Qeyri-neft sektorunun inkişafına qayğı bəhrəsini verir
İQTİSADİYYAT

Qeyri-neft sektorunun inkişafına qayğı bəhrəsini verir

"Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki mütləq rəqəmlər o qədər də böyük deyil. Ancaq qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır". Bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. Müşavirədə dövlətimizin başçısı geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlərə toxunub.

Respublikamızda ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf onun geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabətqabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Ötən illər ərzində həyata keçirilən Dövlət proqramları və tədbirlər müvafiq olaraq qeyri-neft sektorunun inkişafına da zəmin yaratmışdır. Hazırda dövlətimiz qeyri-neft sektorunun inkişafını özünə prioritet sahə seçmiş və əsas vəzifə kimi qarşıya qoyulmuşdur.

Azərbaycan dünyanın sürətli inkişaf tempinə malik ölkələrindəndir. Ölkəmizdə neft və qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illərdə qeyri-neft sektorunun Ümumi Daxili Məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olub. Prezident İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsinə şərait yaratmışdır. Uğurlu siyasət, idarəçilik təhlükəsizliyin və sabitliyin gücləndirilməsinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin qüdrətinin artmasına, xalqımızın rifahının yüksəlməsinə xidmət edir.

Ölkəmizin müstəqillik qazanmasından cəmi 32 il keçməsinə baxmayaraq, bu az zaman kəsiyində sənaye çiçəklənən dövrünü yaşayır. Hazırda bu siyasəti davam etdirən Prezident İlham Əliyev həm neft sektorunun, həm də qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir.

Bu gün respublikamızda müasir çağırışlar nəzərə alınmaqla, qeyri-neft sənayesinin inkişafına göstərilən diqqət və qayğı öz bəhrəsini verir. Sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə çıxmaqdadır.

Prezident İlham Əliyev Azərbaycanın müəyyənləşdirilən müasirləşmə strategiyasına uyğun olaraq, ölkənin sənaye potensialının artırılmasına güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçımızın imzaladığı sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların məntiqi nəticəsi olaraq ölkə üzrə müasir sənayenin inkişafı üçün bütün şərtlər təmin edilib. Ötən dövrdə sənayeləşmə siyasətinə uyğun olaraq ölkə üzrə yerli xammala əsaslanan sənaye müəssisələrinin və ümumi təyinatlı sənaye parklarının fəaliyyətinin müasir səviyyədə qurulması və yeni müəssisələrin, sənaye məhəllələrinin yaradılması istiqamətində tədbirlər həyata keçirilib. Nəticədə bu layihələrin icrası ölkə iqtisadiyyatının inkişafına, modernləşməsinə, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının və ölkənin ixrac qabiliyyətinin daha da genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərib. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət və eyni zamanda, sənayenin inkişafına dair müvafiq proqramlarının icrası sayəsində ölkəmizdə sənaye məhsulu istehsalı bir neçə dəfə artıb. Bu ilin I rübündə Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 milyon manatlıq məhsul satılıb. Sənaye zonalarında istehsal olunmuş məhsullar 55-dən çox ölkəyə ixrac edilib. Ümumilikdə isə indiyədək 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub.

Ötən müddət ərzində ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında mühüm nailiyyətlər əldə olunmuş, onun Ümumi Daxili Məhsulda xüsusi çəkisi üstünlük təşkil etmiş, rəqabətqabiliyyətli və ixrac potensialı yüksək olan məhsulların istehsalı genişlənmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 60302,1 milyon manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz artmışdır. ÜDM istehsalının 43,7 faizi sənaye, 9,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, 17,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil etmişdir.

Prezident İlham Əliyev çıxışlarında daim qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər səsləndirib və onun önəmini vurğulayıb: "Bizim iqtisadi inkişafımız bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir. Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunub. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir".  

Bir sözlə, qeyri-neft sektorunun inkişafı hökumətin diqqət mərkəzindədir. Ölkə Prezidenti İlham Əliyev bu sektorun inkişafı ilə əlaqədar müvafiq tövsiyə və tapşırıqlarını verir. Təsdiq olunmuş proqramlar Azərbaycanın gələcək inkişafında qeyri-neft sektorunun inkişafı üçün münbit şərait yaradır.

Azərbaycanda qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafının təmin olunması istiqamətində həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu sektorun potensial imkanları genişlənib. Yeni istehsal sahələri yaradılıb, idxalı əvəz edən məhsulların yerli istehsalı hesabına qeyri-neft məhsulları ilə təminolunma səviyyəsi yüksəlib, ixrac qabiliyyəti artıb.

Müşfiq MİRZƏ,

"Respublika.