf etdi. Çünki müharibədən əvvəl Qərb enerji tələbatının böyük əksəriyyətini Rusiyadan təmin edirdi. Bu gün isə necə deyərlər, "müasir qitə" işıqsız və qazsız qalma təhlükəsi ilə üz-üzədir. Bu baxımdan, Avropa İttifaqının öz sərhədlərini genişləndirmək üçün Balkan yarımadası dövlətlərini, həmçinin 3 postsovet ölkəsini üzv qəbul etmək prosesi real görünmür. Son hadisələr sadəcə Rusiyaya təzyiq üçün atılan kiçik addımlar hesab oluna bilər. Lakin digər situasiyada əgər Aİ Gürcüstan, Moldova və Ukraynanı üzv qəbul etsə bu, həmin ölkələrdəki vəziyyəti stabilləşdirməyəcək. Çünki keçmişdə SSRİ daxilində olub, bu gün ölkəsində kifayət qədər Rusiya vətəndaşları, həmçinin rusyönümlü əhalisi olan bu ölkələrin Avropa İttifaqına üzvlüyü təsdiqlənəcəyi təqdirdə ölkədə daxildən parçalanma və vətəndaş müharibəsi sədaları güclənə bilər. Həmçinin münasibətlərinin gərgin olmasına baxmayaraq hər üç dövlətin hələ Rusiyadan müəyyən asılılığı var. Keçmişdə bu kimi meyillərin sonda qanlı proseslərlə əvəzləndiyi nümunələri kifayət qədərdir. Bu baxımdan, Gürcüstan, Ukrayna və Moldova üzvlük məsələsinə baxmazdan əvvəl öz daxili və xarici siyasətini balanslaşdırmalıdır. Buna Azərbaycan modeli ən yaxşı nümunə hesab oluna bilər. Dövlətlərin öz daxili və xarici siyasətlərində bu modeldən praktiki istifadə bölgədə mövcud situasiyanın sabitləşməsi yolunda geniş imkanlar qazandıracaq.

Tacir SADIQOV,

"Respublika".