Regionda sülhə təhdid - mina terroru
Siyasət

Regionda sülhə təhdid - mina terroru

Regional sabitliyə əngəl törədən amillərdən biri də mina terrorudur. Mənfur düşmənin uzun illər işğal altında saxladığı ərazilərimiz bu gün dünyanın ən çox mina ilə çirkləndirilmiş bölgələrindən hesab olunur.

Müharibənin bitməsinə və sülh prosesinin irəliləməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyib. Mina xəritələrinin Azərbaycana verilməsi müqabilində bəzi şərtlər irəli sürən xain düşmən unudur ki, beynəlxalq konvensiyaya görə Ermənistan heç bir şərt irəli sürmədən minalanmış ərazilərin xəritələrini Azərbaycana verməlidir. Bunun əksinə, ermənipərəst beynəlxalq qurumlar və Fransa kimi dövlətlər bu reallığı inkar edirlər. Təqdim etdikləri mina xəritələrinin cəmi 25 faizinin doğru olması Ermənistanın humanizm prinsiplərindən nə qədər uzaq olduğunu təsdiq edir.

Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək bütün suallara nöqtə qoysa da, haylar hələ də düşmənçilik mövqeyindən əl çəkmək niyyətində deyil. Əfsuslar olsun ki, işğal dövründə nüfuzlu təşkilatlar Ermənistana qarşı təzyiq mexanizmlərindən istifadə etmədi, haylar beynəlxalq konvensiyalara uyğun olaraq cəzalandırılmadılar. Xatırladaq ki, hələ 1999-cu ildə "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiya qüvvəyə minib. BMT-nin qəbul etdiyi konvensiyaya görə müharibə başa çatdıqdan sonra münaqişə tərəfləri minalardan təmizlənəcək sahələrin xəritələrini təhvil verəcəkləri, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Qəbul edilmiş konvensiya dinc əhalinin təhlükəsizliyi məqsədi daşıyır.

Ermənistan hələ Birinci Qarabağ müharibəsi zamanı ərazilərimizi minalamışdı. Bu gün həmin minalar dinc əhali üçün hələ də böyük təhlükə mənbəyidır. Xatırladaq ki, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərindən sonra verilən məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə milyon yarımdan artıq mina və partlamamış hərbi sursat var. 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından sonra 340-dan çox insan düşmənin qurduğu ölüm tələsinə düşüb. Elə ərazilər var ki, burada bir kvadratmetrdə piyada əleyhinə 6-8 mina aşkar edilmişdir. Bu onu göstərir ki, Ermənistan özü istehsal etdiyi minaları Azərbaycan ərazilərində kütləvi şəkildə basdırmışdır. Beynəlxalq mütəxəssislərin hesablamalarına əsasən Azərbaycana ərazilərin minalardan təmizlənməsi üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

İkili standartların qarşısında öz gücü hesabına 30 illik işğala son qoyan Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi uğurla həyata keçirilir. Bildirək ki, İkinci Qarabağ müharibəsi bitən kimi ANAMA, Müdafiə Nazirliyinin Mühəndis İstehkam Qoşunları, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri minaların təmizlənməsinə cəlb olundu. Bundan başqa, ərazilərin minalardan təmizlənməsi məqsədilə dörd kommersiya qurumu yaradıldı. Uzaq məsafədən idarə olunan robot texnikalar, həmçinin minaaxtaran itlər, siçovullar ölkəyə gətirilirdi. Artıq Azərbaycan ərazilərin minalardan təmizlənməsini həyata keçirən maşınlar istehsal edir. Bununla yanaşı, qadınlardan ibarət minatəmizləmə komandası da yaradılıb. Digər tərəfdən, ərazilərin minalardan təmizlənməsi prosesinə Azərbaycan qardaş Türkiyədən "Memat" mina təmizləmə texnikalarını da cəlb etmişdir. Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsində dünyanın ən müasir avadanlıqlarından istifadə edilir.

Minaların təmizlənməsi həm də Böyük Qayıdış proqramının reallaşması üçün əsas şərtdir. Bunun nəticəsidir ki, azad edilmiş ərazilərdə bu il yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə, 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilmişdir. Ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi zamanı əsas səylərin yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilməsi deyilənləri təsdiq edir. Bununla yanaşı, azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər planauyğun olaraq 2024-cü ildə də davam etdiriləcək.

Beynəlxalq təşkilatların ermənipərəst mövqeyi bu gün regionda mina terroruna qurban gedən dinc insanların sayını hər keçən gün daha da artırır. Cənubi Qafqazda uzunmüddətli sülhün əldə edilməsi üçün həyati əhəmiyyət daşıyan mina xəritələrinin düzgün təhvil verilməsi prosesi tez bir zamanda reallaşmalıdır.

Nurlan ABDALOV,

"Respublika".