Qış üçün yem tədarükü
Digər xəbərlər

Qış üçün yem tədarükü

Qış aylarında bəzi fermerlər mal-qaraya verilən yem qıtlığından şikayət edirlər. Soyuq aylarda bir kip yoncanın qiyməti bəzən çox baha olur.

Aydındır ki, belə olan təqdirdə heyvandarlıq məhsullarının qiymətində də bahalaşma yaranır. Amma belə hal heç də bütün fermer təsərrüfatlarına şamil edilmir. Planlaşmanı, təsərrüfat quruculuğunu dərindən mənimsəyən fermerlər pay, yaxud icarə torpaqlarının bir hissəsini yem bitkilərinin əkininə ayırırlar. Məsələn, Sabirabad rayonunun Azadkənd kəndində fermer təsərrüfatına rəhbərlik edən Namil Vəlişov yem bitkilərinin əkinində və tədarükündə yaxşı təcrübə qazanmışdır. Fermer təsərrüfatda mal-qara, qoyun-davar, at saxlayır və təsərrüfatı yemlə təmin etməklə yanaşı, satışa keyfiyyətli yonca kipləri də çıxarır. Namil Vəlişov deyib:

- Torpaqda zəhmət hesabına yetişdirilən bütün məhsullar bərəkətli və qiymətlidir, o cümlədən yem bitkiləri. Düzdür, əvəzsiz qida məhsulu olan buğda, arpa əkinini normal qaydada apara bilməyən adamlar var ki, asan becərilən yoncaya üstünlük verirlər. Amma belə deyil, hər hansı bitki aqrotexniki tələblərə uyğun becərilsə, minerallarla yemlənsə, optimal müddətdə suvarma suyu ilə təmin olunsa, yüksək məhsuldarlıq əldə edilə bilər.

Namil Vəlişov yonca bitkisinin əkin qaydalarından danışır:

- Yonca kənd təsərrüfatında geniş yayılmaqla çox məhsuldar yem bitkisidir. Qabaqcıl təsərrüfatların təcrübəsi göstərir ki, il ərzində yoncadan 4-5 çalım aparmaqla hektardan 1000-1500 sentnerədək yaşıl kütlə və ya 200-300 sentner quru ot məhsulu götürmək olar. Yüksək məhsuldarlıq ilə yanaşı, yoncadan həm biçənək kimi istifadə etmək olur, həm də ondan yüksəkkeyfiyyətli quru ot, senaj, ot unu, briket və digər növdə yemlər hazırlanır. Yoncanın zülal tərkibi süddə zülalın miqdarını və süd məhsuldarlığını artırır. Xam selülloza isə həzmi və gövşəmə fəaliyyətini yaxşılaşdırır. Fermer deyir ki, yonca heyvanlar üçün təkcə yem yox, həm də müalicəvi əhəmiyyətlidir. Yonca bitkisinin kənd təsərrüfat əhəmiyyəti olduqca böyükdür. Bu bitki heyvandarlığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması və yem bazasının möhkəmləndirilməsində mühüm rol oynayır. Yonca bitkisinin müsbət təsərrüfat əhəmiyyətindən biri də onun otlaq əhəmiyyətidir.

Namil Vəlişov əlavə edir:

- Paxlalılar fəsiləsinə aid olan bütün bitkilər kimi, yonca bitkisini də ilkin əkildiyi sahəyə 3-4 ildən tez qaytarmaq olmaz. Yoncanı əvvəlki sahəyə vaxtından qabaq qaytardıqda ziyanverici və xəstəliklərin sahədə çoxalması, təzə əkilmiş yonca əkinlərinin torpaq vasitəsilə bu parazitlərə yoluxması nəticəsində məhsuldarlıq aşağı düşür. Yonca üçün ən yaxşı sələflər dənli, tərəvəz və bostan bitkiləri, kartof, qara herik, yem çuğunduru və s. hesab edilir.

Yonca əkini üçün münbit, mexaniki tərkibcə yüngül, azacıq qumsal, boz-qonur, qara, şabalıdı torpaqların seçilməsi daha məqsədəuyğundur. Yonca bitkisinin səpinləri üçün torpaq yay və payız fəsillərində hazırlanmalıdır. Bu məqsədlə sələf bitkiləri sahədən yığılıb qurtaran zaman torpağın tipindən asılı olaraq 25-30 santimetr dərinlikdə əsas şum əməliyyatı aparılmalı, bu iş yaz yonca əkinləri üçün fermer təsərrüfatlarında noyabrın 20-dən gec olmayaraq başa çatdırılmalıdır.

Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmizlənməli, suvarma müddətləri və normaları düzgün müəyyən edilməlidir. Suvarılan bölgələrdə qrunt səviyyəsindən, torpağın nəmliyindən və suvarma üsulundan asılı olaraq 15-25 gündən bir suvarma tədbiri həyata keçirilməlidir. Payız səpinindən sonra yonca sahələrini şaxtalar düşənə qədər 2 dəfə suvarmaq lazımdır. Biz Aran yonca sahələrində növbəti suvarmanı mart ayında aparırıq. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəklənmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri aqrotexniki tələblərə uyğun suvarılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 2 dəfə suvarılarsa, 5 dəfə biçin əməliyyatının aparılması mümkündür.

Hazırda qışa yem tədarükünün qızğın dövrüdür. Təsərrüfat rəhbərləri, fermerlər yonca kiplərini tayalara vurur, yanğın təhlükəsizliyini təmin edir, qışda yarana bilən çətinliklərə indidən hazırlıq görürlər.

Tofiq HÜSEYN,

"Respublika".