QONDARMA ÖLKƏ, ZAVALLI XALQ
Digər xəbərlər

QONDARMA ÖLKƏ, ZAVALLI XALQ

Həmişə qeyri-konstruktiv mövqe tutan, sülh sazişinin imzalanmasından yayınan Ermənistan Qafqazdakı öz forpost statusunu dəfələrlə təsdiqləyib, sıravi erməni əhalisinin maraqlarından çıxış etmədiyini sübut edib. Əslində onların bu mövqeyi heç bir halda başadüşülən deyil. Çünki iqtisadi tənəzzülə uğrayan, əhalisi səfalət içində yaşayan bir ölkənin rəhbərliyi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin onlara yaratdığı imkanları adekvat şəkildə dəyərləndirməkdə acizdir, onlardan istifadə etmək qabiliyyətinin isə olmadığını nümayiş etdirir. Ermənistanın yeganə çıxış yolunun Azərbaycanla sülh müqaviləsi imzalamaq olduğunu artıq sadə ermənilər dərk ediblər. Bu müqavilə nəticəsində Ermənistanın həm Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşacaq, həm də kommunikasiya xətləri açılacaq. Bu isə ölkə iqtisadiyyatına və əhalinin sosial vəziyyətinə ciddi təkan verəcək. Amma buna baxmayaraq, rəsmi İrəvan bu addımlardan boyun qaçıraraq, yenidən forpost ölkə olmaq yolunda inamla addımlayır.

Ümumiyyətlə, Ermənistan ilk gündən türk və islam dünyasına qarşı bir bufer dövləti kimi formalaşdırılıb. Bu törəmə formal şəkildə müstəqil olmasına baxmayaraq, əvvəlcə Rusiyadan, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra isə Qərbdən gələn göstərişlər əsasında idarə olunur. Eyni zamanda, bölgədə gərginliyin qalmasında maraqlı olan güclər Ermənistandan bir alət olaraq istifadə edir. Faktiki, bugünkü Ermənistan artıq bir deyil, bir neçə mərkəzdən, o cümlədən xaricdən idarə olunur. Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlsə də, 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətə uğradıqdan sonra Rusiya faktorunu daha ciddi şəkildə nəzərə almağa başlayıb. Nikol Paşinyan elə düşünür ki, bu, onun ölkəsinə əlavə dividendlər gətirəcək. O, həm Rusiyanın, həm də Qərbin mövqeyini ifadə etməyə məcburdur. Ancaq bunların heç biri Ermənistanı postmüharibə dövrünün reallıqlarını, sülh müqaviləsinin imzalanmasının labüdlüyünü qəbul etmək məsuliyyətindən azad edə bilməz. Bunu dərk edən N.Paşinyan sülh müqaviləsinin imzalanmasını özü istəsə belə, regionda maraqlı olan bir sıra dövlətlərin əlində oynamağa məcburdur.

Mövcudluğu ilə Rusiyaya borclu olan Ermənistan üçün 102-ci hərbi bazanın əhəmiyyəti hamıya yaxşı bəllidir. Bu hərbi baza 1995-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış dövlətlərarası müqaviləyə uyğun olaraq bədnam qonşumuzun Gümrü şəhərində yerləşdirilib. Bazanın şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyi aparır.

Rusiya Federasiyası və Ermənistan 20 avqust 2010-cu ildə bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb. Protokol həm də coğrafi və strateji məsuliyyət sahəsinin genişləndirilməsini təmin edir. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Bu, 44 günlük Vətən müharibəsində Ermənistanın Rusiyanı münaqişəyə cəlb etməsindən ibarət olan yeganə çıxış yolu kimi nəzərdə tutulurdu, lakin İrəvanın bu ideyanı gerçəkləşdirməsi mümkün olmayıb.

Rəsmi olaraq 102-ci hərbi bazanın başlıca vəzifəsi Rusiyanın cənub cinahının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın müdafiəsini təmin etməkdən ibarətdir. Baza strateji çəkindirmə vəzifələrini həyata keçirməklə bərabər, hava hücumundan müdafiə sistemlərinin döyüş növbətçiliyinin yerinə yetirilməsinə və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı regional sərhəd idarəsinin sərhəd dəstələrinə kömək edir. Qərbmeyilli Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldikdən sonra ölkənin xarici siyasət vektorunun Rusiyadan NATO-ya dəyişməsi ilə çoxları bu bazanın statusunun da dəyişəcəyini düşünürdü. Lakin bəzi şəxslər bu prosesi müvəqqəti də olsa ertələyə bildi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra isə Paşinyan Rusiya və onun bazası olmadan nəfəs belə ala bilməyəcəyini anladı.

Ermənistanın rəhbərliyi 102-ci hərbi bazanı həm də Qarabağın işğalının qarantı olaraq görürdü. Bazanın Ermənistanda yerləşməsini Rusiyanın geopolitik ambisiyaları ilə əlaqələndirməkdən boyun qaçıran Ermənistan artıq qeyd etdiyimiz kimi, bazanı münaqişəyə cəlb edə bilmədi. Lakin yenə də bu qondarma ölkə üçün həmin bazanın fəaliyyəti mövcudluq məsələsidir. Ermənistanın əvvəlki səlahiyyətliləri bunu daha yaxşı anlayırdılar və buna görə bazadan istifadəyə görə Rusiyadan kirayə pulu almırdılar, əksinə, bazanın qalması üçün zəruri xərcləri qarşılayırdılar. Yeri gəlmişkən, belə bir praktika yalnız Ermənistana məxsusdur.

Bəllidir ki, ermənilər faşizmə xas olan xüsusiyyətlərinə həmişə sadiq qalmışlar. Bu gün də dağıdıcılıq əməllərindən əl çəkmək niyyətləri yoxdur. 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində törətdikləri siyasi, hərbi, iqtisadi, ekoloji cinayətlərini 44 günlük müharibədə də davam etdirən ermənilər üçün müsbət mənada nəyi isə qavramaq, qəbul etmək anlayışı yaddır. Vətən müharibəsinin davam etdiyi müddətdə Kəlbəcərdən öz xoşları ilə çıxmaları üçün Azərbaycanın müəyyən etdiyi humanitar vaxtda belə çirkin əməllərini davam etdirən, evləri, meşələri yandıran, su mənbələrini zəhərləyən ermənilər mənfur xislətlərini tərgitmirlər. Məsələ bundadır ki, işğalçı ölkədə hakimiyyətə gələnlər kimliyindən asılı olmayaraq hamısı eyni xarakterə malik olan ünsürlərdir. Ona görə də Ermənistanın məğlubiyyətinin məsuliyyəti baş nazir Nikol Paşinyanla bərabər, illərdən bəri "qüdrətli ordu yaradan" sabiqlərə - Robert Koçaryana, Serj Sarkisyana da aiddir. Bununla bərabər, Ermənistanda revanşist qüvvələrin olması bütün region üçün təhdid yaradır. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin formalaşdırılması destruktiv qüvvələrin və onların havadarlarının marağında deyil. Uzun illər ərzində Ermənistandan və bu marionet ölkənin ərazisindən məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilmişdir.

Sülh ümumbəşəri dəyər olduğu üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlar və səngiməyən revanşist cəhdlər beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Yanaşmalarda müşahidə etdiyimiz fərqlər bir daha Azərbaycanın əsl müstəqil dövlət kimi üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalara sadiqliyini təsbit edir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsindən əl çəkmək niyyətində olmaması ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən müstəqil və qüdrətli Azərbaycanla beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında öz seçimini, bəzi dövlətlər istisna olmaqla, artıq çoxdan edib. Ermənistanın marionet ölkə statusu heç vaxt aktuallığını itirməyəcək. Öz sahiblərini dəyişmək istəyində olan, bundan əsla iyrənməyən, sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu hər zaman olduğu kimi təsdiqləyir.

Emin QASIMOV,

"Respublika".