Qərbin əyləndiyi kloun və yaxud erməni təkəbbürü
Siyasət

Qərbin əyləndiyi kloun və yaxud erməni təkəbbürü

Bir vaxtlar qoltuğuna sığındığı havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edən, dinc insanları işgəncələrə məruz qoyan, özgə kölgəsində "şir"ə dönən, Qarabağda ikinci "erməni" dövləti qurmaq eyforiyasına qapılan, çürük xəyallar ardınca qaçan, İkinci Qarabağ müharibəsində məğlub olan, diz çökən, ağ bayraq qaldıraraq kapitulyasiya aktına şərəfsiz şəkildə qol çəkən Ermənistan indi də Qərbin daha çox əyləndiyi klouna bənzəyir.

Bəzi Qərb dairələri, xüsusilə müstəmləkəçi və imperialist ləkəsinə bulaşan Fransa və onun xəyalpərvər prezidenti E.Makron Cənubi Qafqazı savaş meydanına çevirmək üçün dəridən-qabıqdan çıxır, əl quzusu olan Ermənistanın siyasi dairələrini şirin vədlərlə aldadır. 30 illik erməni işğalı bir daha onu göstərdi ki, qoca dünya iki qütbə bölünüb, din təəssübkeşliyi açıq müstəviyə keçib, islam və xristian etiqadçıları qarşı-qarşıya gəliblər. Ancaq tarixin ibrət çıxarılası nümunələrinin üzərini hələ toz basmayıb. Artıq keçmişdə qalan Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Rusiya, Fransa və ABŞ dövlətlərinin həmsədrliyi ilə yaradılan keçmiş Minsk qrupu bölgəyə turist səfərləri etməkdən və danışmaqdan başqa heç bir iş görmədi. Çox güman ki, bunu Ermənistanda yaxşı bilirlər, çünki həmin Minsk qrupunun nümayəndələri erməni konyakının təsiri altında haylara çoxlu vədlər verir, qəsbkarlara deyirdilər ki, işğalı donduracaqlar, Azərbaycan torpaqları ermənilərə qalacaq. Bu kimi sərsəm vədləri qəhrəman silahlı qüvvələrimiz döyüş meydanında tar-mar etdi, ərazilərimiz işğalçılardan təmizləndi. Azərbaycan liderinin rəhbərliyi ilə beynəlxalq hüquqdan irəli gələn haqqımızı savaşaraq, qan tökərək aldıq, vətən torpağını bütövləşdirdik.

Məğlub Ermənistan üç ildən çoxdur ki, qalib tərəfin təklif etdiyi sülh sazişini bağlamaqdan yayınır, vaxtı uzadır, manipulyasiya ilə məşğul olur. Qərbin Cənubi Qafqazda xəritələri dəyişmək xəyalı sabun köpüyü kimi yox oldu, məkrli və kirli oyun pozuldu, torpaq vədi verilən Ermənistan necə deyərlər, qırx arşın quyunun dibinə düşdü. Zənnimizcə Ermənistan rus və qərb bıçaqları ilə zədələnən bir yaralıya bənzəyir. Yaralarından qan axan rəsmi İrəvanı yenidən siyasi oyunların mərkəzinə dartırlar. Bölgəyə nüfuz etməyə çalışan güclərin öz sərhədlərindən uzaqlarda hökm sahibi olmaq iddiası yeni bir lənətin başlanğıcından başqa bir şey deyil. Sağlam düşüncəyə malik olan hayların bəziləri Ermənistanı qarşıda gözləyən təhlükələri aydın hiss edirlər. Heç uzağa getməyək, ortada Ukrayna nümunəsi var. Qızışdırıb savaşı başladan güclər indi kölgəyə çəkilir, Ukrayna və rus xalqının faciəsinə sözün əsl mənasında gendən baxırlar. Ermənistan heç vaxt Avropa Birliyi və NATO-nun üzvü ola bilməyəcək. Erməni mətbuatının yazdığına görə, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib. O bildirib ki, Azərbaybaycanla dövlət sərhədlərinin müəyyən edilmədiyi və qonşu ölkə kimi sülh şəraitində yaşayışın təmin olunmadığı indiki vəziyyətdə Ermənistanın NATO-ya üzv olmağa can atması cəmiyyəti aldatmaqdan başqa bir şey deyil. Avropa Birliyinə qoşulma isə Ermənistanın uzaq perspektivində də görünmür. Buna nə Ermənistanın iqtisadiyyatının hazırkı durumu, nə də dayanıqlı inkişafı təmin edə biləcək infrastrukturun olmaması imkan vermir. Ona görə də bilmirəm nə dərəcədə ciddidir, amma indiki iqtidar söyləyir ki, NATO-ya üzv oluruq. Heç düşünmürəm ki, müraciət ediblər.

Ümumiyyətlə, Ermənistan heç vaxt NATO və Avropa Birliyində olmayacaq. Biz üzv olanda Avropa Birliyi dağılacaq. Ermənistanın NATO və Avropa Birliyi standartlarından uzaq olması hər iki beynəlxalq quruma üzv olmaq imkanlarını sıfra endirir. Ermənistan Rusiyada satdığı keyfiyyətsiz mallarına Qərb bazarlarında alıcı tapa bilməyəcək. Əvvəla, NATO bizi belə qəbul etmir, sonra Rusiyanın NATO-ya doğru atılan addımlara dözəcəyini düşünmürəm. Həmçinin Rusiya həmişə yüksəkkeyfiyyətli olmayan pendir, konyak, şərab, ayaqqabılarımızı qəbul edir. Məsələn, yaxşı konyaklarımız var, amma bu qədər. Əgər biz başqa bir təhlükəsizlik bloku ilə hərbi əməkdaşlığı davam etdirsək və ya heç olmasa bitərəf qalmasaq, o zaman Rusiyada erməni ayaqqabılarının keyfiyyətli olmadığını görməyə başlayacaqlar.

Keçmiş baş nazirin şərhi rəsmi İrəvanın düşdüyü real vəziyyəti tam əks etdirir. Qonşusu ilə sülh bağlamağa cəsarəti çatmayan bir ölkənin Qərb sevdası yalançının tamahkarı aldatmasına bənzəyir. Fransa və digər qərblilər Ermənistanı açıq-aşkar müharibəyə hazırlayırlar. Fransa, Yunanıstan, Hindistan haylara silah-sursat göndərir, bölgədəki nisbi sabitliyi pozmağa çalışırlar. Ancaq onlar unudurlar ki, müharibənin taleyini heç də silahlar deyil, həmin silahları əllərində tutan əsgərlər həll edir. İkinci Qarabağ müharibəsində bu, bir daha təsdiq olundu. Döyüşlərdə silahlarını atıb qaçan erməni əsgərlərinin yerinə kim vuruşacaq, yoxsa fransızlar, bəlkə yunanlar, inanmaq çox çətindir. Hərbi ekspertlərin qənaətinə görə fərari ordusuna malik Ermənistan sülhü təhdid etmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməli, xüsusilə də delimitasiya prosesinə, Azərbaycanın işğal altındakı 8 kəndin qaytarılması və Zəngəzur dəhlizinin açılmasına dair əməli addımlar atmalıdır. Əks halda, bu proseslər Ermənistana növbəti sarsıntılar gətirə bilər. Rəsmi İrəvan siyasi təkəbbürdən əl çəkməyib şirin vədlər arxasınca getdikcə Ermənistan cəmiyyəti xof və vahimə içərisində qalacaq.

Salman ALIOĞLU,

"Respublika".