Qərbin ikili standartı bumeranq effekti yaradır
Siyasət

Qərbin ikili standartı bumeranq effekti yaradır

Çağdaş dövrümüzdə dünya ölkələri arasında münasibətlər yenidən formalaşır, iqtisadi maraqlar, təhlükəsizlik məsələləri, ətraf aləmin mühafizəsi çoxtərəfli əlaqələrin qurulmasında əsas amildir. İnkişafı, tərəqqini hədəfləyən sivil ölkələr dövlətlərin daxili işlərinə qarışmamaq, sülhü, əmin-amanlığı təşviq etməklə təhlükəsiz dünya naminə məqsədyönlü siyasət yürütməlidirlər.

Bəzi dövlətlər isə hegemonluq iddiası ilə qlobal siyasətdə dominant rolunda qalmaq üçün qeyri-konstruktiv mövqe nümayiş etdirirlər. İkitərəfli münasibətlərin dərinləşməsinə, şaxələnməsinə böyük önəm verən Azərbaycanla əlaqələri genişləndirmək, nüfuzlu təşkilatlar çərçivəsində bir-birinə dəstək olmaq istəyən ölkələrin sayı isə günbəgün artır. Heç bir dövlətin ərazisinə iddiası olmayan, humanist ideyalara sadiq müasir Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, eyni zamanda sülhün təminatçısı kimi tanınır.

İkinci Qarabağ müharibəsində ərazi bütövlüyünü təmin edən qalib Azərbaycan şəksiz Cənubi Qafqazın lider dövlətinə çevrilib. Heç bir ölkədən yardım istəmədən cəmi 44 gün ərzində 30 illik işğala son qoyan, müharibədən sonra düşmənin yerlə-yeksan etdiyi əraziləri yenidən quran ölkəmizin artan iqtisadi gücü, qüdrəti bəzi Qərb dövlətlərinin narahatlığına səbəb olur. Vaxtilə dost kimi davranan, indi isə iblis cildinə girib ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan, həqiqətdən uzaq, yalan, iftira dolu bəyanatlar səsləndirməklə ikili standartlar nümayiş etdirən erməni havadarları dövlətimizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışırlar. Sözsüz ki, əsassız ittihamlar, qəbul edilən qərəzli qətnamələr isə anti-Azərbaycan siyasəti yürüdənlərin özlərini nüfuzdan salır.

Erməni lobbisi tərəfindən maliyyələşən, insan hüquqlarını, demokratiyanı, qanunun aliliyini müdafiə etməli olduğu halda bunun tam əksinə fəaliyyət göstərən Avropa Şurası Parlament Assambleyası ermənipərəst qüvvələr tərəfindən ölkəmizi hədəf almaq üçün platforma kimi istifadə olunur. Qurumun yanvarın 24-də keçirilən qış sessiyasında almaniyalı deputat Frank Şvabenin əsassız arqumentlər gətirərək ölkəmizin nümayəndə heyətinin etimadnaməsinin təsdiq edilməməsi təklifi, AŞPA Monitorinq Komitəsinin bunu məqbul sayması, Assambleyanın rəsmi Bakının öz üzərinə götürdüyü "əsas öhdəlikləri" yerinə yetirmədiyi barədə qətnamə qəbul etməsi həmin platformada azərbaycanofobiya meyillərinin təzahürüdür. Demokratiya, insan hüquqları, ədalət kimi ali dəyərlərin arxasında siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbür, şovinizm və bu kimi çirkin niyyətləri gizlədən təşkilatın plenar iclasında ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin qurumda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bildirərək iclası tərk etməsi Qərbin Azərbaycana qarşı apardığı qərəzli kampaniyaya tutarlı cavab oldu.

Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Prezident İlham Əliyev bir sıra beynəlxalq institutlar üçün bu gün ikili standartların adi hala çevrildiyini bildirib: "Biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir".

Bu gün insan hüquqlarından, demokratik dəyərlərdən danışan qurumların, nüfuzlu təşkilatların əksəriyyəti ayrı-ayrı regionlara və ölkələrə ikili standartlarla yanaşır. Bunun müqabilində müstəqil siyasət yürüdən, heç bir ölkədən asılılığı olmayan Azərbaycan Qarabağı erməni işğalından azad etdikdən sonra ikiüzlülüyə, selektiv yanaşmaya daha çox məruz qalması həm təəccüb doğurur, həm də qəzəb yaradır. Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamentinin fəaliyyətində ölkəmizə qarşı ikili standartlar hökm sürür. Bu qurumlarda anti-Azərbaycan dairələrin sifarişləri yerinə yetirilir, demokratik inkişaf yolunda irəliləyən dövlətimizin maraqlarına zidd siyasət aparılır. Qərbin ikili standart oyunu, beynəlxalq aləmin erməni avantürizminə dəstəyi, bir sözlə, xristian təəssübkeşliyi Azərbaycanın müstəqil siyasətinə heç bir təsir göstərə bilmir. Çünki qalib, güclü Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində dayanıqlı sülhə, əmin-amanlığa əsaslanan düşünülmüş siyasət həyata keçirir, dost ölkələrlə münasibətlərini daha da dərinləşdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".