Qüdrətli Azərbaycan Ümummilli Liderimizin ideyalarının təcəssümüdür
Digər xəbərlər

Qüdrətli Azərbaycan Ümummilli Liderimizin ideyalarının təcəssümüdür

Tarixə nəzər salanda aydın olur ki, hər bir xalq dövlətə rəhbərlik məsuliyyətini üzərinə götürən qətiyyətli liderinin fitri idarəçilik qabiliyyəti sayəsində bütün çətinlikləri dəf edir və özünəməxsus inkişaf yolunu müəyyənləşdirir. XX əsrdə Azərbaycan xalqının dünya siyasi arenasına bəxş etdiyi qüdrətli şəxsiyyət, xalqımızın xilaskarı və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi on milyonlarla insanın qəlbində yaşayır və ehtiramla yad edilir.

Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli "Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında" Sərəncamına əsasən anadan olmasının 100-cü ildönümünün respublikamızda təntənə ilə qeyd edilməsi Ümummilli Liderin tariximizdəki müstəsna rolunun yüksək səviyyədə dəyərləndirilməsidir. Ulu Öndərin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və milli inkişaf hədəflərinin müəyyənləşməsindəki tarixi xidmətlərini önə çəkən Sərəncamda qeyd edilir ki, Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir.

Ulu Öndər respublikamıza rəhbərlik etdiyi 1969-cu ildən respublikamızın inkişafı və xalqımızın rifah halının durmadan yaxşılaşması üçün müdrik siyasəti sayəsində hazırlanan inkişaf strategiyası icrasının uğurla təməlini qoydu. Milli kadrların hazırlanmasına geniş şərait yaradıldı.

Bir fakta toxunmaq istərdim. 1970-ci illərin əvvəllərinə qədər Azərbaycanda orta ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı olduqca aşağı səviyyədə idi. Lakin Ümummilli Lider hakimiyyətə gələndən sonra qısa müddət ərzində bu problemin həllinə nail oldu və şagirdlərin dərsliklərlə pulsuz təminatı ənənəsinin əsası qoyuldu. Respublika rəhbərliyinin təhsilin inkişafına göstərdiyi xüsusi diqqət yeni orta ümumtəhsil məktəblərinin tikintisində də öz təzahürünü tapırdı. Qısa vaxt ərzində 350 mindən çox şagird yeri olan 849 məktəb inşa edilərək istifadəyə verilmişdi. 1980-ci ildə respublikada ümumtəhsil məktəblərində oxuyan şagirdlərin sayı 710 minə çatmışdı ki, bu da 1970-ci illə müqayisədə təxminən iki dəfə artıq idi. Heydər Əliyevin təşəbbüsü və himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə səbəb olmuşdu.

Ulu Öndərin müdrikcəsinə müəyyənləşdirdiyi neft strategiyasına əsasən 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlanan beynəlxalq sazişin imzalanması Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməlini qoydu. Bununla da "qara qızıl"ın taleyi ilk dəfə olaraq respublikamızın inkişafına və xalqımızın həyat səviyyəsinin durmadan yaxşılaşmasına yönəldildi. Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyasının müsbət bəhrəsini xalqımız görür və bundan sonra da daim hiss edəcək.

Ölkəmizin bütün sahələrində olduğu kimi, siyasi arenada da qazanılan uğurlar Ulu Öndərin adı ilə bağlıdır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi sayəsində təsis edilən və yarandığı gündən xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası bu gün öz ətrafında 765 min nəfərə yaxın üzvü birləşdirməklə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi gücünü durmadan artırır.

Dünya birliyində iqtisadi qüdrətini və rolunu artıran respublikamız Ümummilli Liderimizin ən layiqli siyasi varisi, dövlət başçımızın qətiyyətli rəhbərliyi ilə durmadan inkişaf edir. İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycan hazırda qarşıya qoyduğu böyük hədəflərə doğru inamla addımlayır. Ölkəmizin strateji valyuta ehtiyatlarının həcmi hazırda 56 milyard ABŞ dollarını ötüb və bu göstərici ölkəyə idxalın ən azı 3 il ərzində fasiləsiz maliyyələşdirilməsinə kifayət edir. Məhz bu səbəbdən də tarixin ən qüdrətli Azərbaycanı Ulu Öndərin ideyalarının şanlı təcəssümüdür.

Fəxrəddin QURBANOV,

Zaqatala Rayon Statistika İdarəsinin rəisi.