Vaxtilə süni şəkildə yaradılan münaqişə
Tarix

Vaxtilə süni şəkildə yaradılan münaqişə

XX əsrin ən dəhşətli münaqişələrindən biri də Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam etmiş Qarabağ məsələsi olub. 80-ci illərin sonuna yaxın başlamış bu münaqişə yüz minlərlə azərbaycanlının həyatında mənfi təsirlər buraxıb. Soydaşlarımız cani ermənilərin törətdiyi faciələri hələ də unuda bilməyib. Onların təsəllisi torpaqlarımızın işğaldan azad olunması və öz isti ocaqlarına qayıdışdır.

Vaxtilə süni şəkildə ermənilər tərəfindən qaldırılmış Qarabağ problemi artıq öz aktuallığını itirib. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Vətən müharibəsində qazandığımız Qələbə ilə münaqişəyə son qoyuldu. Məhz bu Zəfər Xankəndidəki separatizmin məhvinə zəmin yaratdı. Nəhayət, ötən ilin sentyabr ayında Ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirlərində xunta rejimi süquta uğradı. 23 saat sonra ağ bayraq qaldırmağa məcbur olan erməni silahlı birləşmələri üç il sonra növbəti kapitulyasiyaya razılaşdılar.

44 gün+23 saat ərzində Ermənistan ordusunun darmadağın edilməsi və üç ildə iki dəfə ermənilərin kapitulyasiyası bu xalqın nə qədər qorxaq olduğunu göstərdi. Və bir daha sübut olundu ki, onlar 30 il öncə öz gücləri hesabına deyil, yaranmış geosiyasi vəziyyətə görə Azərbaycan torpaqlarının 20 faizinə yiyələnmişdilər.

İndi dünya Azərbaycanı qalib dövlət kimi tanıyır. Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə Zəfər paradının keçirilməsi və növbədənkənar prezident seçkilərində Xankəndidə səs verməsi "miatsum" kitabının əbədi bağlandığının göstəricisi oldu. Cənab Prezidentin öz deyimi ilə desək, orada verilən səs, o qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyil, erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Qeyd edək ki, dövlət başçımız fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında növbədənkənar prezident seçkilərində Xankəndidə səs verməsini belə izah etmişdi: "Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu".

Prezidentin diqqət çəkdiyi məqamın tarixinə nəzər salsaq, görərik ki, 1988-ci ildən başlayan Qarabağ münaqişəsi, öz başlanğıcını 1828-ci ildə Naxçıvan və İrəvan xanlıqlarının ləğv edilməsi ilə yaranan "Erməni vilayəti" deyilən qondarma qurumun təsis edilməsindən götürüb. Azərbaycana aid olan torpaqlarda ərazisi 9 min kvadrakilometr olan bu vilayət Ermənistan-Azərbaycan münaqişəsinin yaranmasında əsaslı rol oynadı. Daha sonra XX əsrin əvvəllərində Azərbaycan əraziləri hesabına genişlənən indiki Ermənistan dövlətinin digər iddia etdiyi bölgələrdən biri də Qarabağ olmuşdur. Bu da səbəbsiz deyildi. Çünki çar Rusiyası dövründə Cənubi Qafqaza köçürülən ermənilərin bir hissəsi də Qarabağın dağlıq ərazilərində yerləşdirilmişdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması həmin planın tərkib hissəsi idi. 80-ci illərin sonuna yaxın Sovet hakimiyyətinin zəifləməsi və ermənipərəst Qorbaçovun rəhbər seçilməsi Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, terror əməlləri ilə nəticələndi. Və həmin illərdə ulu öndər Heydər Əliyevin də məqsədli şəkildə sovet hakimiyyətindən uzaqlaşdırılması ermənilərin əl-qolunu daha da açdı.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi baş tutdu. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs verdilər. Xatırladaq ki, həmin səsvermədə azərbaycanlı və digər millətlərdən olan deputatlar bu iclasda iştirak etmədilər. Bundan bir gün sonra, yəni fevralın 21-də isə Sov.İKP MK "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxararaq ermənilərin bu əməllərini "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırdı.

Azərbaycana rəhbərlik edən şəxslər bütün bu haqsızlıqlara sussalar da, Qarabağda yaşayan azərbaycanlılar ermənilərin bu oyunları qarşısında sakit dayanmadı. Onlar həm sovet, həm də yerli rəhbərlikdən bu ədalətsizliyə son qoyulmasını tələb edirdilər. Fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə iki azərbaycanlı gənc - Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldu. Bununla da ermənilər növbəti dəfə tək qalmış Azərbaycana qarşı qurduqları ssenari üzərində çirkin oyunlarını həyata keçirməyə başladılar. Həmin ssenarilər məhz Xankəndidə separatçıların yerləşdiyi bu binada yazılırdı. Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet illərində burad xüsusi komitə fəaliyyət göstərir, "böyük Ermənistan" planı quldur erməni rəhbərlər tərəfindən icra olunurdu. Bir zamanlar bu binada azərbaycanlıların qətlinə fərman verənlər, keçən il cinayətkar rejimlərinin məhvinə imza atdılar.

Musa BAĞIRLI,

"Respublika".