Azərbaycan-İran  münasibətlərində yeni mərhələ
Siyasət

Azərbaycan-İran  münasibətlərində yeni mərhələ

Müstəqilliyimizi bərpa etdikdən sonra qonşu ölkələrlə münasibətlərin qurulması istiqamətində Azərbaycan böyük səy göstərib, ikitərəfli əlaqələrin yaradılması prosesinə töhfələr verib. İran Azərbaycanın cənub qonşusu və bütün mənalarda ona yaxın olan dövlətdir. Onu da nəzərə alsaq ki, İran əhalisinin böyük bir hissəsini etnik azərbaycanlılar təşkil edir, onda iki ölkə arasında münasibətlərə xüsusi diqqət yetirməyin vacibliyi bir daha aydın görünür.

Bu gün regionumuzun qarşıdurma deyil, əməkdaşlıq məkanına çevrilməsi istiqamətində Azərbaycanın irəli sürdüyü humanist təşəbbüslər dünya dövlətləri tərəfindən alqışlanır, rəsmi Bakının həyata keçirdiyi ədalətli sülh siyasəti onun nüfuzunun daha da artmasına rəvac verir. Azərbaycan bütün qonşuları ilə qarşılıqlı, faydalı əməkdaşlığa üstünlük verir, dünyəvilik prinsiplərinə söykənən siyasi idarəçilik sistemində fərqli quruluşa, rejimə malik olan İranla da əməkdaşlığı diqqət mərkəzində saxlayır.

Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə iki ölkə arasında yaranmış və ya yaradılmış müəyyən soyuqluq sonradan ölkə liderlərinin səyi nəticəsində aradan götürülmüşdü. 2021-ci il noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində hər iki ölkənin dövlət başçısının görüşündə də bəzi məsələlərə aydınlıq gətirilmişdi. İran Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti ilə görüşündə demişdir: "İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır". Prezident İlham Əliyev isə bildirib ki, xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir: "Əminəm ki, bu görüş İran-Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcək".

Qeyd edək ki, son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş reallaşdırılıb. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 milyard dollar həcmində sərmayə qoyulub. Aşqabad görüşü də iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına yeni təkan verə bilər. Bu görüş həm də tərəflər arasında faydalı əməkdaşlıq mühitinin yarandığından xəbər verir.

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş də imzalanıb. İmzalanma mərasimində Prezident İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi iştirak edib. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bu yolla İranın 5 əyalətinin təbii qaza olan ehtiyacı ödəniləcək. Görüşdə İranla Azərbaycan arasında təbii qazın tranzit nəqli ilə bağlı imzalanan sənəd də mühüm əhəmiyyətə malikdir. Bu razılaşma iki dövlət arasında energetika sahəsində əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, görüşdə Azərbaycanla İran arasında Şimal-Cənub nəqliyyat, həmçinin Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalana biləcəyi vurğulanıb. Aşqabad görüşü tərəflər arasında istənilən məsələnin müzakirələr yolu ilə həllinin mümkünlüyünü də bir daha təsdiqlədi.

Bu il yanvarın 25-də isə Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasiminin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib. Azərbaycan Prezidenti Vətən müharibəsindən sonra regional əməkdaşlıq üçün yaranan imkanlardan danışarkən deyib ki, Azərbaycan-İran əlaqələri indi daha geniş vüsət almış, regional əməkdaşlıq üçün 3+3 əməkdaşlıq platforması yaradılmış, bu istiqamətdə artıq birinci görüş keçirilmişdir. Dövlət başçısı daha sonra demişdir: "Əminəm ki, bu görüşlər müntəzəm olaraq keçiriləcək və region ölkələrinin maraqlarını təmin edəcək. Eyni zamanda, əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar".

İranlı nazir Rüstəm Qasimi iki ölkə prezidenti arasında keçirilən görüşün Azərbaycan-İran münasibətlərində yeni bir səhifə açacağına əminliyini bildirərək demişdir: "On üçüncü hökumət, yəni cənab İbrahim Rəisinin prezidentliyi dövründə dövlətimiz bütün qonşu ölkələrlə, xüsusilə də mədəni, tarixi və ictimai bağları daha çox olan Azərbaycan Respublikası dövləti və xalqı ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir". Dövlət başçısı İlham Əliyev bölgədəki mövcud reallıqların əməkdaşlıq üçün yaratdığı imkanlardan danışaraq, xüsusilə nəqliyyat sahəsində imzalanan Anlaşma Memorandumunun önəmini vurğulamışdır. O, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunu dostluq əlaqələrinin təzahürü kimi dəyərləndirmiş, yeni dəhlizin həm nəqliyyat, həm də elektrik enerjisi üçün önəmli bir beynəlxalq dəhliz olacağını demişdir. Vurğulanmışdır ki, Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir qolu olacaq yeni nəqliyyat yolunun işə salınması istiqamətində çox mühüm addımlar atılır və bu, həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində əməkdaşlıq üçün gözəl zəmin yaradacaq.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlamətdar tarix-diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə ünvanladığı təbrik məktubunda Azərbaycan Prezidenti qarşılıqlı, faydalı əməkdaşlığın qurulması istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir: "...Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm".

Qeyd olunmuşdur ki, Azərbaycan və İran arasında nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın həm ölkələrimiz, həm bölgə üçün, həm də beynəlxalq səviyyədə əhəmiyyəti böyükdür.

Qarabağ zəfərindən sonra Cənubi Qafqazın üç ölkəsi, Türkiyə, Rusiya və İrandan ibarət altılıq, yaxud da 3+3 əməkdaşlıq platforması gündəmə gəlib. İqtisadi analitiklərin fikrincə, 3+3 formatı ölkələrinin kəsişmə coğrafiyası - özəyi Cənubi Qafqaz, kənar həlqəsi isə Rusiya, Türkiyə və İrandır. Ölkəmiz Cənubi Qafqazın siyasi, iqtisadi və hərbi cəhətdən lideri olmaqla bu formatın həm özəyində, həm də kənar həlqəsində həlledici mövqeyə malikdir. Azərbaycan Qarabağ konfliktini uğurla həll etməklə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və inkişaf üçün zəmin hazırlayıb və 3+3 formatına əsaslar yaradıb.

Regionda konvensional olaraq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Rusiya-İran, Türkiyə-Rusiya-İran işbirliyi mövcuddur. Bunların fonunda 3+3 formatının yaradılması buraya daxil olan ölkələr üçün çox böyük önəm daşıyır. Regional təhlükəsizliyin strateji maraqları baxımından Azərbaycan, Türkiyə, Rusiya, İran və Gürcüstan gələcəkdə Cənubi Qafqazda ciddi üstünlük əldə edə biləcəklər. 3+3 formatında əməkdaşlıq ölkələrin bir-birinə yaxınlaşmasına imkan yaradacaq. Bu, Azərbaycan-İran münasibətlərinin daha da yaxşılaşmasına təsirsiz qalmayacaq.

Z.ABDULLAYEVA,

"Respublika".