Qərbi Azərbaycana gedən yol
Siyasət

Qərbi Azərbaycana gedən yol

Son 3 ildə Azərbaycan tarixinin ən şanlı səhifələri yazıldı. Doğma torpaqlarımız işğaldan azad edildi, yüzlərlə vətəndaşımız öz dədə-baba yurduna geri qayıtdı. Həmçinin ölkəmiz bir çox mötəbər yarışlara, tədbir və konfranslara evsahibliyi etdi. Yüksələn xətlə sürətlə inkişaf etməyimiz xaricdə də olduqca yüksək qiymətləndirildi. Bütün bunlarla yanaşı, illərdir Azərbaycan tarixinin düyünlənmiş problemi olan Qərbi Azərbaycan məsələsi ilə bağlı ciddi addımlar atıldı. Belə ki, 1989-cu ildə yaradılmış "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adı 2022-ci ildə dəyişdirilərək Qərbi Azərbaycan İcması oldu. Prezident İlham Əliyev keçən il dekabrın 24-də icmanın bir qrup nümayəndəsi ilə görüş zamanı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini qarşıya qoydu. Bu görüşdə qərara alındı ki, ötən əsrdə baş verənlər, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılsın.

Şübhəsiz ki, hazırkı Ermənistanın yerləşdiyi ərazi Azərbaycan xalqının tarixi və əzəli torpaqlarıdır. Bu həqiqətlərin beynəlxalq aləmə olduğu kimi, dəqiqliklə çatdırılması prioritet məsələdir. Ölkəmizdə bu mənada ciddi addımlar atılır. Medianın məlumatlandırılması, mütəmadi tədbirlərin keçirilməsi, irəli sürülən təkliflərin dəyərləndirilib, həyata keçirilməsi də məhz tədbirlər sırasındadır. Bu mənada dekabrın 28-də Sosial Tədqiqatlar Mərkəzində (STM) "Qərbi Azərbaycan yolunda" mövzusunda ictimai dinləmə keçirilib. Tədbirdə STM-in İdarə Heyətinin sədri, deputat Zahid Oruc, politoloqlar, siyasi şərhçilər və media nümayəndələri iştirak ediblər. Tədbirin açılışını edən Zahid Oruc deyib ki, Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi. Şübhəsiz ki, bu, danılmaz faktdır. Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun gücü, qüvvəti nəticəsində əldə olunan bu Zəfər xalqımızda doğma torpaqlara qayıda biləcəyimizə inam yaratdı. Düzdür, hər il istər Xocalı, istərsə də 20 Yanvar hadisələrinin anım günlərində "bir gün torpaqlarımıza qayıdacağıq" sözlərini deyirdik, lakin 30 il idi ki, həmin yurdları görmürdük deyə ümid işığı yavaş-yavaş sönməyə başlamışdı. 44 gün içində yenidən alışan, hətta alovlanan həmin ümid işıqları gələcək uğurlarımız üçün yolumuza tutulan çıraq oldu. Nəhayət Qərbi Azərbaycan mövzusu yenidən canlandı və bu mənada ciddi addımlar atılmağa başlandı. Zahid Orucun sözlərinə görə, hərbi zəfərimiz olmasaydı, yeni ideoloji-siyasi hədəflər də meydana çıxmazdı.

Beyin mərkəzində keçirilən tədbirdə hər bir iştirakçı Qərbi Azərbaycanla bağlı fikirlərini, təkliflərini irəli sürdü. Görünür, bu məsələdə atılacaq çox addım, gediləcək uzun bir yol var. Lakin deputatın da bildirdiyi kimi, Qarabağ davası İrəvandan başlamışdı, orada da bitəcək. Bakı və İrəvan yenidən mədəni, ticari və siyasi bağlarla birləşəcək.

Tarixi torpaqlarımıza qayıdış hər birimizin haqqıdır. Bu kimi tədbirlərin qısa aralıqlarla keçirilməsi də məhz bu yolda dəstəkləyici rol oynayır. Konfransda çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə vurğulayıb ki, əgər Azərbaycan ərazisində yenidən erməni toplumları olacaqsa, bizim də haqqımızdır ki, Qərbi Azərbaycana qayıdaq.

Azərbaycan dövləti hər zaman haqq-ədalət tərəfdarıdır. Əgər qarşı tərəf buna hər hansısa maneə törətsələr, o zaman lazımi tədbirlər görüləcək. Reallıq budur ki, tez bir zamanda vətəndaşlarımız Qərbi Azərbaycana, tarixi torpaqlarına qayıdacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".